AZ EN RU

Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib

    20 noyabr – Ümumdünya Uşaq Günü ilə bağlı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova bildirib ki, uşaqlar ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı ilə təmin edilir. Muxtar respublikada uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafının təmin edilməsi məqsədilə Dövlət proqramlarının qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Komitənin sədr müavini muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova və mədəniyyət nazirinin müavini Həsən Kərimovun da çıxışları dinlənilib. Məruzəçilər çıxışlarında həyata keçirilən uğurlu dövlət uşaq siyasəti haqqında danışıblar. Bildirilib ki, uşaq hüquqları ilə bağlı qanunvericilik bazası və hüquqi-normativ aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların əsl vətəndaş kimi formalaşmaları üçün ardıcıl tədbirlər görülüb.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-2023-cü tədris ilində təhsil, idman, incəsənət nominasiyaları üzrə fərqlənən 15 uşağa diplomlar təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 21.11.2022 20:24