AZ EN RU

Ümummilli Lider Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir

    Dövlətçilik tariximizin böyük bir mərhələsi birbaşa Ulu Öndərimizin adı ilə bağlıdır. Onun ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan bütün sahələrdə böyük məsafə qət etmiş, yerləşdiyi regionda söz sahibinə çevrilmişdir. 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini qazanmış, siyasi sabitlik təmin edilmiş, dövlət idarəçiliyində demokratik prinsiplərin tətbiqi və hüquqi dövlətin qurulması istiqamətində böyük uğurlara nail olunmuşdur.
    Hüquq sahəsində fundamental islahatların həyata keçirilməsini, demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılmasını təmin etmək üçün Konstitusiya layihəsinin hazır­lanması zərurətə çevrilmişdi. Milli Məclisin 1995-ci il 2 may tarixli qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq olunmuşdu. Konstitusiya komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiyamız qəbul edildi. Referendum ərəfəsində Ulu Öndər Heydər Əliyev demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm”.
    Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazır­lanan Azərbaycanın ilk Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, hüquqi islahatların əsası və normativ bazası rolunu oynamışdı. Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparılması üçün Ümummilli Liderimizin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradıldı. Komissiyanın hərtərəfli və gərgin fəaliyyəti nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” qanunların, hüquq sisteminin mahiyyətini müəyyən edən Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllə və normativ-hüquqi aktların layihələri hazırlanmış və nüfuzlu beynəlxalq qurumların ekspertizasından sonra qəbul edilmişdir.
    Dövlətimizin əsas qanunu qəbul edildikdən sonra 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı və Ulu Öndər Heydər Əliyevin həmin orqanın müstəqilliyini və hakimlərin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya nəzarəti orqanı – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. 
    Konstitusiyamızın müəyyənləşdirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin göstəricisi kimi müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Ümummilli Liderin təşəbbüsü ilə hələ 1997-ci ildə qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul edilmiş, 1998-ci ildə isə məhkəmə islahatlarına dair proqram xarakterli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə Fərman imzalanmışdır. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində 2000-ci ildən etibarən yeni, insan hüquqlarının daha etibarlı müdafiəsinə təminat verən üçpilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır. 
    Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv olduqdan sonra Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuş və Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir. Bununla da milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesi daha da sürətləndirilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar prokurorluq orqanlarını da əhatə etmiş, Konstitusiya ilə prokurorluq orqanları məhkəmə hakimiyyəti sisteminə daxil edilmişdir. 
    “Polis haqqında” Qanun qəbul edilmiş, həmin qanunla polisin səlahiyyətləri, hüquqları və vəzifələri, habelə polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri müəyyən edilmiş, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunmuşdur.
    Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarında da əsaslı islahatlar aparılmış, ədliyyə sisteminin hərtərəfli inkişafı üçün əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-islah işini humanistləşdirmək, insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək məqsədilə penitensiar müəssisələr Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. 
    Ulu Öndər Heydər Əliyev tərəfindən humanist cəza-icra siyasəti həyata keçirilmiş, ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan, bütövlükdə, Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım olmuşdur. 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 3104 məhkuma şamil edilən 32 əfv Fərmanı imzalanmışdır. Habelə Onun qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında                8 qanun qəbul etmiş və 20 mindən çox məhkum azadlığa buraxılmışdır.
    Öz ömrünü xalqına xidmətə həsr etmiş Ulu Öndərin böyüklüyü və həyata keçirdiyi genişmiqyaslı islahatların xarakteri zaman keçdikcə daha da dərindən dərk edilir. Azərbaycan xalqı Heydər Əliyevin irsinə həmişə böyük fəxr və qürur hissi ilə yanaşır. Ümummilli Liderimizin irsinin öyrənilməsi və təbliği qarşımızda duran əsas vəzifələrdən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz Onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax bu yolun təməlində dayanıb”.

İsmayıl QƏRİBLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 
Hüquq siyasəti komitəsinin sədri

Nəşr edilib : 25.12.2023 18:29