AZ EN RU

Ümummilli Lider Azərbaycançılıq təlimində gender siyasətinin müəllifidir


Ulu öndər Heydər Əlİyеv: Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mənəviyyatımızın inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.

    Azərbaycanda dövlət qadın siyasətinin mahiyyət prinsiplərinin müəyyən edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan qadınının inkişafına, müxtəlif sahələrdə özünü gerçəkləşdirməsinə şərait yaratdı. Görkəmli dövlət xadiminin qətiyyətli addımları nəticəsində qadınların ictimai-siyasi transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması, dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. 
    İlk növbədə, onu qeyd etməliyik ki, Ulu Öndərin memarı olduğu dövlət qadın siyasəti sistemli xarakter daşımaqla, qadınların hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşmasına yönəlmiş kompleks tədbirləri ehtiva edir. Bu tədbirlər Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin optimal tərəqqisi, xalqımızın və dövlətçiliyimizin perspektiv inkişafı haqqında strateji mülahizə və mühakimələrindən irəli gəlirdi. 
    Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın tələbi ilə dövlət rəhbərliyinə qayıdışı sosial vəziyyətindən və cinsiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları, o cümlədən qadınlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. “Azərbaycan qadını” jurnalının o günlərin yaşantılarının, duyğularının canlı şahidliyini saxlayan saylarından birində Ulu Öndərin prezident seçilməsi münasibətilə “Xalqın ümidgahı” sərlövhəli yazı dərc olunmuşdu. Qadınlarımızın xalqımızın böyük oğluna tükənməz güvən və sevgisi məqalədə özünün belə bədii əksini tapmışdı: “İlan mələşən çöllərə səpələnmiş qaçqınlar, balasını itirmiş şəhid anaları əllərini göyə qaldırıb, dua edirlər ki, Allah bu kişini bizə çox görməsin! Bu ağır günümüz üçün onu Tanrı bizə qoruyub saxlamışdır. O, Danko kimi bizi zülmətdən işığa aparacaqdır... Biz yaxşı bilirik ki, bundan sonra da respublikamızın adlı-sanlı işgüzar qadınları mədəni quruculuq işlərinə irəli çəkiləcəkdir”. 
    1990-cı illərin ortalarına doğru ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması qadınlara münasibətdə daha fəal siyasət yürütmək baxımından geniş imkanlar açdı. Dahi rəhbərin həyata keçirdiyi qadın siyasəti bir neçə mühüm istiqaməti ehtiva edirdi. İlk növbədə, o, qadınların hüquqi statusunun təkmilləşdirilməsini, gender bərabərliyinin hüquqi aspektlərinin əməli surətdə təmin olunmasını nəzərdə tuturdu. İkincisi, bu siyasət qadınların sosial durumunun yaxşılaşdırılmasını, onların keyfiyyətli təhsillə təmin olunmasını, cəmiyyətdə ictimai mövqelərinin möhkəmləndirilməsini, sosial hüquqlarının hərtərəfli şəkildə həyata keçirilməsini əsas vəzifə kimi qarşıya qoyurdu. Üçüncüsü, qadınların iqtisadi fəaliyyətlərinin təşviqi üçün kompleks addımlar atılırdı; qadın sahibkarlığının stimullaşdırılması, qadınların xalq təsərrüfatının müxtəlif sahələrində özlərini təsdiq etmələri üçün şəraitin yaradılması bu qəbildən idi. Dördüncüsü, həyata keçirilən tədbirlər qadınların siyasi həyatda daha fəal iştirakını, vətəndaş cəmiyyəti qurumlarının işinə canlı şəkildə qatılmasını dəstəkləməli idi. Beşincisi, aparılan siyasət qadınların mədəni yüksəlişini nəzərdə tuturdu. 
    Azərbaycanda gender siyasətinin hüquqi-normativ bazasının möhkəmləndirilməsində mühüm hadisələrdən biri 2000-ci il martın 6-da Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərmanın imzalanması olmuşdur. 
    Xalqımızın böyük oğlu istər 1917-ci ilədək, istər xalq cümhuriyyəti dönəmində, istərsə də üçüncü respublikanın mövcud olduğu illərdə qadınların ictimai-siyasi fəallığı məsələlərinə, habelə qadın emansipasiyası probleminə daxilən vəhdət təşkil edən proses kimi nəzərdən keçirir. Bu baxımdan Ulu Öndərin ideya-siyasi dünyagörüşünün modernist təməl müddəalarını ehtiva edən bu fərman onun 1974-cü il mayın 14-də “Azərbaycan qadını” jurnalının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi nitqində, habelə hər il 8 mart ərəfəsində Azərbaycan qadınlarına ünvanlanan təbriklərində yer almış əsas tezislərlə səsləşir. Sözügedən dünyagörüşünün gender aspekti aşağıdakı mülahizədə özünün tutumlu ifadəsini tapırdı: “Azərbaycan qadınları XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmişdir. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir”. 
    2000-ci ilin sentyabrında BMT Minilliyin sammitini keçirdi. Sammitin işində 147 dövlət və hökumət başçısı, ümumilikdə isə dünyanın 189 ölkəsinin nümayəndəsi iştirak etmişdi. Yeri gəlmişkən Ümummilli Lider Heydər Əliyev sammitin sentyabrın 7-də olmuş iclasında dərin konseptual məzmunlu çıxışında elə bir dünyanın qurulmasına çağırırdı ki, “orada bütün dövlətlərin mənafeləri nəzərə alınacaq və həqiqətən bərabərhüquqlu tərəfdaşlıq sahmana salınacaqdır”. Sammitdə “Minilliyin bəyannaməsi” qəbul edildi ki, orada yoxsulluqla, xəstəliklərlə, savadsızlıqla, ətraf mühitin vəziyyətinin pisləşməsi və qadınlara qarşı ayrı-seçkiliklə mübarizəyə yönəlmiş bəşəriyyətin qarşısında duran əsas inkişaf məqsədləri göstərilirdi. Bəyannamədə xülasə edilmiş səkkiz inkişaf məqsədindən üçüncüsü qadınların hüquq və imkanlarının genişləndirilməsini nəzərdə tutur və 2015-ci ilədək qadın və kişilər arasında təhsil və digər fərqlərin aradan qaldırılması və dövlət orqanlarında qadınların təmsilçiliyinin artırılması vəzifələrini müəyyənləşdirir. 
    1990-cı illərin sonu – 2000-ci illərin əvvəli istər hüquqi-normativ bazanın modernləşməsi, istərsə də qadın siyasətinin institutlaşması baxımından son dərəcə əlamətdar dövrü təmsil edir. 
    Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması (1998), “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərmanın imzalanması (2000), Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi, müasir demokratik hüquq standartlarına cavab verən məcəllələrin qəbul edilməsi və bu məcəllələrdə qadın hüquqlarının hərtərəfli təminatının verilməsi məhz faktiki bərabərliyin bərqərar olması istiqamətində mühüm addımlar sayıla bilər. 
    Ulu Öndər Heydər Əliyevin gender siyasəti onun layiqli varisi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən davam və inkişaf etdirilir. 
    2006-ci il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu il iyunun 22-də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların və digər qanunvericilik aktlarının qəbulu, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının”, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsi, öz sələfi ilə müqayisədə daha geniş səlahiyyətlərə malik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti məhz yuxarıda sözügedən prinsipin reallaşmasının bariz ifadəsidir. 

Sevinc ABBASOVA 
 tarix elmləri doktoru 

 

Nəşr edilib : 06.03.2023 20:28