AZ EN RU

Ulu Öndərin yadigarı 45 yaşlı Babək - FOTOLAR

    Azərbaycan dövlətçiliyinin müasir tarixinə adını əbədi həkk etmiş Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər tarixə milli intibah və quruculuq dövrü kimi düşmüşdür. Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaratdığı Babək rayonu da dahi şəxsiyyətin mühüm yadigarlarından biridir.

    1978-ci il oktyabrın 23-də təşkil olunan rayona sosializm cəmiyyəti qurucularının adları deyil, məhz Azərbaycanın Xalq qəhrəmanı Babəkin adı verilib. Ötən əsrin 70-ci illərində bu addımı yalnız Heydər Əliyev kimi iradəli, cəsarətli, daim Azərbaycançılıq mövqeyindən çıxış edən bir şəxsiyyət ata bilərdi. Rayona Xalq qəhrəmanı Babəkin adının verilməsi milli yaddaşın, təfəkkürün bərpası, eləcə də tarixi keçmişimizə Ulu Öndər Heydər Əliyev tərəfindən verilən ən yüksək qiymətin daha bir ifadəsi idi.
    Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin fondunda bununla bağlı sənədlərdən aydın olur ki, yarandığı dövrdən Babək rayonu böyük inkişaf yolu keçmiş, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünün əyani ifadəsinə çevrilmişdir.
    Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və birbaşa göstərişi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyəti 1978-ci il oktyabrın 11-də Naxçıvan rayon mərkəzinin Naxçıvan şəhərindən Təzəkəndə keçirilməsi, yeni rayonun Babək rayonu, Təzəkəndin isə Babək qəsəbəsi adlandırılması barədə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qarşısında vəsatət qaldırdı. 
    Qeyd olunur ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 23 oktyabr tarixli 186 və 187 nömrəli Fərmanı ilə Naxçıvan rayonu Babək rayonu adlandırılmış və onun mərkəzi həmin fərmana əsasən Naxçıvan şəhərinin daxilindən çıxarılaraq Təzəkənd kəndinə köçürülmüşdür. Həmin kənd Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 23 oktyabr tarixli 186 nömrəli Fərmanına əsasən şəhərtipli Babək qəsəbəsi adlandırılmışdır. Beləliklə, Babək rayonu 1978-ci ildə respublikamızın inzibati ərazisinə daxil olmuşdur. Muxtar respublikada yeni rayonun yaradılması ilə Naxçıvan şəhərinin tabeliyində olan 40-a qədər kəndin problemləri həll olunmuş, onların sosial-iqtisadi inkişafı təmin edilmişdir. 
    Arxiv sənədlərində qeyd olunur ki, 1978-1979-cu illərdə rayonda fəaliyyət göstərən 44 ümumtəhsil məktəbində 12503 nəfər təhsil alırdı. Məktəblərdə 973 nəfərdən çox müəllim dərs deyirdi, dərs deyən müəllimlərin, təqribən, 37 faizini qadınlar təşkil edirdi. Məktəblərdəki pedaqoji kollektivlər arasında 20 Əməkdar müəllim, 53 qabaqcıl maarif xadimi idi. Yeni istifadəyə verilmiş bir sıra məktəblər 8 illik məktəblərə çevrilmişdir. 
    Kəndlərdə mədəni-maarif ocaqlarının, mənzil sahələrinin tikilməsi istiqamətində də xeyli iş görülmüşdür. Dövlət vəsaiti hesabına Qahab kəndində 624 yerlik, Cəhri və Şıxmahmud kəndlərində hər biri 1176 yerlik məktəb binası tikilib istifadəyə verilmiş, Zeynəddin kəndində 625 yerlik, Aşağı Buzqov kəndində isə 320 yerlik məktəb binası tikilmişdir. Məktəblərin laboratoriyaları və fənn kabinələri zənginləşdirilmişdir. 
    Bundan əlavə, Naxçıvan Sovxoz Texnikumu kənd təsərrüfatının, 145 nömrəli Peşə Texniki məktəbi isə xalq təsərrüfatının fəhlə kadrlarla təmin edilməsində mühüm rol oynayırdı. 1979-1980-ci illərdə Sovxoz Texnikumu müxtəlif sahələr üzrə 438 nəfər, 145 nömrəli Peşə Məktəbi 598 nəfər ixtisaslı kadr hazırlamışdır. 
    1979-cu ildə Babək rayon orta məktəblərini bitirən 900 nəfərə yaxın gəncdən 109 nəfəri respublikanın ali məktəblərində öz təhsillərini davam etdirmişlər. Azərbaycan KP Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyevin təşəbbüsü ilə orta məktəblərin X sinfini bitirən 67 nəfər gənc respublikadan kənar ali məktəblərdə təhsillərini davam etdirmişlər. Həmin dövrdə Babək rayonu üzrə 5 müəllim Naxçıvan MSSR-in “Əməkdar müəllimi” fəxri adını almışdır. 2 müəllim isə SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur. 
    Eyni zamanda rayon zəhmətkeşlərinə Babək Rayon Mədəniyyət Şöbəsinin əhatə etdiyi 49 kitabxana, 22 klub və 12 mədəniyyət evi, 1 musiqi məktəbi, 2 avtoklubun xidmət göstərməsi haqqında da məlumatlar var. 
    1978-ci ildə səhiyyənin inkişafı və tərəqqisi üçün qabaqcıl müalicə metodlarının yaxşılaşdırılması məqsədilə partiya və hökumət külli miqdarda vəsait ayırmışdır. Xəstəxananın nəzdində kliniki-diaqnostik laboratoriyalar, fizioterapevtik kabinələr və sair yaradıcı müalicə vasitələri zəhmətkeşlərin tibb xidmətinə artan tələbatlarının ödənilməsinə yönəldilmişdir. 1978-ci ildə 18700 manatlıq əmlak alınıb xəstələrin istifadəsinə verilmişdir. 
    Sənədlərdən məlum olur ki, 1978-ci ildə Babək rayonunda səhiyyə-sağlamlıq ocaqlarının ixtisaslı kadrlarla möhkəmləndirilməsi, əhaliyə səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi də həmin dövrdə diqqət mərkəzində saxlanılmışdır. Belə ki, rayon əməkçilərinin sağlamlığı keşiyində 50 çarpayılıq mərkəzi rayon xəstəxanası, 170 çarpayılıq 5 kənd xəstəxanası, rayon sanitar-epidemoloji stansiyası, 38 feldşer-mama və səhiyyə-sağlamlıq məntəqələrinin olması arxiv sənədlərində öz əksini tapmışdır. 
    Babək rayonu mühüm kənd təsərrüfatı bölgəsi olduğundan rayonun aqrar göstəriciləri də sənədlərdə aydın əks olunub. Belə ki, 1979-1980-ci illərdə dövlətə tütün satışı planı 42,2 faiz, meyvə satışı planı 180 faiz, tərəvəz satışı planı 125 faiz olmuşdur. Baramaçılığın inkişaf etdirilməsi nəticəsində dövlətə 316 sentner barama satılmışdır. Bundan əlavə, rayon üzrə planda tutulan 239 min 975 baş quş olmuşdur ki, iki il ərzində bundan 23 milyon 449 min ədəd yumurta istehsal olunaraq planın 112 faiz əməl edilmişdir. 
    Sonrakı illərdə də rayonun sosial-iqtisadi inkişafı diqqət mərkəzində saxlanılıb. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikamızın digər bölgələri ilə bərabər, Babək rayonu da mühüm inkişaf yolu keçib. Rayonun yaşayış məntəqələri abadlaşdırılıb, avtomobil yolları yenilənib, çoxsaylı təhsil, mədəniyyət, səhiyyə müəssisələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. 19 iyun 2020-ci il tarixdə isə Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb. Qanuna əsasən, Babək qəsəbəsinə şəhər statusu, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusu verilib. Babək rayonu, eyni zamanda mühüm sənaye bölgəsidir. Bu gün muxtar respublikadakı 9 elektrik stansiyasından 4-ü məhz Babǝk rayonunun ərazisində yerləşir. Bu, Naxçıvanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, sənayenin də dinamik inkişafına mühüm töhfələr verib. Hazırda rayon ərazisində fəaliyyət göstərən çoxsaylı sənaye müəssisələri muxtar respublika iqtisadiyyatının inkişafında böyük rol oynayır. 
    Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti ilə həyata vəsiqə qazanan Babək rayonu 45 illik yubiley yaşına uğurlu sosial-iqtisadi inkişaf göstəriciləri ilə qədəm qoyur. 

Aygün HƏMZƏYEVA
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 
aparıcı arxeoqrafı

Nəşr edilib : 20.10.2023 19:57