AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müsabiqələrin qaliblərinin təltifetmə mərasimi keçirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əl işləri sərgi-müsabiqəsi”nin yekun tədbiri olub. Naxçıvan Dövlət Rəsm Qalereyasında təşkil olunan tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət mədəniyyət siyasətindən bəhs edib. Vurğulayıb ki, mədəniyyətin bütün sahələrinin inkişafı, onun qorunması, təbliği, gənc nəslin bu ruhda tərbiyələndirilməsi bu gün də dövlət mədəniyyət siyasətinin əsas proritetlərindəndir.
    “Əl işləri sərgi-müsabiqəsi”nin “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan “Tədbirlər Planı”nına əsasən keçirildiyini diqqətə çatdıran Həsən Seyidov əlavə edib ki, Nazirliyin sisteminə daxil olan mədəniyyət sarayları, mədəniyyət evləri və klubların əməkdaşları, bu müəssiələrdə fəaliyyət göstərən dərnək üzvləri arasında təşkil edilən müsabiqənin məqsədi Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şəxsləri üzə çıxarmaq, onların yaradıcılıq potensilını inkişaf etdirmək, aktiv peşəkar sənətə istiqamətləndirmək, yeniyetmə və gənclər arasında maddi və mənəvi dəyərlərimizə məhəbbət hissini aşılamaqdır. İki yaş qrupu üzrə iştirakçıların təmsil olunduğu,  48 müraciət əsasında 68 əl işinin dəyərləndirildiyi sərgi-müsabiqəyə qəbul olunmuş əl işləri hər yaş qrupu üzrə “Ən yaxşı toxuma”, “Ən yaxşı rəsm”, “Ən yaxşı əl işi” nominasiyaları üzrə qiymətləndirilib.
    Sonra təltif etmə mərasimi gerçəkləşib.
    Tədbirdə, həmçinin bu ilin aprel ayında keçirilmiş, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsinin qalibləri də təltif olunub, sonda sərgiyə baxış olub. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin 
mətbuat xidməti

Nəşr edilib : 22.09.2023 15:38