AZ EN RU

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanlıların soyqırımı və deportasiyasınn tarixi məsələləri” mövzusunda konfrans keçirilib

    “Naxçıvan” Universitetində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanlıların soyqırımı və deportasiyasınn tarixi məsələləri” mövzusunda konfrans keçirilib. Konfrans Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə təşkil olunub.
    Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov 31 mart soyqırımının tarixi, siyasi və ideoloji aspektlərindən danışıb, XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1918-ci ildə erməni daşnaklarının xalqımıza qarşı kütləvi qırğınlar törətdiyinə diqqət çəkib. 
    Qeyd edilib ki, bu dəhşətli soyqırımı aktına yalnız Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
    “Ulu öndər Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası haqqındakı fərmanlarının tarixi-siyasi və hüquqi əhəmiyyəti” məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasəti barədə tədbir iştirakçılarına məlumat verib. 
   Mənfur düşmənin havadarları ilə birgə illərlə davam etdirdiyi işğal, deportasiya və soyqırımı siyasətinə 44 günlük Vətən müharibəsi ilə ağır zərbə vurulub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Qələbəsi nəticəsində tarixi ədalət bərpa olundu və xalqımız “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına qayıdır.
        Daha sonra “Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının dosenti Elçin Zamanov, universitetin Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Gülçin İmanova və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev çıxış edərək ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. 

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 31.03.2023 20:13