AZ EN RU

Ümidlər ölməz!

    “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Biz bu müqəddəs kəlmənin mahiyyətini 44 günlük şanlı Vətən müharibəsində ön cəbhədə vuruşan, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan qeyrətli Vətən oğullarının timsalında bir daha dərk etdik. II Qarabağ müharibəsində qazanılan ən şərəfli və qürurverici Zəfərimizi şəhidlərimizə borcluyuq. Onların həyatı, ömür yolu gələcək nəsillər üçün böyük məktəbdir. Həyat yolu örnək olan qəhrəmanlarımızdan biri də şəhidlik adlı ali zirvəni fəth edən, dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Azərbaycan Silahlı Qüvvələrinin giziri Ümid Bahadur oğlu Novruzludur.
    1992-ci il iyunun 7-də Babək rayonunun Babək qəsəbəsində anadan olan igidimiz ilk təhsilini  1 nömrəli tam orta məktəbdə almış, 2009-cu ildə məzun olmuşdu. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətə başlamışdı. Xidmət etdiyi müddət ərzində komandirlərinin verdiyi tapşırıqları nöqsansız yerinə yetirdiyinə və hərbi intizam nümayiş etdirdiyinə görə təltif olunmuşdu. 
    2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi digər qəhrəman oğullarımız kimi, Ümidin də qəlbindəki Qarabağ həsrətinin sona çatacağı ümidlərini alovlandırmışdı. Elə bu ümidlə də o, canından əziz bildiyi Vətəninin dar günündə onun imdadına çatdı. İkinci Qarabağ müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə son damla qanınadək savaşdı. O, Şuşanın alınmasında döyüş yoldaşları ilə birgə qəhrəmanlıq, şücaət nümayiş etdirdi, noyabrın 5-də şəhadətə qovuşdu. Şəhidimiz Naxçıvan Muxtar Respublikasında izdihamla qarşılandı, doğulduğu ata ocağına gətirilərək ehtiramla Babək şəhər qəbiristanlığında torpağa tapşırıldı. Şəhidimiz iki övladını – Bahadur və Nilayı Vətənə əmanət qoyub. 
    Şəhidimizin həyat yoldaşı Gülay xanımla söhbətimiz zamanı dedi ki, Ümid yaxşı ailə başçısı, yaxşı oğul və ata idi: – Ümid haqqında saatlarla, günlərlə, aylarla danışsam, kəlmələr yetməz. Onsuz çətindir. Tək təsəllimiz odur ki, torpağımız azaddır, bayrağımız yüksəklərdədir. Müharibəyə getməmişdən bir gün əvvəl Ümid uşaqları şəhərə apardı, gəzdirdi, gözəl bir gün yaşadıq. Bu onunla birgə keçirəcəyimiz son gün imiş. Ümid oktyabrın 24-ü müharibəyə gedəcəyini dedi. Narahatlıq keçirdim, dedim ki, biz sənsiz nə edərik? Mənə sözü o oldu ki, narahat olma, dağ kimi gedib, dağ kimi qayıdacağam, mənə heç nə olmayacaq. Şuşada bayrağı özüm sancacağam, tarix yazacağam. Həqiqətən də, dediyi kimi etdi. Tarix yazdı. Adını qızıl hərflərlə tarixə yazdı. 
    Gülay xanım qeyd etdi ki, dövlətin onlara göstərdiyi qayğı danılmazdır: – Bu üç il ərzində biz bu qayğını, sevgini görmüşük. Bir adamın qapımızdan girib bizi, şəhid uşaqlarını yad etməsi böyük təsəllidir, bizim üçün dünyadır. 2021-ci ildə Silahlı Qüvvələr Günündə bizə ev təqdim olundu. Dövlətimizə hər şey üçün minnətdarıq. 
    Çox qürurluyuq ki, xalqımızın Ümid kimi qəhrəman, mübariz, vətənpərvər, qeyrətli oğulları vardır. Ruhun şad olsun, Vətənin igid oğlu! 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 07.01.2024 21:54