AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

    “Naxçıvan” Universitetinin konfrans zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyevin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun, “Naxçıvan” Universitetinin Ümumi tarix və beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyevanın çıxışları dinlənilib.
    Çıxışlarda qeyd olunub ki, Naxçıvan torpağı XX əsrdə Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etmişdir. Adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış Ulu Öndərin Azərbaycan tarixində əvəzedilməz xidmətləri olmuşdur. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri də təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi yaddaşlarda qalıb. Ulu Öndər Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosuna üzv seçilməsi, həmçinin  SSRİ Nazirlər Soveti Sədrinin  birinci müavini təyin edilməsi Azərbaycan oğlunun onun mənsub olduğu xalqın tarixində əhəmiyyətli bir səhifə idi. Çünki dahi rəhbər Heydər Əliyev hakimiyyətin verdiyi bütün imkanlardan  Azərbaycanın inkişafı naminə istifadə edirdi.
   Çıxışlarda Ulu Öndərin həyat və fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü haqqında da ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək onun nicatı uğrunda siyasi mübarizəyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi əbədi həkk edildi.
    Qeyd olunmuşdur ki, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləridir. 
    Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaqdır. 

***

    Babək Rayon Mədəniyyət Sarayında “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Liderinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Konfransda çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, bu il xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən muxtar respublikamızda yüksək səviyyədə qeyd olunur. 

    Diqqətə çatdırılıb ki, bu gün Azərbaycançılıq ideologiyası, dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz Azərbaycanın milli mədəni irsinin qorunmasına, Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinə daim xüsusi diqqət göstərir. Milli birlik və Azərbaycançılıq ideologiyası həm də müasir dövrdə tarixi Qələbəmizi təmin edən faktorlardan biri oldu. Zaman sübut etdi ki, Ümummilli Liderin müəyyənləşdirdiyi bu məfkurənin alternativi yoxdur. Bir zamanlar pərakəndəlik, xaos, özbaşınalıq, hakimiyyət uğrunda gedən dava ucbatından  ermənilər tərəfindən işğal olunan torpaqlarımız məhz milli məfkurədən doğan birlik nəticəsində düşmən tapdağından azad edildi. 44 günlük müharibə dövründə Azərbaycan xalqının bir an belə dayanmadan vahid bir gücə, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək “Dəmir yumruğ”a çevrildiyinin şahidi olduq. Məhz Azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın Qələbə çalmasına yol açdı.
    Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, güclü konseptual ideologiyaya malik Azərbaycançılıq məfkurəsi bundan sonra da xalqımıza və dövlətimizə yeni qələbələr, zəfərlər gətirəcək.
    Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyevanın, AMEA-nın müxbir üzvü, professor, tarix elmləri doktoru Fəxrəddin Səfərlinin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyevin mövzu ilə bağlı çıxışları olub.
    Sonda Ulu Öndərə həsr olunmuş filmə baxılıb.

***

  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ulu Öndərin həyat yolu və dövlətçilik tarixində gördüyü işlərə nəzər salınıb, həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb. 

    Çıxışlarda xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi rəhbər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolundan bəhs olunub. Vurğulanıb ki, Ümummilli Liderin məhkəmə-hüquq sisteminin inkişafında müstəsna xidmətləri vardır, həmin dövrdə hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatlar əhəmiyyətə malikdir.
    Qeyd olunub ki, quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə dünya miqyaslı dövlət xadimi səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətin nəticəsində ölkəmizin bugünkü inkişaf göstəricilərinə nail olunub. Çıxışlarda yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlarla məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapması bildirilib, Ulu Öndərin diqqət və qayğısı sayəsində Azərbaycan ədliyyəsinin formalaşdırıldığı xüsusi vurğulanıb.
    Sonra tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxıb. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.03.2023 22:02