AZ EN RU

“Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda III Respublika elmi-praktik konfransı keçirilib

Canlı və onlayn formatda paralel olaraq təşkil olunan konfransda respublikanın müəllim hazırlığı ilə məşğul olan bir sıra ali təhsil müəssiələrində çalışan, pedaqoji tədqiqat aparan alimlər, ümumi təhsilin təşkilatçıları, ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri iştirak edib.

Plenar iclası Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq konfransın əhəmiyyətindən, ölkəmizdə və o cümlədən muxtar respublikada təhsilin bütün sahələrinə göstərilən dövlət qayğısından, müasir tələblərə cavab verən təhsil infrastrukturundan, aparılan təhsil islahatlarından danışıb. Qeyd edib ki, konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə həyata keçirilən davamlı islahatların elmi-nəzəri dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək, islahatların reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etməkdir.

          Azad Novruzov konfransın işinə və yeni əsr təhsil prioritetlərində, gələcəyimizin qurucuları olan gənc nəslin yetişdirilməsi işində bütün təhsil işçilərinə  uğurlar, nailiyyətlər arzu edib.

Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Elxan Nəcəfov muxtar respublikanın 100 illiyinə həsr olunmuş tədbirlərdən və yaşıl dünya haqqında beynəlxalq həmrəylikdən, ümumi təhsilin dövlət standartları üzrə tələblərin muxtar respublikada uğurlu tətbiqindən, həmçinin konfransa təqdim olunan məqalələrin məzmunluluğundan danışıb. Təhsilverənlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında ümumi təhsilin dövlət standartlarının  ən vacib tələblərdən olduğunu diqqətə çatdıran nazir müavini vurğulayıb ki, mütəmadi olaraq ümumtəhsil məktəblərinin müəllimləri Naxçıvan Müəllimlər İnstitunda keçirilən konfranslara cəlb olunur, təcrübə mübadiləsi apararaq ixtisasları üzrə dövrün tələblərinə uyğun qabaqcıl pedoqoji təcrübədən bəhrələnmək bacarığı əldə edirlər.  Bu da ümumi təhsil pilləsində tədrisin yüksəlməsinə, şagirdlərin bilik, bacarıq və vərdiş səviyyəsinin artmasına müsbət təsir göstərir.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya üzrə elmlər doktoru Rauf Sultanov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılov və Naxçıvan Müəllimlər İnstitutunun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini icra edən elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı çıxış edərək bildiriblər ki, ali və ümumtəhsil məktəblərinin müəllimlərinin eyni auditoriyada olmaları, aparılan tədqiqatların təcrübə mübadiləsi etmələri və müəllimlərin gələcək rəqabətqabiliyyətli fəaliyyətlərində olduqca əhəmiyyətlidir. Natiqlər diqqətə çatdırıb ki, istər ali, istərsə də ümumtəhsil müəssələrin qarşısında duran vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsi bu gün hər birimiz üçün mühüm vəzifələrdən biridir.

Plenar iclas başa çatdıqdan sonra, konfrans öz işini 8 paneldə davam etdirib. Konfransda 60-dan çoxu orta ümumtəhsil məktəb müəllimlərinə aid olmaqla, ümumilikdə 110-a yaxın məruzə dinlənilib, maraqlı müzakirələr keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.

        Qeyd edək ki, konfransa təqdim edilən məruzələr və tezislər  “Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda III Respublika elmi-praktik konfransın materialları başlığı altında toplu şəklində nəşr edilərək, ictimaiyyətə əlçatan olacaqdır.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 24.05.2024 18:38