AZ EN RU

“Ümummilli Lider Heydər Əliyev və Naxçıvan 100 il” mövzusunda tədbir keçirilib

Mayın 7-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və Naxçıvan 100 il” münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev və digər dövlət rəsmiləri iştirak edib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən söz açaraq Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıb. Eyni zamanda Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğısını qeyd edərək, Ulu öndərin şah əsəri-müasir müstəqil Azərbaycan dövləti və Azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini vurğulayıb.

Ümummilli Liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərindən söz açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzdan və respublikanın beynəlxalq aləmdə qəbul olunması və tanınması istiqamətində yürütdüyü uğurlu siyasətdən danışıb. Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edib.

Sonra “Ümummilli Lider Heydər Əliyev ideaları ilə inkişaf edən Naxçıvan” adlı film nümayiş etdirilib.

Tədbir bədii hissəsi konsert proqramı ilə davam etdirilib.

Nəşr edilib : 07.05.2024 18:27