AZ EN RU

Ülvi xəyallar aləmindən boylanan əbədiyaşar həqiqət

    Ulu Öndər Heydər Əlİyеv: ...Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. ...Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.

    Azərbaycan xalqının dünya ictimai fikir və mədəniyyət tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlər arasında böyük romantik şair, dramaturq Hüseyn Cavidin adı xüsusi yer tutur. Bəşəri dəyərlərə verdiyi əhəmiyyətə, ali ideallara dönmədən göstərdiyi sədaqətə və xidmətə görə bu görkəmli Azərbaycan şairi və dramaturqun yaradıcılığı ədəbiyyat tarixində ön sıralardan birini tutmaqdadır. 

    Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən biri və bayraqdarı kimi şöhrət qazanan Hüseyn Cavid çoxcəhətli və zəngin yaradıcılığa malik olmuşdur. Yaradıcılığına lirik şeirlə başlayan və “Gülçin”, “Salik” imzaları ilə şeirlər yazan Cavid ədəbiyyat tarixində gözəl şair olaraq tanınır. Onun, həmçinin böyük istedadla yazılmış zəngin dram əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Böyük dramaturq kimi şöhrətlənən Hüseyn Cavid “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” və başqa dram əsərləri, “Azər” poeması ilə böyük humanist ideallar şairi olaraq özünü təsdiq etmişdir. “Yadi-mazi”, “Get”, “Könlümü”, “Hər yer səfalı, nəşəli” qəzəlləri, “Xuraman-xuraman” kimi şeirlər Hüseyn Cavidin ədəbi şəxsiyyəti və sənət idealını səciyyələndirmək üçün mühüm əhəmiyyət daşıyır. “Mənim Tanrım” şeiri isə görkəmli ədibin sənət və yaradıcılıq manifesti kimi çıxış edir:

    Həzz etmədim firqədən, cəmiyyətdən,
    Zövq alamam hərbdən, siyasətdən,
    Bir şey duymam fəlsəfədən, hikmətdən,
    Mənim Tanrım gözəllikdir, sevgidir.

    “Sevgi xoşdur, sonu fəryad olsa da”, “Sevgisiz bir başda əqrəblər gəzər” kimi misraları şairin sənət kredosunu özündə ifadə edir. 

Böyük ideallar şairi

Hər bir əsərində böyük humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görürdü. “Məhəbbətdir ən böyük din” fikri Hüseyn Cavidin yaradıcılıq şüarı və sənət proqramı idi. “Din bir olsaydı, yer üzündə əgər, Daha məsud olurdu cinsi-bəşər” misrası ilə bu görkəmli Azərbaycan şairi bütün cəmiyyətlərin, ümumən, bəşəriyyətin xoşbəxt və firavan yaşayışı üçün hər cür ayrı-seçkiliyi ləğv edən böyük humanist ideya irəli sürürdü. Şair “Mənim Tanrım gözəllikdir, sevgidir” idealını irəli sürərək sevgini ictimai yaşayış tərzi və əxlaqı kimi bütün bəşəriyyətin, insanlığın xilası, nicatı olaraq müəyyənləşdirirdi. Buna görə də bu böyük söz ustadının hər sətri və misrası başdan-başa humanizm və məhəbbət ideyasından yoğrulmuşdu. 
    Özünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığı üçün həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik şüarlarının əyani ifadəsidir. O, mənsub olduğu xalqının gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, özü də həm şair, həm də görkəmli pedaqoq, müəllim kimi bu ideallara yorulmadan xidmət göstərirdi. Böyük pedaqoq-şair H.Cavid: “O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir, Demə, insan o nadanə ki, bir heyvani-natiqdir”, – deyə elmi, mərifəti insanlığın meyarı hesab edərək xalqını, millətini maarifə, elmə səsləyirdi. H.Cavid, həmçinin “diqqət nəzəri ilə baxanda əcnəbilər “balon vasitəsilə neçə günlük məsafəni bir saat ərzində, elmi-sənaət təhsili qüvvəsilə teyy etməyə qadir olurlar”, – deyərək müsəlmanların cəhalət, fanatizm, gerilik içərisində qalmağını ürəkağrısı ilə ifadə edirdi. Millətpərvər şair milli dil məsələsində də dövrün görkəmli ziyalılarının fikir və mübarizələrinə qoşulurdu. “Əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə Vətən dili olan türk dilini ...öyrənmək”, – deyə millətpərvər şair ana dilini öyrənməyi zəruri hesab edir və onun mücadiləsinə qoşulurdu. Təsadüfi deyildi ki, ana dilinə bu qədər məhəbbətlə bağlanan və əsərlərində Azərbaycan dili xüsusi ağırlıq təşkil edən böyük hünərvər şairin bədii yaradıcılıq dili ortaq türkcənin ən ideal nümunəsi hesab edilirdi. 
    Hüseyn Cavid sovet dövründə quru, boş, hay-küylü sosializm şüar və yaradıcılıq pafosundan kənar, özünəməxsus, inandığı ideal və ideyalar işığında ədəbi fəaliyyət göstərirdi. Onun “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” pyesləri, “Azər” poeması məhz bu dövrün məhsulu olsa da, bu əsərlərdə sosializm şüarlarından fərqli olaraq ictimai həqiqət olan sülhə, humanizmə, ədalətə inam və çağırışlar yer tuturdu. Dövrünün yalançı ideoloji kampaniyasına uymayan Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq qaldı. Repressiyanın növbəti qurbanlarından biri olsa da, Hüseyn Cavid öz yaradıcılıq idealı ilə ədəbiyyat və əbədiyyət üfüqlərində bir Günəş olaraq parladı. Onun əsərləri bu gün üçün də öz müasirliyini qorumaqda, əhəmiyyətini saxlamaqdadır.  

Dahidən dahiyə rəğbət

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi vermişdir. Ümummilli Liderimiz Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğulayaraq demişdir: “Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri xüsusi yer tutmalıdır. ...Çünki onun hər bir əsərində bir dünya var və bu barədə bizim müəllimlərimizin üzərinə çox böyük vəzifə düşür”. Məhz bu böyük şəxsiyyətin xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid davamlı dövlət qayğısı ilə əhatə olundu. 24 oktyabrın “Cavid Poeziya Günü” kimi qeyd edilməsi bu böyük sənətkara olan ehtiramın bariz ifadəsi idi. Ulu Öndərimizin böyük qayğıkeşliklə həyata keçirdiyi misilsiz xidmətlər içərisində Azərbaycan xalqının dahi övladı, böyük şair-dramaturq Hüseyn Cavidin əsl bəraət hüququ alması, nəşinin Uzaq Sibirdən doğma Vətəni Naxçıvana gətirilməsi, ev-muzeyinin yaradılması, türbəsinin ucaldılması, əsərlərinin çoxsaylı tirajlarla çapı və təkrar-təkrar nəşr edilməsi, təbliği və sair xüsusi əhəmiyyətlə qeyd edilməlidir. 37-ci illərin repressiya qurbanı olmuş Hüseyn Cavidə göstərilən bu qayğı vətənpərvər bir övladın böyük fədakarlıqla xalqına və millətinə göstərdiyi əvəzsiz bir xidmət nümunəsi idi. Görkəmli ədibin dövlət səviyyəsində yubileylərinin qeyd olunması, müxtəlif elmi, ədəbi-bədii tədbirlərin keçirilməsi, Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələrinin ucaldılması, xatirə muzeylərinin yaradılması, vaxtilə ədibin yaşadığı binaya xatirə lövhəsinin vurulması, yubiley medalının hazırlanması, pyeslərinin respublika teatrlarının repertuarlarına yenidən daxil edilməsi, Naxçıvanda “Cavid Poeziya Teatrı”nın yaradılması, mütəfəkkir söz ustadının əsərlərinin dörd cilddə nəşri, onun haqqında monoqrafiyaların, xatirə məcmuələrinin nəşri, həyat və yaradıcılığını əks etdirən salnamənin hazırlanaraq ədəbi ictimaiyyətə çatdırılması, seçilmiş əsərlərinin, sənət yolunu əks etdirən tanıtma kitabçasının başqa dillərə tərcümə olunaraq çap edilməsi və digər tədbirlər böyük şair-dramaturq Hüseyn Cavid şəxsiyyəti və sənətinə göstərilən  yüksək dövlət qayğısı və ehtiramının ifadəsidir.

Əbədiyaşar Cavid irsinə göstərilən
 dövlət qayğısı

Ümumiyyətlə, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıdılması istiqamətində həyata keçirilən çoxşaxəli və möhtəşəm tədbirlər bu gün də böyük ehtiramla davam etdirilməkdədir. Ölkəmizə uğurla rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dahi şairin yubileylərinin qeyd edilməsi də bu böyük mütəfəkkir şairə dövlət qayğısının diqqət mərkəzində olduğunun bariz göstəricisidir. “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 24 sentyabr tarixli Sərəncamı da qüdrətli sənətkarımıza göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Sərəncamda böyük sənətkarımızın ədəbi mövqeyi və roluna yüksək qiymət ifadə edilərək deyilir: “Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur”. Böyük şairin əsərlərinin dəfələrlə nəfis tərtibatda çap olunması, əsərlərinin teatr repertuarlarında oynanılması, yaradıcılığının latın qrafikalı əlifba əsasında nəşr edilərək bütün ölkə kitabxanalarına hədiyyə edilməsi və digər işlər dahi şairə göstərilən dövlət qayğısının bariz təcəssümü kimi də razılıq doğurur. 
      Beləliklə, böyük Azərbaycan dramaturqu, humanist ideallar şairi Hüseyn Cavid irsi həmişəyaşardır, ölməz və aktualdır. Onun hər bir əsəri bu günümüz üçün müasirdir və əhəmiyyətlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Onun hər bir əsərində bir dünya var”. 

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 23.10.2023 20:37