AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsert

    Naxçıvan Dövlət Milli Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Sevincin inciləri” qanunçalanlar ansamblının konserti keçirilib. 

    Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kollecinin tələbələrindən ibarət ansamblın bədii rəhbəri Naxçıvan Dövlət Universitetinin müəllimi, Prezident mükafatçısı, I Azərbaycan Respublikası və Amerika Beynəlxalq müsabiqələrinin Qran-Pri mükafatçısı Sevinc Babayevadır. 
    Ansamblı fortepianoda Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, sintezatorda Sadiq Hüseynov, Ziya Fətullayev, zərb alətlərində universitetin İncəsənət fakültəsinin tələbələri Nəcəf Hacılı, Munis Əliyev müşayiət edib. Konsertdə bədii rəhbəri Aytəkin Mustafayeva olan Naxçıvan Musiqi Kollecinin vokal qrupu, rəhbər xoreoqrafı Ramil Bağırov olan kollecin rəqs dueti də iştirak edib.
    Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Liderin yubileyinə layiqli sənət töhfəsi olan konsertdə Cavanşir Quliyevin “Əsgər marşı”, Dadaş Dadaşovun “Skertso”, Anatoli Novikovun “Smuqlyanka”, Süleyman Ələsgərovun “Şalaxo” , B.Mortazavinin “Cippolina”, Y.Imanovanın “Qarabağım güləcək” və bunun kimi bir çox musiqi nömrələri ifa edilməklə musiqi sevərlərə əsl bayram ovqatı bəxş edib.
    Məlumat üçün bildirək ki, “Sevincin inciləri” qanunçalanlar ansamblının bədii rəhbəri Sevinc Babayeva 1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olub. O, 2002-ci ildə Ərtoğrol Cavid adına Uşaq Musiqi, İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin qanun sinfinə qəbul olub. Hələ II sinifdə oxuyarkən, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının uşaq musiqi məktəbləri arasında keçirilən müsabiqədə I yerə və “İlin ən yaxşı ifaçısı” adına layiq görülüb. 2003-cü ildə ilk dəfə 11 yaşında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri ilə dahi bəstəkar Süleyman Ələsgərovun qanun üçün yazdığı “Poema”sını  ifa edərək mütəxəssislərin diqqətini cəlb edib. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Baxış müsabiqəsində “I dərəcəli” diploma, 2005-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 82-ci ildönümünə həsr olunan respublika uşaq musiqi məktəblərinin müsabiqəsində, eləcə də 2006, 2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqələrdə I dərəcəli diplomlara layiq görülüb.
    İstedadlı gənc 2007-ci ildə Naxçıvan Musiqi Kollecinin qanun sinfinə qəbul olub. O, kollecdə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayevanın sinfində dərs alaraq qanun üzrə musiqi təhsilini davam etdirməyə başlayıb. 2008-ci ildə Bakı şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş musiqi kolleci tələbələri arasında keçirilən Gənc İfaçıların I Respublika müsabiqəsində Sevinc Babayeva 721 ifaçı arasından “Qran- Pri” mükafatına layiq görülüb.
    2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində Musiqi tənqidi ixtisası üzrə təhsilini davam etdirib və 2018-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub. 
    2019-cu ildə Bakı şəhərində kerçirilən “Testene Art Baku” III beynəlxalq müsabiqəyə qatılıb və bu müsabiqədə “I dərəcəli diploma” layiq görülüb. Sevinc xanım, eyni zamanda Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq Məktəbində  pedaqoji fəaliyyətlə də məşğul olub. Belə ki, 12 illik pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi onlarla yetirməsi respublikada keçirilən müsabiqələrdə I və II dərəcəli diplomlara layiq görülüblər.   
    2021-ci ildə Amerikada keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı layiqincə təmsil edən Sevinc Babayeva “Fiestolonia American Edition” müsabiqəsinin “Qran-Pri” mükafatına layiq görülüb.
    Sevinc Babayeva, eyni zamanda elmi fəaliyyətlə də məşğuldur, belə ki, o, bir neçə elmi məqalə və M.Babayeva ilə həmmüəlifi olduğu “Rus musiqi ədəbiyyatı” adlı iki dərs vəsaitinin müəllifidir. Mədəniyyət və təhsil sahəsində göstərdiyi xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilən Sevinc Babayeva, 7 may 2021-ci ildə Prezident mükafatına layiq görülüb. Sevinc xanım ifaçılıq fəaliyyəti ilə bərabər, Naxçıvan Dövlət Universitetində pedaqoji fəliyyətini də davam etdirir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun da iştirakı ilə keçirilən rəngarəng proqramla zəngin olan konsert alqışlarla qarşılanıb.

“Şərq qapısı”

 

Nəşr edilib : 01.06.2023 18:45