AZ EN RU

Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd edilib

    Dünən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə tədbir keçirilmişdir. 
    Tədbirdə mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazaların möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin fəaliyyətinə şərait yaratmışdır.  Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Kitab xalqın mədəniyyətinin mənəvi daşıyıcısıdır”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Kitab bəşər mədəniyyətinin ən böyük kəşfidir” mövzularında çıxış etmişlər.
    Sonda çap məhsullarından ibarət sərgiyə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.04.2022 19:36