AZ EN RU

Ümumdünya Şahmat Olimpiadasının rəsmi nümayəndələri ümummilli liderimizin abidəsini ziyarət ediblər - FOTOLAR

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak etmək üçün muxtar respublikaya gələn rəsmi nümayəndələr ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.
Daha sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılıb, 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Bu muzey ümummilli liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan muzeylərdən fərqli cəhəti ondadır ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı bir diyarda yaradılmaqla yanaşı, həm də dahi şəxsiyyətin haqqında çox zəngin və nadir materialların- eksponatların kifayət qədər olmasıdır.  Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat toplanıb.   
Qeyd olunub ki, muzey ümummilli liderimizin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Xüsusilə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti – Ali Məclisin Sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar vasitəsilə yüksək keyfiyyətdə nümayiş etdirilir. Əksəriyyəti ilk dəfə olaraq bu muzeydə nümayiş olunan sənədlər, materiallar yorulmaq bilməyən görkəmli şəxsiyyətin, böyük azərbaycanlının həyat salnaməsini – uşaqlıq və gənclik, təhsil aldığı illərdən, rəhbər vəzifələrdə çalışdığı dövrdə gördüyü çoxcəhətli şərəfli və mürəkkəb vəzifələrin yerinə yetirilməsindən bəhs edir.
Vurğulanıb ki, 2023-cü ildə 100 illik yubileyini möhtəşəm şəkildə, böyük təntənə ilə qeyd edəcəyimiz ulu öndər ölkəmizdə idmanın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirib. Bu islahatların uğurla davam etdirilməsinin nəticəsində idmanın müxtəlif növləri kütləvi xarakter alıb, Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası mötəbər idman yarışlarına ev sahibliyi edir. 
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Xəbərlər şöbəsi

 

Nəşr edilib : 03.10.2022 00:50