AZ EN RU

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi mayın 14-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirib.

Respublikanın 15 şəhər və rayonunda təşkil olunan imtahanlarda 14328 nəfər iştirak edib. Ümumilikdə imtahanların idarə olunmasına 56 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1340 nəzarətçi-müəllim, 157 buraxılış rejimi əməkdaşı və 56 bina nümayəndəsi ayrılıb.

Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı 3 binada təşkil olunub. 928 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 12 rəhbər, 94 nəzarətçi cəlb edilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

***

Həmin gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib. İmtahanda 1302 namizəd iştirak edib. Onlardan 1002 nəfər Azərbaycan, 300-ü isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 566 nəfəri oğlan, 736-ni isə qız təşkil edib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edib. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanda 79 nəfər iştirak edib.

İmtahan nəticələri yaxın həftələrdə elan olunacaq.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 14.05.2023 15:12