AZ EN RU

Ulu Öndərin Vətəni Naxçıvan istedadlar diyarıdır

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi 
münasibətilə bədii yaradıcılıq müsabiqəsi keçirilib

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Naxçıvanda muxtar respublikadakı ali, orta və ilk peşə təhsili müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqəsi festivalı” keçirilib. 
    Müsabiqə təşkilatçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq Azərbaycan milli mədəniyyətinin də inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
    Ali təhsil ocağının İncəsənət fakültəsində təşkil edilən açılış tədbirindən əvvəl qonaqlar sərgiyə baxıblar. Ümumilikdə 50-yə yaxın rəsm əsərinin, dekorativ tətbiqi sənət, heykəltaraşlıq və tikmə nümunələrinin yer aldığı sərgi qonaqların marağına səbəb olub. “Bədii yaradıcılıq müsabiqə festivalı” Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək açıq elan edilib. Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev açılış tədbirində çıxış edərək müsabiqə-festivalın keçirilməsində əsas məqsədin tələbələri vətənpərvərlik, mədəniyyətimizə, milli-adət ənənələrimizə sədaqət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək olduğunu bildirib. Vurğulanıb ki, belə müsabiqələr incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət sahələri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək baxımından mühüm əhəmiyyət kəsb edir. 
    Sonra müsabiqə-festivala start verilib, onlarla istedadlı tələbə rəqs, musiqi, bədii qiraət üzrə öz bacarıqlarını nümayiş etdirib. İstedadlı tələbələrin müəyyən edilməsi üçün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin sədrliyi ilə Azərbaycan Respublikasının Xalq artistləri – Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Samir Cəfərov və Gülyanaq Məmmədova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludan ibarət münsiflər heyəti təşkil olunub.
    Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivlərini, dərnək və studiyaları, solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri (milli, müasir, bal) və müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar çıxış ediblər. 
    Tanınmış incəsənət ustalarımızın müsabiqə ilə bağlı fikir və təəssüratlarını qəzetimizin çoxsaylı oxucularına təqdim edirik. 
    Əliqismət Lalayev – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, münsiflər heyətinin sədri: – “Mən Naxçıvanda uzun illər işləmişəm və bu diyar mənə çox əzizdir. Bu gün burada gördüklərim məni çox təəccübləndirdi, həm də sevindirdi. Ona görə ki, ölkəmizin dilbər guşələrindən olan Naxçıvan çox dəyişilib, müasirləşib. Festival-müsabiqəyə gəldikə isə onu deyə bilərəm ki, tələbələrin hər biri öz çıxışlarına ciddi və məsuliyyətlə yanaşmışdılar. Çox maraqlı ifalar, rəqs nömrələri dinlədik və izlədik. Gənclər bizim mədəniyyətimizin, incəsənətimizin bayraqdarına çevrilib. Bu, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda tərbiyə olunmasından xəbər verir. Onu da qeyd edim ki, festival-müsabiqədə münsiflər heyəti tərəfindən məqbul qiymət alanlar Bakı şəhərindəki Heydər Əliyev Sarayında keçiriləcək Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş möhtəşəm bayram konsertində iştirak edəcəklər.     
    Təranə Muradova – Azərbaycan Respublikasının Xalq artisti: – Bugünkü müsabiqədə bir daha gördük ki, Ümummilli Liderin Vətəni Naxçıvan istedadlar diyarıdır. Bu istedadları üzə çıxaran, onları peşəkar şəkildə hazırlayıb mədəniyyət və incəsənət sahəsinə bəxş edən Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının, Musiqi Kollecinin yaradıcı heyətinə təşəkkür edirəm. Çox uğurlu, təşkilatçılıq baxımından mükəmməl bir festival-müsabiqə keçirildi. Ümid edirəm ki, münsiflər heyətinin etimad göstərdiyi tələbə-gənclər Bakı şəhərində keçiriləcək bayram konsertində Naxçıvanı uğurla təmsil edəcəklər.

    Gülyanaq Məmmədova – Azərbaycan Respublikasının Xalq artisti: – İlk olaraq qeyd edim ki, doğma Naxçıvan diyarında diqqət, sevgi, səmimiyyətlə qarşılandıq. Mən çox şadam ki, Azərbaycan Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə bu cür möhtəşəm festival-müsabiqə keçirilir. Xüsusən də dövlət universitetləri ilə birgə orada təhsil alan peşəkarlarla deyil, qeyri-ixtisas tələbələrinin də istedad və qabiliyyətləri üzə çıxarılır. Məqsədimiz də incəsənət xadimlərindən təşkil olunmuş münsiflər heyətinin razılığı əsasında bu cür qabiliyyətli tələbələri seçmək və onların marağını nəzərə alıb ustad dərslər keçməkdir. Qeyd edim ki, Azərbaycan istedadlar diyarıdır. Elə bir kəs tanımıram ki, daxilində heç bir istedadı olmasın. Naxçıvanda da tanış olduğumuz istedadlı tələbələr bizi çox qane etdi. İstər yerli, istərsə də əcnəbi tələbələrin çıxışını böyük heyrətlə izlədik. Ötən illə müqayisədə istedadlı tələbələrin çoxluğu da diqqətimizdən yayınmadı. Əslində, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr çox şanslıdırlar. Onlara bu cür gözəl ali təhsil ocağında geniş imkanlar yaradılır. Adətən, xarici ölkələrə səfərimiz zamanı bu cür geniş imkanlara malik olan universitetlərlə qarşılaşırıq. Bu gün ölkəmizin ucqar bir regionunda da belə bir ali təhsil ocağı ilə qarşılaşmağımız çox gözəl haldır. Yaradılan şərait, təbii ki, dövlətimizin milli mədəniyyətimizin inkişafına böyük qayğıdır. Bir sözlə, Naxçıvanı həm gəlib bir daha gördük, gözəl səslər dinlədik, onları kəşf etdik, ürəyimiz, ruhumuz dincəldi. Sanki əhvalımız gözəlləşdi.
    Arslan Növrəsli – Azərbaycan Milli Konservatoriyasının müəllimi: – Naxçıvana ilk dəfədir ki, gəlirəm və Ulu Öndərimizin dünyaya göz açdığı bu diyarda olmaq çoxdankı arzum idi. Ona görə də mənim üçün ikiqat sevindirici haldır. Çünki bu gəliş həm də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilinə təsadüf etdi. Bizim gəliş səbəbimiz təbii istedadlı tələbələrin seçimi üçün təşkil olunmuş festival-müsabiqədir. Düşünürəm ki, böyük və lazımlı bir işlə məşğuluq. Bu isə elə-belə deyil. Çünki hər il təşkil olunan bu müsabiqədə istedadlı gənclər tapıntı kimi qarşımıza çıxır. Və düşünürəm ki, bu gün seçdiyimiz istedadlar, gələcəkdə böyük uğurlara imza atacaqlar. Hələ ki, biz bu istedadları, necə deyərlər, ələkdən keçiririk. Bu seçimin gözəl nəticəsi olacağına ümid edirik. Naxçıvan Dövlət Universitetindəki müsabiqə təşkilatçılıq baxımından mükəmməl idi. Naxçıvandakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri biri-birindən maraqlı, rəngarəng musiqi, rəqs və bədii qiraət nömrələri ilə çıxış etdilər. Hesab edirəm ki, istedadların üzə çıxarılması, onların mövcud potensialının daha da artırılması, daha böyük musiqi və yaradıcılıq platformalarına çıxarılması baxımından bu cür müsabiqələr olduqca əhəmiyyətlidir. Bugünkü müsabiqədə iştirak edən tələbə-gənclər Azərbaycan mədəniyyətinin, incəsənətinin gələcəyidirlər. Onların hər birinə uğurlar arzu edirəm.

Aidə İBRAHİMOVA
Muxtar RZAZADƏ

Nəşr edilib : 10.04.2023 22:55