AZ EN RU

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilib

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində  “Dövlətçilik tariximizdə parlaq səhifə açan dahi şəxsiyyət – Heydər Əliyev” mövzusunda tədbir təşkil olunub.
    Tədbirdə xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının icrası istiqamətində Penitensiar Xidmətdə görülən işlərlə bağlı ətraflı məlumat verib.
   Nazirliyin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Ulu Öndər Heydər Əliyevin hüquq siyasəti” mövzusunda danışıb. Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfovun “Dövlətçilik tariximizdə parlaq səhifə açan dahi şəxsiyyət – Heydər Əliyev” mövzusunda çıxışı dinlənilib.
    Qeyd edilib ki, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.  

***

    Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilərək bildirilmişdir ki, Heydər Əliyev Muzeyi 1999-cu il 18 fevral tarixdə yaradılmış və 1999-cu il may ayının 10-da fəaliyyətə başlamışdır. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında tələbələrə məlumat verilmişdir. Muzeydəki dəyərli ekspozisiyada Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir. 
    Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

***

    Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bilik piramidası” yarışmasının qalibləri mükafatlandırılıb. 23-27 fevral tarixlərdə keçirilən bilik yarışmasının yekun tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirilib, “Ümummilli Lider Heydər Əliyev – 100” adlı videoçarx nümayiş olunub. 
    Tədbiri giriş sözü ilə açan rektor, dosent Elbrus İsayev universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə hazırlanmış müsabiqəni yüksək qiymətləndirib. Bildirilib ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub. Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə Naxçıvan Dövlət Universitetində olub, universitetin inkişafında əvəzsiz rol oynayıb. 
    Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov bildirib ki, layihə Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığının, Azərbaycanın zəngin milli və mənəvi dəyərlərinin, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığının təbliği məqsədini daşıyır.
    “Bilik piramidası” yarışmasının layihə rəhbəri, Fizika ixtisası üzrə III kurs tələbəsi Sədi Zeynalov yarış haqqında iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırılıb ki, layihə ilk mərhələ, yarımfinal və final olmaqla, 3 mərhələdən ibarət olub.
    Qeyd edək ki, muxtar respublika ali təhsil müəssisələrindən, ümumilikdə, 125 nəfərin iştirak etdiyi oyunlarda 25 tələbə yarımfinal mərhələsinə vəsiqə qazanıb.
    Dörd gün davam edən müsabiqənin finalında Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nigar Babayeva I yerin sahibi olub.
    Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Zəhmət Hüseynov II, “Naxçıvan” Universitetinin tələbəsi Həsən Məmmədov isə III yerə layiq görülüb.
    Sonda yarışın qalibləri mükafatlandırılıb, hesabat videoçarxına baxış olub.

***

    Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda keçirilən xüsusi dərsdə institutun prorektoru Çapay Quliyev çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə Azərbaycançılıq ideologiyasının formalaşması, qorunması və təbliğinin həm siyasi, həm də ideoloji əsasını müəyyənləşdirmişdir. Bu ideologiya əsasında formalaşan gənclik dünyanın harasında yaşamasından asılı olmayaraq yalnız bir amal uğrunda Azərbaycan naminə birlik, bərabərlik nümayiş etdirərək səfərbər olur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bu birliyin şahidi olduq.
    Xüsusi dərsdə Humanitar və ictimai fənlər kafedrasının baş müəllimi Qorxmaz Hacızadə “Azərbaycançılıq ideologiyasının tarixi-siyasi mərhələləri və çətinlikləri” mövzusunda çıxış etmişdir.     
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 03.03.2023 19:08