AZ EN RU

Ümumdünya Diabet Günü ilə bağlı “ASAN xidmət” Mərkəzində vətəndaşlar arasında könüllü səyyar tibbi müayinələr keçirilib

Ümumdünya Diabet Gününün keçirilməsilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr “Ümumdünya Diabet Günü” kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Diabet Günündə “Asan xidmət” Mərkəzində vətəndaşlar arasında könüllü səyyar tibbi müayinələr keçirilib. Burada vətəndaşlara ödənişsiz xidmətlər göstərilib. Aksiyada iştirak edən həkimlərdən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva bildirdi ki, bu aksiyanın keçirilməsinin əsas məqsədi ictimaiyyəti şəkərli diabet xəstəliyi ilə tanış etmək, şəkərli diabet xəstəliyinin əlamətləri, simptomları və ağırlaşmaları barədə məlumat verməkdir. Hazırda iki saat keçməsinə baxmayaraq, 300 nəfərdən artıq insan müayinədən keçib. İnsanların əksəriyyətində müayinə əsnasında şəkərli diabet aşkarlandı və müalicə üçün onları xəstəxanaya dəvət etdik. Yüksək risk qrupuna aid olan insanları qeydiyyata aldıq və təlimatlandırdıq.

          Digər müsahibimiz layihəyə dəstək təşkilatçısı Ülviyyə Orucova dedi ki, bu layihə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və iştirakı ilə baş tutur. Nazirliyin layihəyə qoşulması, həqiqətən, çox gözəldir. Şəkərli diabetin erkən aşkarlanması çox vacibdir. Düşünürəm ki, bu aksiyaları davam etdirməliyik. Çünki bu xalqa xidmət deməkdir. Bu aksiyanı keçirdiyi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə təşəkkürümü bildirirəm.

          Burada müayinədən keçirilən xəstələrə yaxınlaşdıq. Diabet xəstəsi olan  Arzu Yaşar dedi ki, 29 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Aysel həkimin sayəsində diabet xəstəliyim sabit saxlanılır. Bəlkə də, 29 il şəkərli diabetlə yaşamaq hər insana nəsib olmur. Digər müsahibimiz  Rəsmiyyə Abdullayeva isə bildirdi ki, bugünkü müayinə nəticəsində aşkarlandı ki, məndə bu xəstəliyə meyillilik var. Müayinədən əvvəl belə bir xəstəliyimin olduğundan xəbərdar deyildim. Vətəndaşlara göstərilən bu xidmətlərə görə “Asan xidmət” Mərkəzinin əməkdaşlarına və səhiyyə işçilərinə minnətdaram.

          Rafiq TƏHMƏZOV,  Səkinə BAĞIROVA

           Naxçıvan Dövlət Universitetinin Jurnalistika

 üzrə II və IV kurs tələbələri 

Nəşr edilib : 14.11.2023 17:31