AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən memarlıq və elektronika sahələri üzrə sərgi keçirilib

Təqdimatdan əvvəl çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan təhsil müəssisələri içərisində saysız layihələr hazırlayıb təqdim edən universitetlərdən biri kimi, elektronika sahəsinin inkişafına daim diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, hər sərgi əvvəlkindən fərqlənərək, daha da təkmilləşir. Universitet bu cür prototipləri hazırlamaq üçün bütün ehtiyacları qarşılamağa hazırdır. Növbəti sərgilərdə qarşıya qoyulmuş əsas məqsəd layihələr üçün irəli sürülmüş ideyaların müəlliflik hüququnun təmin edilməsidir. Bu həmin layihələrin qorunması üçün başlıca şərtdir. Rektor bildirib ki, ideyalar sertifikatlaşdırıldıqdan sonra layihələr əmək bazarına təqdim olunacaq.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov bildirib ki, burada tələbələr özlərinin sərbəst işlərini, kurs işi və layihələrini yerinə yetirmək üçün öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Vurğulanıb ki, tələbələrin startap layihələrini də yerinə yetirmək üçün burada hər bir şərait yaradılıb. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə kurslar təşkil olunur. Sonda isə tələbələr qazandığı bilik və bacarıqlar sayəsində müxtəlif robotik sistemlər hazırlaya biləcəklər ki, bu da gələcəkdə elm və texnikanın müxtəlif sahələrinə öz töhfəsini verəcəkdir.

Sərgidə kompüter mühəndisliyi, informasiya texnologiyaları, ekologiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, energetika və memarlıq ixtisasları üzrə təhsil alan tələbələrin 30-dan çox əl işi nümayiş olunub.

Sonra sərgiyə baxış olub, tələbələr tərəfindən təqdim olunan layihələrdən “Smart kabinet”, “Fövqəladə hallar zamanı nəzarət sistemi”, “Ağıllı avtonom ev”, “Təhlükəsiz avtomobil sistemi”, “Minaaxtaran maşın”, “Dənli bitkilərin qablaşdırılması sistemi”, “Günəş paneli ilə işləyən toxumsəpən maşın”, “Su kəşfiyyat robotu”, “Dijital suvarma sistemi” və digərləri iştiakçıların marağına səbəb olub.

Sərgidə Memarlıq ixtisasının tələbələrinin hazırladıqları müxtəlif binaların eskizləri, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli, çoxmərtəbəli binaların layihəsi nümayiş olunub. Baxış zamanı rektor Elbrus İsayev Memarlıq ixtisasında təhsil alan tələbələrin memarlıq proqramları biliklərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Naxçıvan Dövlət Universitetinin

Media və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 20.12.2023 17:51