AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
    Heydər Əliyev Muzeyində davam edən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrün Azərbaycan mədəniyyətinin yüksəliş dövrü kimi qiymətləndirildiyini bildirib.
    Vurğulanıb ki, klassik Azərbaycan ədəbiyyatı, incəsənəti məhz dahi rəhbər Heydər Əliyevin dəstəyi, qayğısı, himayədarlığı, gərgin səyləri nəticəsində bütün dünyada tanınıb, xalqımızın milli mədəni irsi sərhədləri aşıb. Görkəmli dövlət xadiminin şəxsi təşəbbüs və böyük səyləri hesabına yaradılmış saraylar, opera, balet, komediya, dram teatrları, xoreoqrafiya məktəbi və onlarla digər mədəniyyət ocaqları qədim ənənələri olan Azərbaycan incəsənətinin palitrasını zənginləşdirib.
    Mədəniyyət naziri çıxışı zamanı Ümummilli Liderin Azərbaycan dilinin, milli teatrın, kinonun, heykəltəraşlıq və rəssamlığın, xalçaçılığın, muzeylərin və kitabxanaların inkişafı sahəsində atdığı addımlardan bəhs edib, ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndərin təşəbbüsü ilə mədəniyyət siyasətinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu, sənətə və sənətkara diqqətin artırıldığını bildirib. Qeyd edib ki, mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində uğurlu addımlar atılıb, bütün sahələrin inkişafına istiqamətlənmiş əsaslı qanunvericilik bazası yaradılıb. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulmuş mədəniyyətimizin himayədarı olmaq missiyası dahi rəhbərin bütün sahələrdə layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla davam etdirilir.
   Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olunub. Bu əlamətdar ildə mədəniyyətimizin böyük himayədarının xatirəsinə hörmət və ehtiram olaraq il ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif tədbirlər keçiriləcək.
    Tədbir çıxışlarla davam edib.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev “Heydər Əliyev və Azərbaycan teatrı”, Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev və muzeylərimiz”, Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Əhmədov “Heydər Əliyev və Azərbaycan musiqisi”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov “Heydər Əliyev və Azərbaycan kinosu” mövzularında ətraflı çıxış edib, dahi rəhbərin mədəniyyətin bütün sahələrinin inkişafı və intibahındakı misilsiz xidmətlərindən danışıblar.
    Sonda tədbir iştirakçıları “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” filmini izləyiblər. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

***

    Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli”  elan edilməsi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva açıb. Bildirilib ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur hissi ilə qeyd etməkdədir. 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, Vətənini və xalqını canından artıq sevən Ulu Öndərin şəxsiyyətinə milli ehtiramın ifadəsidir. 

    Qeyd olunub ki, Azərbaycan xalqını Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşduran dahi rəhbər milli-mənəvi dəyərlər sisteminin formalaşmasına əvəzsiz töhfələr vermiş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etmişdir. 

    Bildirilib ki, məhz Ümummilli Liderin sayəsində milli-mənəvi dəyərlərə laqeyd baxışlar aradan qalxmış, ənənə ilə müasirlik arasında mənəvi-ideoloji körpü yaranmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və mənəvi birliyinə nail olmuşdur. Bu ideologiyanın əsasında dövlətçiliyin, milli mənafeyinin müdafiə edilməsi, milliyyətindən, dini baxışlarından asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının qorunması mühüm yer tutur. 
    İcra Hakimiyyəti başçısının müavini deyib ki, bu gün  dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı müasir Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində genişmiqyaslı fəaliyyəti ilə hər bir kəsin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara nail olmuşdur. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. 
    Tədbirdə tarix üzrə fəlsəfə doktoru Asəf Orucov və filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlunun da çıxışları olub. Qeyd edilib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu bu günədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli-mənəvi irsə sahib olmasıdır. Bu zəngin irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və bu günədək qorunub saxlanılmışdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.
    Tədbirin sonunda “Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı film nümayiş olunub.

 Gülcamal TAHİROVA

***

    Ümummilli Liderin anadan olmasının yüz illiyi münasibətilə Heydər Əliyev Muzeyində “Naxçıvan” Universitetinin Tarix müəllimliyi ixtisasının tələbələri üçün “Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda açıq dərs keçilib.

    Ümumi tarix və beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov dərsdə XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvandakı mürəkkəb ictimai-siyasi hadisələrdən bəhs edib. Bildirib ki, həmin dövrlərdə Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün Ulu Öndərin siyasi təcrübəsinə, diplomatik qabiliyyətinə ehtiyac var idi. Belə ki, onun siyasi fəaliyyəti sayəsində Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli Dövlət Bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olunub. O, bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəməyib.
    Dərsdən sonda tələbələrə dahi şəxsiyyətin zəngin ömür yolunu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barəsində məlumat verilib.

“Naxçıvan” Universitetinin 
mətbuat xidməti

Nəşr edilib : 14.03.2023 18:36