AZ EN RU

"Ümummilli Lider Heydər Əliyev və Milli Qurtuluş missiyası" adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı bu gün Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. Tədbirdə YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli və Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin bütün həyatının Azərbaycan xalqının və dövlətinin milli qurtuluş missiyası ilə əhatə olunduğunu bildiriblər. Qeyd olunub ki, bugünkü müstəqil, güclü, qüdrətli, sosial-iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq aləmdə özünməxsus yüksək nüfuza malik, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan Respublikası Ümummilli Liderin arzuladığı və illər əvvəl perspektivdə təsəvvür edib gördüyü ölkədir. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasını həm uğurla həyatiləşdirir, həm də onu yeni siyasi zamanın aktual çağırışlarına uyğun operativ şəkildə zənginləşdirərək əbədiyaşarlığını təmin edir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvü vəsiqəsi təqdim olunub, tədbir iştirakçıları muzeyin eksponatları ilə yaxından tanış olublar.

Nəşr edilib : 13.06.2024 18:11