AZ EN RU

Ümid körpüsü – 32 il

Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra siyasi, iqtisadi, hərbi, mədəni sahələr üzrə çox mühüm qərarlar qəbul etmişdir. Diqqət çəkən qərarlardan biri də 32 il bundan əvvəl təməli qoyulmuş körpü tikintisi ilə bağlı idi. Körpü Sədərəkdə Araz çayı üzərindən Naxçıvanla Türkiyəni birləşdirəcəkdi. Əvvəllər Türkiyə ilə Naxçıvan arasında quru sərhədi olmamışdır.

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Naxçıvan Ermənistan tərəfindən blokadaya alınmağa başlanmışdı. Naxçıvanda çətin sosial-iqtisadi vəziyyət hökm sürürdü. İstehsal müəssisələri fəaliyyətlərini dayandırmışdı, işsizlik, ərzaq qıtlığı hiss olunurdu. Buna görə də körpü Naxçıvan üçün həyati əhəmiyyət daşıyırdı. Körpünün adının “Ümid” qoyulması da təsadüfi deyildi. Çünki bu körpü taleyin hökmünə buraxılmış Naxçıvanın gələcəyi üçün əsl ümid işığı idi. Digər tərəfdən də körpünün inşasını istəməyən qüvvələr də var idi. Onlar imperiyanın yerli əlaltıları, son aylarını burada yaşayan sovet ordusunun qoşun hissələri idi. Bu vaxta qədər onlar Naxçıvanda bir çox təxribatlar törətsələr də, onların qarşısı tərəfimizdən qətiyyətlə alınmış, rus hərbiçiləri ifşa olunmuşdular. Digər tərəfdən də Sədərəkdə, Şahbuz, Babək rayonlarının sərhəd kəndlərində döyüşlər gedirdi. Bu səbəbdən Ulu Öndər Heydər Əliyev körpünün təhlükəsizliyini Naxçıvan Dövlət Müdafiə Komitəsinə həvalə etmişdi. Körpünün tikintisinə şəxsən Ümummilli Liderimiz özü nəzarət edirdi. Körpünün inşası 1992-ci ilin 28 mayına qədər tamamlanmalı idi. Açılışa Türkiyənin Baş naziri Süleyman Dəmirəl də gələcəkdi.

Bu vaxtadək isə Naxçıvanda bütün təxribatların qarşısı alınmış, imperiyanın silahlı qüvvələri böyük qalmaqaldan ehtiyat edərək körpüyə qarşı təxribatı Ermənistan tərəfindən həyata keçirməyi qərara almışdılar. Görüşlərdə də onların Türkiyəyə qarşı antipatiyaları açıq-aydın hiss olunurdu. Ulu Öndər Heydər Əliyevin ehtimalı özünü doğruldurdu. Təxribatçı-diversant qrupun cəbhə xəttini keçməsi onların peşəkarlığından xəbər verirdi. Körpüyə qədər rahat yaxınlaşmaları marşurutun kimlər tərəfindən onlara verilməsi, düşmənlərimizin işbirliyi açıq nəzərə çarpırdı. Onlar həmişəki kimi birlikdə idi. Əllərində çox güclü partladıcı maddələrlə yaxalanan qrup üzvləri rus və erməni millətindən idilər. Əməliyyat çox uğurlu keçmişdi və yeni istifadəyə veriləcək körpünün partladılmasının qarşısı peşəkarlıqla alınmışdır.

Alman faşizminə qarşı İkinci dünya müharibəsində hər bir azərbaycanlı ailəsindən bir neçə nəfər cəbhəyə gedib, qəhrəmanlıqla döyüşmüş, bir çoxu geri qayıtmamışdır. Onların əksəriyyəti Rusiyanın böyük şəhərləri uğrunda döyüşlərdə şəhid olmuşdular. İndi isə ruslar bizə xəyanət edirdilər. Onlar ermənilərə hər cür köməklik göstərirdilər.

Ertəsi gün təxribatçı-diversant qrupdan xəbər çıxmayınca ermənilər daha da azğınlaşdılar. Mütəmadi olaraq cəbhə boyu hücuma keçdilər. Onlara da məlum idi ki, körpünün mayın 28-də açılışı olacaq. Açılışa 10 gün qalmış ermənilər bir neçə istiqamətdən Sədərəyə güclü hücumlar etdilər. Ümumiyyətlə, 1992-ci ilin may ayı Naxçıvanda döyüşlərin şiddətli getdiyi dövr kimi tarixə düşdü. Naxçıvanın müdafiəçiləri qəhrəmanlıq göstərərək, şəhidlər verərək bir qarış torpağı düşmənə vermədilər. Düşmənlərimiz çox səylər göstərməsinə baxmayaraq korpünün inşasına mane ola bilmədilər. 28 mayda körpünün izdihamlı açılışı oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dəvəti ilə Süleyman Dəmirəl Naxçıvana gəldi. Dünya mətbuatı bu görüşü geniş işıqlandırdı. Artıq Naxçıvan tək deyildi. Heydər Əliyev ağır yaralıları müalicə üçün Türkiyəyə göndərdi. Türkiyədən Naxçıvana yardımlar gəlməyə başladı, böhranlı günlər geridə qaldı...

Bu gün “Ümid” körpüsü Türk dünyası üçün həyati əhəmiyyət daşıyır. Çox yaxın zamanda bu körpüdən keçən yollar Asiyanı Türkiyə və Avropa ilə birləşdirəcək. Türk dövlətləri bu yollardan istifadə edərək siyasi, iqtisadi, hərbi və digər sahələrdə güclənərək dünyada sülhün, barışın təminatçısına çevriləcək.

Urfullah QURBANOV

Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi,

Naxçıvan Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi

Nəşr edilib : 28.05.2024 00:15