AZ EN RU

Ümmanlartək coşub-çağlamaq arzulu Qanun Ümman yaradıcılığı

    Onunla ilk tanışlığımız nə az, nə çox düz 7 il bundan əvvələ təsadüf edib. Həmin illərdə o, indi olduğu kimi öz işində canla-başla çalışan gənc müəllim, mən isə doğma dilimizin, ədəbiyyatımızın sirlərini ondan öyrənməyə çalışan şagird idim. İlk tanışlıqdan müsahiblərinin daxili dünyasında müsbət təəssürat yaradan, şagirdlərinə elmin və helmin sirlərini öyrətməyi, Vətəni sevib-sevdirməyi, yaratmağı, yaşatmağı özünə borc hesab edən ustad müəllim həm də yurdunu, ona isti qucaq, doğma ocaq olan elini, obasını məharətlə tərənnüm edən istedadlı şairdir. Bir-birindən maraqlı şeirləri, qəlbinin hərarəti, gözlərinin nuru ilə ərsəyə gətirdiyi poemaları, qəzəlləri onun ömür kitabı haqqında danışır oxucularına... Doğulub boya-başa çatdığı məmləkətin dəyanətindən dərs alan, yurdunun zəhmətsevər insanları arasında kamala çatan gənc şairin ömür kitabını vərəqləyirəm… Bu ömür kitabı Qahab dağlarının uca zirvələrindən ilhamlanıb, qələm dostlarının məhəbbətindən, şagirdlərin uğurlarından, əlləri zərif, çöhrələri nurlu doğmaların, əzizlərin sədaqətindən ruhlanıb. Şair, pedaqoq Qanun Ümmanı deyirəm... 

Safdır, müqəddəsdir müəllim ömrü…

Qanun Ümman (Məmmədov) 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının sevilib-seçilən guşələrindən biri olan Qahab kəndində, öz halal ruzisi ilə çörəyini qazanan kəndin zəhmətkeş sakinləri Bayram kişi və Gülnaz xanımın ailəsində dünyaya gəlib. Ailənin tək oğlan övladı olan Qanun Ümman ilk təhsilini Zeynəddin kənd tam orta məktəbində alır. Şagirdlik illərindən doğma dilinə, ədəbiyyatına olan sevgisi, daim araşdırmaq, təhlil etmək həvəsi, şeirə, sözə olan dərin marağı ayrırdı onu bir çox həmyaşıdlarından. Qəlbində şölələnən bu ülvi həvəsi onun gələcək karyerasına, peşə yoluna da sirayət edir, savadlı, peşəkar müəllim olmağı qarşısına məqsəd qoyaraq “Naxçıvan” Universitetinə sənəd verir, imtahanlardan müvəffəqiyyətlə keçərək Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olur. Tələbəlik illərindən yazdığı kiçikhəcimli şeirlərinin ilkin oxucuları da məhz müəllimləri, qrup yoldaşları, daha dəqiq desək, gələcək qələm dostları olur. Ali təhsil aldığı müddətdə doğma kəndində nümunəvi dərslər təşkil edir. Dövrün yaratdığı maddi və mənəvi çətinliklərə baxmayaraq, öz gənc müəllimlik istedadını elm öyrənmək yolunda çalışan şagirdlərinə həsr edir. Qazandığı yüksək akademik göstəricilərə görə fərqlənmə diplomuna layiq görülür. İlk müəllimlik karyerasına isə Qahab kənd tam orta məktəbindən başlayır. Burada pedaqoji fəaliyyətə həsr edilən 5 ilin ardınca Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli məktəbdə müəllim kimi işini davam etdirir. “Ümman” təxəllüsü ilə Vətən və məhəbbət mövzularında qələm təcrübəsini göstərən gənc müəllimin “Gözəlliklər diyarısan, Naxçıvan” adlı ilk şeiri 2005-ci ildə “Şərq qapısı” qəzetində işıq üzü görür. Şeirləri müxtəlif vaxtlarda “Dostluq töhfəsi” almanaxında, “Şərqin səhəri”, “Nuh yurdu”, “Müəllim sözü”, “Zəfər qalası”, “Vedibasar”, “Yurd” qəzeti və digər mərkəzi mətbuat orqanlarında, jurnallarda çap olunub. Ömrünün gənclik illərindən səylə çalışan, bir neçə şeirinə mahnılar bəstələnən, ədəbiyyatımızın inkişafına öz töhfəsini verən gənc şair bir çox fəxri mükafatların, diplomların, nominasiyaların sahibi olmaqla bərabər həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-cü ildə ölkə rəhbərinin diqqəti ilə Prezident mükafatına, 2018-ci ildə isə “Qızıl qələm” laureatına layiq görülən şair bir-birindən maraqlı mövzuların yer aldığı, əsasən, sevgi, məhəbbət, Vətən mövzularında yazdığı 4 şeir kitabının da müəllifidir. 

İnsanlıq ən böyük sözə çevrilər…

İlk dəfə 2010-cu ildə çapdan çıxan “Ruhumdan qələmimə”, ardınca “Mənim duyğu dənizim” adlı şeir kitabları ilə oxucularının görüşünə gələn şairin ədəbi arenası böyük məzmun və mənanı əhatə edir. Yaxın günlərdə “İnsan olmaq” və “Ömrün gül ətri” şeir kitablarının nəşri ilə oxucularını sevindirən Qanun Ümman yaradıcılığı, həmçinin oxucuya aşıladığı əxlaqi-etik dəyərləri ilə də seçilir. 

500 tirajla, nəfis tərtibatla nəşr edilən “İnsan olmaq” kitabında yer alan şeir nümunələrindən aydın olur ki, şair ədalətli dünyanı, doğruluq və düzgünlüyü insanlığın meyarında görür, daha dəqiq desək, insan olmağı yaradılışın hədəfi kimi qiymətləndirir. O düşünür ki, insan öz daxili dünyasını dinləməklə, bir çox nöqsanlardan azad olar, özündən xəbərdar olmaqla bərabər həm də kamillik zirvəsinə çatar. “Ey insan, ən böyük kəşfin özünsən, taparsan özünü qəlbinə yensən”, – deməklə şair bu fikirləri bir daha oxucusuna çatdırır. Ümman yaradıcılığını digər ədəbi nümunələrdən fərqləndirən bir xüsusiyyət də məhz şeirlərində böyük yer verdiyi nəsihətçilikdir, yəni bu gün ədəbiyyatımızda çox az şairin şeirlərində, yaradıcılıq nümunələrində istifadə etdiyi didaktik ədəbiyyat nümunəsidir. Şairin əxlaqi dəyərlərin, nəsihətamiz fikirlərin üstünlük təşkil etdiyi şeirləri insanı düşünməyə sövq edir. Kitabda daha çox “Həyati” başlıqlı bölmədə yer alan bu şeirlər bir-birindən fərqli mövzularla oxucuda maraq oyadır: 

    Vətən odu yanırsa, çırpınan ürəyində,
    Bulaq saflığı varsa, arzunda, diləyində,
    Daşıya bilirsənsə, yurd yükün kürəyində,
    Əlinin izi varsa, Allahın ətəyində,
    Deməli, yaşayırsan!

    Kitabın “Vətən” başlıqlı bölməsində şairin doğma yurduna həsr etdiyi şeirlər cəm olub. Ədəbi yaradıcılıq nümunələrinin hər birini oxuyub təhlil etdikcə əsrlərin, qərinələrin şahidi olan Vətənimizin qısa tarixi vərəqlənir insanın gözündə, oxucu sanki şairin daxili aləmi ilə duyur Vətən sevgisin, torpaq sevgisin. Ümman poeziyası ilə tanış olarkən anlayırsan ki, Vətən başdan-başa Təbrizli, Dərbəndli, Zəngəzurlu, Göyçəli, Qarabağlı, o taylı, bu taylı birdir, birgədir, bütövdür, tamdır. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, milli pafos şairin bədii duyumunda geniş mərhələni təşkil edir. Şeirlərin bir çoxunda vətəndaşlıq pafosu misradan-misraya, bənddən-bəndə pərvazlanır, həm tərənnüm, həm də milli obrazlılığı əhatə edir. Oxucu şeirlərlə tanış olarkən anlayır ki, Vətəni sevmək, Vətən qədər bir əmanətə sahib çıxmaq qəlbində “Vətən daşı” olan hər bir kəsin qeyrət borcu, namus borcudur:

    Yurd bütöv bir vücud, el uca bir dağ
    Dağılar hərənin öz dağı olsa,
    Hikmət zirvəsindən baxar, boylanar
    Şairin qəlbində söz dağı olsa.

    Vətənə həsr edilən şeirlər içərisində şairin bir zamanlar tələbəsi olmuş Vətən müharibəsinin şəhidi, baş leytenant Abbasəli İsmayılova həsr etdiyi “Şəhidim” başlıqlı şeiri oxucunun diqqətindən yayınmır:

    Durub qarşısında ata, ananın
    Bu anım günündə baş əyir Vətən!
    Cisminlə Vətənə baş əydin, igid!
    Ruhun önündə baş əyir Vətən!

    Şair kitabın “Məhəbbət” başlıqlı bölməsində irfan əxlaqının eşq ərkanatına nişan verən ülvi məhəbbətə və eşqin dərinlik və zənginliyində əriyib itmənin, yox olub mənəviyyatca ilahi nura qovuşmanın hicran duyğularını tərənnüm işığına tutur. Saf və təmiz eşqin insanı necə ali məqamlara çıxara biləcəyini, təmənnasız məhəbbətin yurda sevgidən, Vətənə sədaqətdən ruhlandığını ədəbi dilin qüdrəti ilə nəzmə çəkir. Şairin vəsf etdiyi pak sevgi oxucu qəlbində elə bir iz qoyur ki, biranlıq şeirdə yer alan həsrətə, ayrılığa, hicran dünyasına qonaq olursan: 

    Mələklər həmdəmin, dostun, sirdaşın,
    Kəsdi bağrım için qılınctək qaşın,
    Yerişin, duruşun, hər davranışın,
    Yollara saldığın izin də gözəl. 

    Aşiqin daxili hisslərindən, duyğularından, özünəməxsus daxili şıltaqlığından, təsvirə gəlməyən ehtiraslı fədakarlığından söz açan şeirlərin hər biri xoş nəğmə kimi yaddaşlarda təsir buraxır. 

Ruhu eşq, məhəbbət olan şair...

Qanun Ümmanın müəllifi olduğu bir digər şeir kitabı isə şairin uzun illərdir, məhəbbət mövzusunda qələmə aldığı şeirlərinin cəm olduğu “Ömrün gül ətri” kitabıdır. 200 tirajla və nəfis tərtibatla nəşr edilən kitabda daha çox məhəbbət mövzularına böyük önəm verilib. Müəllif saf, təmənnasız sevgini insan həyatındakı mühüm amil kimi qəbul edir, məhəbbəti ömrün gül ətri adlandırır. Təmiz, saf məhəbbətə həsr edilmiş şeirlərdə şairin lirik qəhrəmanı vüsal və hicranın doğurduğu hisslərlə yaşayır; gah gözü yol çəkir, gah gecələr həsrətin odunda yanır, gah da İlahidən Günəşi, yəni həqiqi məhəbbəti tez göndərməsini xahiş edir, xoşbəxtliyə can atır. Müəllifin qəlbində duyduğu bu eşq “İlahi, Günəşi tez göndərginən” şeirində özünü büruzə verir:

    Ruhum qanadlanır diləyim kimi, 
    Bir mələk varmıdır mələyim kimi?
    Şam da hey əriyir ürəyim kimi,
      İlahi, Günəşi tez göndərginən!

    Sevdiyinin daxili dünyası, qəlbinin, mənəviyyatının ülvi paklığı sevgi şeirlərinə ayrıca yön verir. Şairin vəsf etdiyi gözəl zahiri gözəlliyindən daha çox ruhundakı nuru ilə aşiqə özünü sevdirir, ona yaşamaq həvəsi verir. Müəllifin “Gözləri bir aləm” şeirində bu duyğular aydın şəkildə hiss olunur: 

      Bir gözəl tanıdım həyatda ancaq,
      Varlığı bir aləm, özü bir aləm.
      O gözəl ömrünü edib çilçıraq,
      Günəşə nur verən üzü bir aləm. 

    Özümə hər zaman ustad müəllim hesab etdiyim şair, pedaqoq Qanun Ümmanın çoxşaxəli yaradıcılıq manerası dilinin saflığı, mövzu zənginliyi, ədəbi-bədii ruhunun dərinliyi ilə sevilir. Təbii istedadı, intellekti, şair fəhmi, çoxşaxəli yaradıcılığı ilə seçilən Ümman yaradıcılığı yalnız parlaq ədəbiyyat faktı deyil, həm də kulturoloji hadisədir. Yazımızda haqqında danışdığmız hər iki şeir kitabında ümumbəşəri mövzulara toxunan və Azərbaycan poeziyasında fərqli bir cığır açaraq öz üslubunu yaratmış, şeirilərinin hər birində insanı mənəvi paklığa, birliyə, bərabərliyə səsləyən Qanun Ümman poeziyası aqil insana yaradıcı ruhundan başqa heç bir kənar iradəyə boyun əyməməyi, bu yolda mətinlik, mübarizlik, əyilməzlik göstərməyi arzulayır. Bu səbəbdən də şairin özü də, sözü də, yaradıcılığı da fərqli və dəyərli missiya daşıyır. Biz də dəyərli qələm dostumuza daha böyük yaradıcılıq nailiyyətləri arzu edirik. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 21.12.2022 20:18