AZ EN RU

Ümummilli Lider Heydər Əliyev Naxçıvan arxeologiyasının inkişafında müstəsna rola malik dahi şəxsiyyətdir

    Bəşər tarixinin ən qədim, xüsusən yazıya qədərki tarixinin öyrənilməsində arxeologiya elmi mühüm yer tutur. Qədim maddi mədəniyyət nümunələri əsasında insanların meydana gəlməsi və inkişaf etməsini öyrənən arxeologiya Azərbaycan milli tarix elminin çox mühüm sahəsidir. Naxçıvanda onun formalaşması prosesi XX əsrin 20-ci illərindən sonra başlanmışdır. 

    1969-cu ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrimizin elmi tədqiqi üçün əlverişli şərait yaradılmışdır. Ulu Öndər Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu elmin inkişafı üçün misilsiz işlər görmüşdür. İlk növbədə, 1970-ci ildən başlayaraq azərbaycanlı arxeoloq gənclərin Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mutəxəssis kimi yetişmələri üçün həmin ölkələrdəki aspiranturalara qəbul olunmaları və təcrübə keçmələri prosesinə başlanılıb. 1972-ci ildə Ulu Öndərin şəxsi təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti Naxçıvan Regional Elm Mərkəzinin yaradılması haqqında Qərar qəbul etmişdir. Bu zaman Ümummilli Liderimiz “Bölgənin təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi inkişafını, tarixini, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrini öyrənməyi” Naxçıvan Regional Elm Mərkəzinin əsas fəaliyyət istiqamətləri olduğunu müəyyənləşdiribdir. Bu mərkəzdə fəaliyyət göstərən Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları tərəfindən Naxçıvanın etnoqrafiyası, epiqrafiyası ilə yanaşı, arxeologiya sahəsində də uğurlu elmi tədqiqatlar aparılıbdır.
    1974-cü ildə yerli arxeoloji kadrların olması nəzərə alınaraq elmi-tədqiqat işlərinin Azərbaycanda keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdində Arxeologiya və Etnoqrafiya Sektorunun təşkil olunması ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da arxeologiyanın inkişafına böyük təsir göstərmişdir. 1975-ci ildən başlayaraq Şamaxı, Qəbələ, Şəki, Quba, Gəncə və digər bölgələrdə olduğu kimi, Naxçıvanda da, arxeoloji bazalar təşkil olunmuşdur. 1981-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarı qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi, Naxçıvanda da arxeologiyanın inkişafında mühüm əhəmiyyət daşıyır. Qərardan sonra hər il ardıcıl olaraq respublikamızın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasına da arxeoloji ekspedisiyalar təşkil olunmuş, abidələrimiz öyrənilmişdir. Ümummilli Lider Heydər Əliyevin XX əsrin 70-80-ci illərindəki siyasi hakimiyyəti dövründə Naxçıvan arxeologiyası inkişaf etmiş, arxeoloji tədqiqatların əhatə dairəsi və əhəmiyyəti daha da artmışdır. Bu dövrdə Qazma, Xaraba Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçular təpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır. 
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən başlayan siyasi hakimiyyətinin ikinci dövründə arxeologiyanın inkişafına xüsusi fikir verilmişdir. Ulu Öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 1993-cü il iyulun 8-də xüsusi Qərar qəbul etmişdir. Qərara əsasən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olunaraq Azərbaycanın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da arxeologiya elminin inkişafı üçün əlverişli şərait yaradılmış, bu sahədə daha geniş və beynəlxalq miqyasda tədqiqatlar aparılmışdır. 2001-2002-ci illərdə Ulu Öndərin tövsiyəsi ilə kompleks şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olunmuşdur. 2002-ci il 7 avqust tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncam imzalanmışdır. Ulu Öndər 12 avqust 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədə cıxış edərək Naxçıvanın qədim və zəngin tarixinin öyrənilməsi ilə bağlı bir çox mühüm tapşırıqlar vermişdir. Ümummilli Lider demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür”. 
    Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda arxeologiyanın inkişafında müstəsna yer tutur. Bölmənin nəzdində fəaliyyət göstərən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası, Antik və orta əsrlər arxeologiyası, Arxeoloji xidmət şöbələrində Naxçıvanda arxeologiyanın hərtərəfli inkişafı üçün dövlət tərəfindən hər cür əlverişli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılmış, Naxçıvan Abidələri Ensiklopediyası nəşr olunmuşdur. Eyni zamanda Muxtar Respublikamızdakı Şahtaxtı, Xaraba Gilan, Ovçular təpəsi, Oğlanqala, I Maxta Kültəpəsi, Ərəbyengicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi və digər abidələrdə genişmiqyaslı, sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Aparılan arxeoloji tədqiqatların gedişində Naxçıvandakı arxeoloji abidələrin dünya abidələri arasında özünəməxsus yer tutduğu, bu bölgənin erkən əkinçilik, Kür-Araz, Boyalı qablar, şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olduğu sübut edilmişdir. Hazırda Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə yüksək diqqət və qayğı göstərilir. Naxçıvanın qədim dövr tarixini, maddi və mənəvi mədəniyyətini öyrənmək istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində sistemli tədqiqatlar aparılır. 
    Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamla imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasının bəzi tarixi-memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması kimi zəruri əhəmiyyətli məsələnin də əksini tapması diyarımızın qədim və zəngin tarixinin tədqiqi və təbliği istiqamətində yeni vəzifələr ortaya qoyur. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu da fəaliyyətini bu mühüm vəzifələrin uğurlu icrası istiqamətində quracaq.

Toğrul XƏLİLOV
 tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 20.06.2023 18:58