AZ EN RU

Ümummilli Lider Heydər Əliyev müasir dövlət qulluğu sisteminin banisidir

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi və Dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda tədbir keçirilib. 
    Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov tədbiri giriş sözü ilə açaraq keçirilən görüşün əhəmiyyətindən danışıb.
    Sonra Dövlət İmtahan Mərkəzinin sədr müavini Ümid Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Məhz onun 1993-cü ildə ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi. Ümummilli Liderin rəhbərliyi ilə 2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. 
    Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılır, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılır. Görülən işlərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb, dövlət qulluqçuları qayğı ilə əhatə olunub.
    Sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev və sektor müdiri Zaman Bağırov slayd vasitəsilə tədbir iştirakçılarına “Azərbaycanda müasir dövlət qulluğu sisteminin təşəkkülündə Ulu Öndər Heydər Əliyevin rolu” və “Azərbaycan Respublikasında dövlət qulluğu sistemi” mövzusunda məlumat veriblər. 
    Bildirilib ki, ulu öndərin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyası və 29 dekabr 1998-ci il tarixli Fərman ilə Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatların həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Dövlət Komissiyasına Ümummilli Lider şəxsən rəhbərlik edirdi. Yaradılmış komissiyalar bu istiqamətdə həyata keçirilən işlərin yeni mərhələsinə start verdi. Komissiyaların əsas məqsədi dövlət idarəçiliyində islahatlar aparmaq üçün yeni qanunlar qəbul edərək mükəmməl hüquqi baza yaratmaq idi. 
    Qeyd olunub ki, bu gün Prezident cənab İlham Əliyev dövlət qulluqçularının qarşısında  çox çətin, lakin şərəfli vəzifə qoyulduğunu nəzərə çatdıraraq demişdir: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
    80 tələbənin iştirakçı ilə keçirilən tədbirin sonunda tələbələri maraqlandıran sullar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin
mətbuat xidməti

Nəşr edilib : 31.03.2023 17:02