AZ EN RU

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda konfrans keçirilib

    AMEA Naxçıvan Bölməsində “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib.
    “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib. Müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasından bəhs edən akademik bildirib ki, ərazi bütövlüyü məsələsi ölkəmizin ən ağrılı və diqqət tələb edən problemlərindən biridir. Ulu Öndərin tariximizdəki mühüm rolundan söz açan bölmə sədri, onun ərazi bütövlüyümüzün qorunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətdən danışıb. Qeyd edib ki, ömrünü xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə həsr edən bacarıqlı lider ərazi bütövlüyü məsələsini daim diqqətdə saxlamış, əzm və qətiyyətlə mübarizə aparmışdır.
    Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycanın sosial-iqtisadi inkişafı”, elmi işçi Nilufər Ağayeva “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Müstəqillik illərində Heydər Əliyevin xarici siyasəti və ölkəmizin ərazi bütövlüyü”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Görkəmli dövlət xadimi Heydər Əliyevin regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü  uğrunda fəaliyyəti” mövzularında məruzə ediblər.
    Məruzələrdə XIX əsrdə tarixi ərazilərimizin Rusiya və İran arasında bölüşdürülməsindən, xüsusilə ötən əsrin 20-ci illərində əzəli Azərbaycan torpaqlarında yaradılan Ararat Respublikası və sonrakı dövrdə xalqın iradəsinə zidd olaraq ermənilərə pay verilən torpaqlarımız barədə məlumat verilib.
    Qeyd olunub ki, uzaqgörən lider Heydər Əliyev məsul vəzifələrdə çalışarkən, eləcə də ölkəmizə rəhbərliyinin hər iki dövründə ərazi bütövlüyü məsələsinə xüsusi həssaslıqla yanaşmış, bu məsələni daim diqqətdə saxlamış, hələ Sovet hakimiyyəti dönəmində ermənilərin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə almışdır.
    Ulu Öndərin ölkəyə rəhbərliyinin birinci dövründə sosial-iqtisadi sahədə qeydə alınan inkişafın əvvəlki dövrlə müqayisəli təhlil edildiyi məruzələrdə diqqətə çatdırılıb ki, bu uğurlu fəaliyyət Ümummilli Liderin Azərbaycana rəhbərliyinin müstəqillik dövründə də davam etmişdir.
    Məruzələrdə, həmçinin Ümummilli Liderin ordu quruculuğu sahəsində apardığı islahatlardan, yüksək peşəkarlığa malik hərbçilərin hazırlanması məqsədilə gördüyü işlərdən və həmin tədbirlərin bugünkü nəticələrindən bəhs olunub. Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyevin qətiyyətli mövqeyi ərazi bütövlüyümüzün qorunması və bərpası ilə bağlı dünya liderləri ilə danışıqlarında, tribunalarda etdiyi çıxışlarında, müxtəlif beynəlxalq təşkilatların gündəliyində əksini tapmışdır. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin dünyaya çatdırdığı Azərbaycan reallıqları, tarixi həqiqətlər bu gün öz bəhrəsini verməkdədir. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 18.07.2023 18:46