AZ EN RU

Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir

    Min illər ərzində tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qalan Azərbaycan xalqı həmin ümumbəşəri dəyərləri öz tarixinin üzvi elementinə və həyat tərzinə çevirmişdir. Tariximizin hansı bir səhifəsini nəzərdən keçirsək, orada çox sayda çeşidli etnosların, fərqli mədəniyyət mənsublarının sarsılmaz bir ailədə, bütöv bir orqanizm kimi, birgə və mehriban yaşamasının şahidi oluruq. Azərbaycan tarixində tolerantlıq və multikulturalizm ideyalarını siyasi müstəviyə və dövlət siyasəti səviyyəsinə Ümummilli Lider Heydər Əliyev çıxarmışdır. Görkəmli dövlət xadiminin Azərbaycana birinci rəhbərliyi (1969-1982) dövrü etnik-milli və mədəni məsələlərə xüsusi diqqət yetirilmiş, dövrün multimədəni dəyərlərinin inkişafında ciddi sıçrayış baş vermişdi.

    1969-cu il iyul ayının 14-də görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməyə başlaması ilə əlaqədar situasiya kardinal şəkildə dəyişdi. Ümummilli Liderimizə etnik-siyasi münasibətlər sisteminin mahir bilicisi kimi məlum idi ki, “Azərbaycan” adlı məmləkəti öz canı və qanı bahasına, onu təmsil edən çoxmillətli bir xalq – Azərbaycan xalqı yaratmışdır. Elə buna görə də, O millətlərin hər birinin bu müqəddəs yurdda, torpaqda haqqı və hüququ olmasını “Azərbaycançılıq” ideyasında birləşdirmək kimi bir missiyanı öz üzərinə götürmüşdü. Dahi rəhbərin həyata keçirdiyi etnik-milli siyasət “üçlü kimlik” prinsipinə əsaslanırdı: 1. Sovet kimliyi (Sovet İttifaqının tərkibində bu vacib və məcburi faktor idi). 2. “Azərbaycan” milli-siyasi kimliyi. 3. Etnik-mədəni kimlik.
    XX əsrin 60-cı illərinin sonu, 80-ci illərinin əvvəllərində Azərbaycanda yaşayan heç bir milli azlıq, etnik qrup və sosial birlik assimilyasiyaya məruz qalmamış və öz adekvat kimliyini qoruyub saxlamışdı. Azərbaycan Sovet İttifaqının tərkibində olarkən yeganə respublika idi ki, burada yəhudi millətindən olan heç bir kəsə qarşı diskriminasiya hadisəsi baş verməmişdi. Bu da Ulu Öndərin möhtəşəm dühasının və siyasi bacarığının bəhrəsi idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdanda həyata keçirdiyi ilk tədbirlərdən birincisi ölkənin etnik-siyasi birliyini təmin etmək üçün davamlı və təsirli tədbirlərin görülməsi oldu. O, “Azərbaycançılıq” ideyasını ən ali milli dəyər elan etdi. Fenomenal düha sahibi olan xalqımızın böyük oğlu bütün sahələr kimi tarixi və etnik siyasət məsələlərini də gözəl bilirdi. O, tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, son dərəcə gərgin olan etnik-siyasi və geosiyasi şəraitdə nəinki multikultural təhlükəsizliyi təmin etdi, hətta etnik siyasətdə yeni bir etalon – “Azərbaycan multikulturalizmi” etalonu formalaşdırdı. 1995-ci ildə şəxsən Onun rəhbərliyi altında hazırlanmış və qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında, ölkə ərazisində yaşayan bütün xalqların, etnik qrupların hüquq və azadlıqları bütöv şəkildə təsbit olundu: “Bərabərlik hüququ”, “Milli mənsubiyyət hüququ”, “Ana dilindən istifadə hüququ”. Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya bəyan etdi. Bununla bağlı dahi şəxsiyyət deyirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”. Görkəmli siyasət xadimi tolerantlıq və multikulturalizm siyasətini ölkənin demokratik inkişafının əsas tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını, o cümlədən etnik-mədəni və dini dəyərlərin qorunmasını demokratiyanın mühüm prinsipi olan “əsas insan hüquq və azadlıqları” kontekstində görürdü. Azərbaycanda və xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ətrafında sıx birliyinin və həmrəyliyinin, “Azərbaycançılıq ideyası” ətrafında səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycanda yaşayan icmaların, cəmiyyətlərin, qrupların və birliklərin səmərəli işinin gücləndirilməsi və əlaqələndirilməsi məqsədilə Ulu Öndər “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncam verdi. Bu sərəncama əsasən 2001-ci il noyabr ayının 9-10-u tarixində Bakı şəhərində, indiki Heydər Əliyev Sarayında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə I qurultay keçirildi. Qəlbində “Azərbaycan” adlı alov yanan hər kəs Ulu Öndərin möhtəşəm tarixi çağırışına səs verdi. Bu hadisə bir daha sübut etdi ki, bütün dünyada yaşayan azərbaycanlıların “Azərbaycan” adlanan bir ana Vətəni var və bu yurd, bu ocaq hamı üçün müqəddəsdir. Dinindən, dilindən milli mənsubiyyətindən asılı olmayaraq, burada bütün azərbaycanlıların bəşəri və ilahi haqqı vardır.
    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın təbii həyat tərzi kimi dəyərləndirən ölkə başçısı bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Məhz bu özəl siyasi xəttin davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2009-cu il tarixdə imzaladığı xüsusi Qanunla ölkəmizin “Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar. 
    Bu sahədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 fevral tarixli 1291 nömrəli sərəncamına əsasən 2006-cı il martın 16-da Bakı şəhərində, Heydər Əliyev Sarayında Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Qurultayın gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir. 2008-ci ildən Bakı Prosesi başlanılmışdır. Respublikamızın paytaxtında keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlığı Təşkilatının nümayəndələri, nazirlər də dəvət olunmuşdu. Bu, dünya miqyasında çox mühüm bir hadisə idi. Çünki ilk dəfə idi ki, həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər birgə humanitar xarakterli beynəlxalq tədbirdə iştirak edirdilər. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun Prezidenti cənab İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi.
    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü” ilə bağlı “Tədbirlər Planı”na əsasən 2011-ci il iyul ayının 5-6-sı tarixdə Bakı şəhərində, Heydər Əliyev Sarayında Dünya Azərbaycanlılarının yeni, III Qurultayı keçirildi. Bu qurultayda çox əvvəllər Azərbaycanda yaşamış, dünyanın müxtəlif ölkələrinin vətəndaşları – rus, yəhudi, ukraynalı, bolqar, axısqa türkü olan insanların iştirakı, onların özlərini azərbaycanlı kimi təqdim və təmsil etmələri xüsusi əhəmiyyət kəsb edir, “Azərbaycan ideyasının” qüdrətini bir daha nümayiş etdirirdi. Azərbaycanın əxlaqi-mədəni, sosial-iqtisadi və siyasi yüksəlişində son dərəcə vacib, xüsusi məqamlardan biri də Prezident cənab İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən etibarən 2011, 2013, 2015-ci illərdə Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumlarda etdiyi çıxışlarında Prezident cənab İlham Əliyev multikulturalizmi “alternativi olmayan mədəni siyasət, gələcək inkişaf üçün ən məqbul variant” kimi dəyərləndirməklə, təkcə Azərbaycanda deyil, bütün dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq diqqətə çatdırmışdır. Prezident cənab İlham Əliyevin 2014-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidməti” təşkil edildi. Müəyyən struktur dəyişikliklərinə məruz qalsa da, bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv cəhətdən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurur və günü-gündən genişləndirir. Prezident cənab İlham Əliyevin multikulturalizm siyasətinin daha effektli şəkildə həyata keçirilməsini təmin etmək istiqamətində atdığı növbəti addım onun 2014-cü ilin 15 may tarixdə imzaladığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman oldu. Mərkəzin yaradılmasında əsas məqsəd ölkədə əsrlərlə formalaşmış tolerantlığın, etnik-mədəni və dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, həmçinin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək idi. 
    Tolerantlığa, yeni multikulturalizm ideyalarına verdiyi mədəni-siyasi dəyərlərin dünya miqyasında real elmi, mədəni və sosial müstəvilərə çıxarılması işində Heydər Əliyev Fondunun və fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Multikulturalizm ideyalarının təbliği və təşviqi ilə bağlı baş tutan bütün yerli, regional və beynəlxalq miqyaslı və xarakterli tədbirlər onun rəhbərliyi və təşəbbüsü ilə reallaşdırılır. 2014-2015-ci tədris ilinin payız semestrindən başlayaraq İtaliya, Rusiya, Bolqarıstan, Belarus, Litva, Çexiya, Gürcüstan və digər ölkələrin tanınmış universitetlərində, həmçinin ölkəmizin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi başlanmışdır. BBMM-in Himayəcilik Şurasının sədri və millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin xüsusi təşəbbüsü ilə reallaşan yay və qış məktəbləri isə xarici ölkə universitetlərinin tələbə və müəllimlərinin semestr boyu Azərbaycan haqqında əldə etdikləri əsas nəzəri biliklərin, ölkəmizi artıq əyani şəkildə görməklə tamamlanması məqsədi daşıyır. 2015-ci tədris ilinin I semestrindən Multikulturalizmə giriş (bakalavriat) və Azərbaycan multikulturalizmi (magistratura) fənləri Azərbaycanın 29 ali məktəbində tədris olunur. Ölkəmizdə yüksək təşəkküllü mədəni mühitə əsaslanan məkanın formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu gün daha yüksək səviyyəyə çatmışdır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və onunla əlaqədar çoxlu sayda mədəni və siyasi xarakterli möhtəşəm tədbirlərin keçirilməsi buna parlaq sübutdur. Bununla bağlı olaraq, 2016-cı il 3-4 iyun tarixlərdə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan xalqının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsinə, ölkədə yeni multikultural münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi işinə çox vacib töhfə oldu. Azərbaycanda birliyin, həmrəyliyin, multikulturalizm ideyalarının inkişafı istiqamətində növbəti möhtəşəm addım Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 2017-ci il 12-22 may tarixlərdə Bakıda 57 müsəlman dövlətindən olan 6000 idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idi. Azərbaycan bu oyunlar vasitəsilə bütün İslam aləminə tolerantlığın, dini dözümlülüyün – ən yüksək təşəkküllü multikultural dəyərlərin real təcəssümünü nümayiş etdirdi. Bu gün cənab Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda multikulturalizm ideyalarının çox yüksək şəviyyədə həyata keçirilməsi istiqamətində möhtəşəm işlər davam edir. 

Toğrul XƏLİLOV 
tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 27.07.2023 18:21