AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbiri giriş sözü ilə nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Respublikasında digər sahələrin inkişafı ilə yanaşı, ekoloji vəziyyət, ətraf mühitin mühafizəsinə də qayğı ilə yanaşıb. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin təşəbbüsü nəticəsində Azərbaycanda yaşıllaşdırma tədbirləri həyata keçirilib, nadir flora və fauna növlərinin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasəti müəyyən edilib. Müstəqillik dövründən sonra bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadəyə xüsusi diqqət göstərilib. Məhz bunun nəticəsidir ki, ekoloji sahədə bir sıra nailiyyətlər əldə olunub. Mövcud ekoloji problemlərin sistemli həllini təmin etmək məqsədilə Ulu Öndərin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli proqramlar təsdiq olunub. Ümummilli Liderin başlatdığı bu strateji xətti onun layiqli davamçısı və siyasi varisi cənab İlham Əliyev uğurla davam etdirir. Ölkədə ətraf mühitə mənfı təsir edən amillərin qarşısının alınması, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə problemlərinin həlli sahəsində konkret vəzifələr qarşıya qoyulub. 
    Xanlar Mustafayev bildirib ki, “Heydər Əliyev İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında 440,1 hektar ərazidə yaşıllaşdırma tədbirlərinin keçirilməsi nəzərdə tutulub. 254 hektar ərazidə yaşıllaşdırma işləri yekunlaşdırılıb. Nazir müavini payız əkin mövsümünə 186,1 hektar ərazidə yaşıllaşdırma işlərinin həyata keçiriləcəyini diqqətə çatdırıb.
    Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli Ulu Öndərin Azərbaycanın inkişafında, dövlətçiliyimizin qurulması və möhkəmlənməsindəki tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan təbiətinin və ekologiyanın qorunmasına xüsusi diqqət yetirib, onun rəhbərliyi ilə bu sahədə möhkəm qanunvericilik bazası yaradılıb.
    Tədbirdə Nazirliyin partiya ərazi təşkilatının sədri İradə İbrahimovanın da çıxışı olub. Diqqətə çatdırılıb ki, hər zaman təbiətə həssaslığı ilə seçilən Ümummilli Lider “Hər bir insan ağac əkməlidir, becərməldir və böyütməlidir” sözlərini ifadə etməklə, bütövlükdə təbiəti qorumağı mühüm vəzifə sayaraq demişdir: “Təbiət Allah tərəfindən yaradılıb və onu qorumaq bizim müqəddəs vəzifəmizdir”. 
    Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 18 sentyabr tarixli Fərmanı ilə Təbiəti Mühafizə Komitəsinin bazasında yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında da məhz həmin vəzifənin ardıcıl şəkildə həyata keçirilməsi dayanır.
    Tədbirin sonunda ekologiya sahəsində mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 18.08.2023 20:06