AZ EN RU

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri muxtar respublikada səfərdədir

    Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfərin əsas məqsədi muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq, o cümlədən bu sahədə köməkçi texnologiyaların tətbiqi imkanlarının qiymətləndirilməsindən ibarətdir.
    Səfərin ilk günü nümayəndələrlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib. Görüşdə nazir Nicat Babayev qonaqları salamlayaraq muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, bu məqsədlə onlara müvafiq sosial xidmətlər göstərilir. Bu qəbildən olan insanların təhsili, məşğulluğu və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi önəm verilir, həyatın bütün sahələrində sərbəst və maneəsiz fəaliyyət imkanları təmin edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə sağlamlıqlarını qismən itirmiş şəxslərə mənzillər və avtomobillər təqdim olunur. Vurğulanıb ki, bu şəxslərin muxtar respublikanın sosial-ictimai həyatına fəal inteqrasiyasını təmin edən müxtəlif Dövlət proqramları qəbul olunur, tədbirlər təşkil edilir. Əlamətdar günlərdə onlarla görüşlər keçirilir, yaradıcılıq müsabiqələri, hazırladıqları məhsullar üçün sərgi-satışlar təşkil olunur. Bu sahədə ictimai fəaliyyətin artırılması üçün isə könüllülük proqramlarının imkanlarından geniş istifadə olunur.

    Görüşün ardından qonaqların Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi ilə tanışlığı təşkil olunub. Məlumat verilib ki, 2019-cu ildən fəaliyyət göstərən mərkəzdə sağlamlıq imkanları məhdud şəxslərə xidmət ambulator şəkildə həyata keçirilir. Burada yuxarı və aşağı ətraf protezləri, müxtəlif  növdə ortezlər, skolioz, lordoz və kifoz xəstələri üçün korsetlər və digər ortopedik vasitələr hazırlanır. 

    Bildirilib ki, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin 8 ayında 205 nəfər sağlamlıq imkanları məhdud şəxsə protez-ortopedik xidməti göstərilib. Protez-ortopedik xidməti göstərilənlərdən 61 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub. Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslər üçün isə vaxtaşırı səyyar xidmətlər də təşkil edilir. Bu il evlərində sağlamlıq imkanları məhdud 9 nəfərə 15 ədəd texniki reabilitasiya vasitələri verilib, sağlamlıq imkanları məhdud uşaqların  protezinə səyyar baxış keçirilib.

       Naxçıvan Tibb Kolleci ilə tanışlıq zamanı buradakı mövcud infrastruktur, maddi-texniki baza və tədris haqqında ətraflı məlumat verilib.
       Növbəti gün Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları əvvəlcə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində olublar. Universitetin rektoru Elbrus İsayev bildirib ki, 20 ildən artıq təcrübəsi olan fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bu gün Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur. Vurğulanıb ki, fakültənin məzunları, Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafına öz töhfələrini verirlər.
    Nümayəndə heyəti fakültənin müasir maddi-texniki baza ilə təchiz olunan kitabxanası, histologiya, anatomiya, kompüter otağı, kabinə və laboratoriyaları ilə tanış olublar. Nümayəndələri maraqlandıran əsas  məqam universitetdə Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə kadr hazırlığı və tədris prosesində bu sahəyə nə dərəcədə yanaşıldığı olub. Qonaqlara Naxçıvan Dövlət Universitetinin xəstəxanasında yeni açılan Fizioterapiya mərkəzi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, universitetdə Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə rezident hazırlığı da həyata keçirilir.
    Ali təhsil ocağından sonra qonaqlar Naxçıvan Uşaq Bərpa Mərkəzində olublar. Diqqətə çatdırılıb ki, 15 ilə yaxındır, fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzində ən son tibbi-texniki vasitələrlə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası həyata keçirilir. Stasionar və ambulator şəraitdə müalicə aparılan mərkəzdə, müasir standartlara cavab verən müvafiq tibbi avadanlıqlardan istifadə olunur. Mərkəzdə bu il 44 stasionar, 186 nəfər isə ambulator olmaqla, ümumilikdə, 230 nəfər müalicə kursu qəbul edib. 
    Daha sonra xarici nümayəndələr Naxçıvan Əlillərin Bərpa Mərkəzinə baş çəkiblər. Məlumat verilib ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə 2004-cü ilin may ayından fəaliyyət göstərən Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan şəxslərin müalicə və müayinəsi üçün hərtərəfli şərait mövcuddur. Mərkəzdə bu ilin 8 ayı ərzində 109 nəfər stasionar, 106 nəfər isə ambulator olmaqla, ümumilikdə, 215 nəfər sağlamlıq imkanları məhdud şəxs müalicə kursu qəbul edib. Qonaqlar hər iki mərkəzə cari ilin əvvəlində təqdim edilmiş yeni tibbi avadanlıqlara da baxış keçirib, yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
    Bərpa mərkəzləri ilə tanışlıqdan sonra Avropa ofisinin nümayəndələri Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində olublar. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il oktyabrın 5-də muxtar respublikaya səfəri zamanı açılışında iştirak etdiyi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi müasir texnologiyalarla təchiz olunub və müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün distant dərslər keçilir. Distant tədrisə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları evlər müvafiq kompüter avadanlıqları və internetlə təchiz edilir, həmçinin bu şagirdlər məktəbli geyim dəsti və dərs ləvazimatları ilə təmin olunurlar. Bu məqsədlə qarşıdan gələn tədris ili ərəfəsində 600-dək sosial qayğıya ehtiyacı olan şagird, o cümlədən sağlamlıq imkanları məhdud uşaq müvafiq vəsaitlərlə təmin ediləcəkdir. 
    Qeyd olunub ki, hazırda mərkəzdə müxtəlif defektoloji bölmələr, psixoloji dəstək xidməti, hiperaktivlik və diqqət dağınıqlığı olanlar üçün təlim-bərpa otağı, əmək terapiyası, musiqi terapiyası, kinekt oyunlar otağı mövcuddur. Bununla yanaşı, mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya fəaliyyət göstərir. Həmçinin burada görmə və eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidməti də mövcuddur. Azərbaycan Respublikasında ilk dəfə olaraq yaradılan bu xidmət vasitəsilə muxtar respublikanın istənilən bölgəsində yaşayan görmə qabiliyyəti məhdud şəxslər arzuladıqları audiokitabları dinləmək imkanına malikdirlər. Mərkəzdə brayl əlifbası ilə “Könül işığı” adlı aylıq və onun xüsusi buraxılışı olan  uşaqlar üçün çap edilən rüblük “Şəfəq” jurnalları və digər belə nəşrlər qonaqların diqqətini çəkib. 
    Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxs ilə tanışlıq zamanı səhiyyə naziri Niyazi Novruzov ilk olaraq qonaqları akademik Zərifə Əliyevaya aid yaradılmış muzey ilə tanış edib. fizioterapiya və laboratoriya şöbələri, həmçinin sahə həkimi və tibb bacılarının kabinələri ilə tanışlıq zamanı buradakı müasir səhiyyə xidməti barədə ətraflı məlumat verilib.
    Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Naftalanla müalicə fizioterapiya və reabilitasiya, poliklinika, laboratoriya və qəbul şöbələri ilə tanışlıq zamanı Naftalanla müalicənin xüsusiyyətləri və unikallığı Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşlarında maraq doğurub, fizioterapiya və reabilitasiyaya aid digər kabinələrdəki şərait qonaqların diqqətini çəkib. 
    Sonra çay süfrəsi ətrafında səmimi söhbət olub, qonaqları maraqlandıran digər suallar cavablandırılıb. 
    Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələrinin səfəri davam edir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.09.2022 22:03