AZ EN RU

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyətinin Naxçıvana səfəri davam edir

    Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir. Səfərin ikinci günündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində iclas olub, müzakirələr aparılıb. Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra səhiyyə müəssisələri – “Təcili Tibbi Yardım Xidməti”, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi ilə tanışlıq olub. Müəssisələrdə tibbi avadanlıqlara baxış olub, müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsi üçün burada quraşdırılan ən müasir tibbi cihazlar və avadanlıqlar haqqında ətraflı məlumat verilib. 
    Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin fəaliyyəti ilə yaxında tanış olub. Görüş zamanı qonaqlara ali təhsil müəssisəsinin tibb fakültəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə daim dövlət dəstəyi göstərilir. Bu gün tibb fakültəsi üçün ayrıca bina və xəstəxananın mövcudluğu peşəkar kadr hazırlığına öz töhfələrini verməkdədir. 
    Qeyd edilib ki, tibbi kadrların hazırlığı üçün xarici universitetlərlə geniş əlaqələr, təcrübə mübadilələri, fakültənin beynəlxalq layihələrdə iştirakı, müasir laboratoriyalarının qurulması tədris imkanlarını daha da artırır. Tibb fakültəsinin məzunları nəinki Naxçıvanda, hətta onun hüdudlarından kənarda təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafında mühüm rol oynayırlar.
    Məlumat verilib ki, fakültədə tədrisi ingilis dilində “Tibb” ixtisası da bu ildən fəaliyyətə başlayıb. Bundan əlavə Naxçıvan Dövlət Universiteti nəzdində yaxın zamanlarda müasir standartlara cavab verən Tibbi Tədqiqat Klinikası, Tibb fakültəsi, Stomatologiya fakültəsi, Tibb kolleci və bir sıra sosial infrastrukturu özündə cəmləyən yeni tibb kampusunun qurulması xarici dillərdə tibbi kadrların hazırlanması üçün geniş imkanlar yaradacaq və əsaslı baza rolu oynayacaq.
    İngilis dilində “Tibb” ixtisasında təhsil alan tələbələrin ixtisasları üzrə tibbi biliklər əldə etmələri, bu ixtisas üzrə Avropanın müxtəlif universitetləri ilə ikili diplom layihələrini həyata keçirməyə, müxtəlif mübadilə proqramları əsasında müəyyən təhsil dövrlərində xarici ölkələrdə təhsil almalarına geniş imkanlar yaradacaq.
    İngilis dilində tibb təhsili sonrakı təhsil səviyyələrində yüksəkixtisaslı kadr kimi formalaşmaqda Avropa universitetlərində rezidentura və ya uzmanlıq təhsili üçün geniş imkanlar yaradacaq.
    Qonaqlar fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əczaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki laboratoriyaları ilə də tanış olublar.
    Universitetin nəzdindəki Tibb Kolleci ilə tanışlıq zamanı Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova qonaqlara təhsil ocağının fəaliyyəti barədə danışıb. Heyət kollecin şöbə və kabinələrində qurulmuş müasir aparat və cihazlar haqqında, təhsil ocağının fəaliyyəti barədə məlumatlandırılıb. 
    ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı səfərin ikinci günü keçirilən görüş və müzakirələr, Naxçıvan səhiyyəsi barədə təəssüratlarının daha da dərinləşməsi haqqında bildirdi ki, həminki görüş zamanı Ümumdünya Səhiyyə Təşkilatı haqqında naxçıvanlı səhiyyə işçilərinə ətraflı məlumat verilib. Hande Harmancı dedi: “Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının prioritetləri üst-üstə düşür. Nazirliyin gördüyü işlər, eynilə təşkilatın da aparıcı məsələləridir. Bunlara ilkin səhiyyə xidmətləri, ailə sağlamlıq mərkəzlərinin qurulması, ictimai səhiyyə xidmətinin inkişafı, təcili yardım sistemlərinin qurulması aid edilə bilər. Təcili yardım briqadasında təcili yardım maşınlarının olduğu yeri, orada nələr edildiyini gördük, həmçinin xüsusi ekspertlər tərəfindən gələcək planlar barədə məlumatlar verildi. Daha sonra Mərkəzi Respublika Xəstəxanasına gəldik. Xəstəxanada çox insanın olması, buranın işlək bir səhiyyə müəssisəsi olduğunu göstərir. Bölmələri gəzdik və mənə ən çox təsir edən bütün tanış olduğumuz həkimlərin, tibb bacılarının işlərinə necə həvəslə, məsuliyyətlə yanaşdığını görmək oldu. Yuxarı mərtəbədə sinif və auditoriyaların olması da təqdirəlayiqdir. Bu həm də tibb işçilərinin maarifləndirilməsi üçün çox yaxşı addımdır. 
    Çalışacağıq ki, təşkilatın istiqaməti ilə üst-üstə düşən məsələlərdə dəstək olaq. Bu da, öz növbəsində, Naxçıvanla daha sıx əlaqələrin qurulması deməkdir. Naxçıvana gəlmədən öncə Səhiyyə Nazirliyi ilə keçirilən videokonfrans sırasında əsas məsələlərin olmasının vacibliyi ilə yanaşı, planların da uyğun olması barədə danışıqlar aparmışdıq. Qayıtdıqdan sonra da bunun davam edəcəyi və ekspertlərin daha sıx şəkildə buraya gələcəyini ümid edirəm”.

Gülcamal TAHİROVA

Nəşr edilib : 29.08.2023 16:01