AZ EN RU

Ümummilli Lider Heydər Əliyev incəsənətimizin də hamisi idi

Qədim odlar diyarı Azərbaycan torpağı tarixən igidlər, ərənlər məskəni olub. Xüsusi milli dəyərlərə, çoxəsrlik tarixə malik Azərbaycan torpağına Tanrı ötən əsrin əvvəllərində dünyaya Günəş tək doğan Ulu Öndər Heydər Əliyevi ərməğan edib. Tarixin əsrdə bir dəfə yetirdiyi insanlardan olan bu şəxsiyyət həmişə xalqının təəssübünü çəkməklə yanaşı, həm də əsrlərin bizə miras qoyduğu milli adət ənənələrimizi, dəyərlərimizi, mənəvi sərvətlərimizi, dinimizi, bir sözlə Azərbaycançılığımızı qoruyub saxlamağı özünün prioritet vəzifəsinə çevirib. Amalı milli dəyərləri qoruyub saxlamaq olmaqla yanaşı, həm də bu dəyərləri dünyaya tanıdan dahi şəxsiyyət onu göstərdi ki, dünyada fərqli bir millət, onun silinməyən tarixi, milli mədəniyyəti, musiqisi, incəsənəti vardır.

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrlə yanaşı mədəniyyət, incəsənət və musiqinin də inkişafına mütəmadi olaraq diqqət göstərmiş, onu ucalara qaldırmış, dünyaya tanıtmışdır. Hətta Ümummilli Liderimiz rəhbərliyi dövründə əvvəlki dövrlərdə repressiyaya məruz qalmış bəzi söz-sənət sahiblərini yenə də yazıb yaratmağa, inkişaf etməyə dəvət edirdi. Milli musiqimiz də Onun qayğısından öz nəsibini alırdı. İncəsənəti çox sevən dahi şəxsiyyət bu sahənin adamları ilə mütəmadi görüşür, onları dinləyirdi. Muğam, opera və sair musiqi sahələrin dərindən bilən Ulu Öndər bu sahələrini incəliyindən danışaraq tövsiyələrini verirdi. Dünyada elə bir siyasətçi yoxdur ki, o, peşəkar tənqidçi kimi musiqini təhlil etsin. Onun milli musiqimizin qayğısına bu qədər qalması ölkəmizdə musiqi nəzəriyyəsinin inkişafında yeni dövr yaranmasına və nəzəriyyənin fəlsəfi-estetik, həm də musiqişünaslıq baxımından nəzəri əsaslarının inkişafına təkan vermişdir.

Ümummilli Liderimiz xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəxri adlar, orden və medallarla təltif olunması məhz görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu Öndərin xalqı və Vətəni qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunub, incəsənətin, musiqinin dili ilə desək özünün yüksək təcəssümünü tapıb, onun haqqında ölməz sənət əsərləri, simfoniyalar, kantatalar, simfonik poemalar yaranıb.

Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasət hazırda onun davamçısı, Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qayğısı ilə Azərbaycan musiqisi müasir dövrdə daha da inkişaf edərək dünyada daha geniş auditoriyaya yayılır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva musiqi və mədəniyyət sahəsində böyük təşəbbüsləri rallaşdırır. O, milli muğamımızı qorumaqla yanaşı ölkənin paytaxtında Beynəlxalq Muğam Mərkəzi inşa edilməsinin də təşəbbüskarıdır. Bakıda Beynəlxalq Muğam Festifalının keçirilməsi də onun qayğısının əməli ifadəsidir.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın milli musiqisi dünya musiqi mədəniyyətinin dəyərli və unikal bir hissəsinə çevrilib. Müasir dövrün tələbatları və imkanları daxilində Azərbaycanın milli musiqisi daha da geniş yayılaraq dünyada tanınır və sevilir. Bir sözlə, Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi layiqincə yaşadılır və bunun bəhrəsini hər birimiz yaxından hiss edirik. İllər, əsrlər keçəcək Ulu Öndər Heydər Əliyev daim ruhumuza qida olan musiqilərimizdə yaşayacaq. Onun əbədiyaşar xatirəsi əsrlərlə xalqımızın tarixindən, mədəniyyətindən milli folklorundan, musiqisindən silinməyəcək.

Heç şübhə etmirik ki, çağdaş Azərbaycan musqişünasları bütün dövrlərdə olduğu kimi, bundan sonra da öz sıralarını istedadlı gənclər hesabına genişləndirəcək, zəngin musiqi sənətimizin professional səviyyəsini daha da yüksəldəcək, müstəqil respublikamızın adını həmişə ucaldacaqdır.

 

Suqra HÜSEYNOVA

         Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin

Musiqişünaslıq ixtisasının II kurs tələbəsi,

Beyləqan şəhər Niyazi adına UMM-nin müəllimi

Nəşr edilib : 10.05.2024 15:02