AZ EN RU

Ulu Öndərin Naxçıvana göstərdiyi qayğıda oğulluq məhəbbəti hiss olunurdu

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qədim Azərbaycan torpağı olan Naxçıvanda 2023-cü il 12-18 avqust tarixlərdə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi təşkil edilib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gəncləri bu yay düşərgəsində iştirak edir.
    Düşərgənin ikinci gününün proqramına əsasən  Kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan ekspert Tatiana Ravallinin təqdimatında “Sosial media marketinq” mövzusunda təlim olub. 1-ci panel iclasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun, Azərbaycan Respublikasının sabiq xarici işlər naziri,  diplomat, siyasi və dövlət xadimi Həsən Həsənovun, Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin “Ulu Öndər Heydər Əliyevin həyat yolu”  mövzusunda çıxışları olub. 
    Günün ikinci yarısında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olunub. 
    2-ci panel iclasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehraliyeva, “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı və “Qlobal Media Group”un media direktoru Həmid Həmidovun çıxışları olub. Qeyd edək ki, “Vətən uzaqda deyil” mövzusunda aparılan 2-ci panel tok-şou formatında çəkilərək İctimai TV-də yayımlanıb.
    “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi bir mühüm tarixi əhəmiyyəti ilə də seçilir ki, düşərgənin panel iclaslarına Ulu Öndər Heydər Əliyevlə çalışmış dipolomat, siyasi və dövlət xadimləri, Azərbaycan mediasının rəhbərləri dəvət olunub. Onların Ümummilli Liderimizlə bağlı xatirələri, qədim Naxçıvanın  siyasi-strateji tarixi əhəmiyyəti ilə bağlı fikirləri gənclərimizdə böyük maraq doğurub. Düşərgənin fəxri iştirakçılarının bir neçəsindən “Şərq qapısı” qəzetinin oxucuları üçün müsahibə almağa nail olduq.

    Həsən Həsənov – Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, diplomat, siyasi və dövlət xadimi: – Diaspor Gənclərinin IV Yay Düşərgəsinin “Heydər Əliyev İli”ndə məhz Naxçıvanda keçirilməsi xüsusi məna kəsb edir. Çünki Naxçıvan Heydər Əliyevin vətənidir, dahi şəxsiyyət burada böyüyüb, boya-başa çatıb. Heydər Əliyev Naxçıvana hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Mən deməzdim ki, Naxçıvana digər regionlara nisbətən üstün qayğı göstərib, bu, obyektiv olmazdı, amma Naxçıvana göstərdiyi qayğıda sanki oğulluq məhəbbəti hiss olunurdu. O dövrdə Azərbaycanın böyük şairi, yazıçı və dramaturq Hüseyn Cavidin məqbərəsinin Naxçıvanda olması geniş müzakirə nəticəsi oldu. Bakıdan bir çox ziyalılar təklif edirdi ki, onun cənazəsi Bakıda Fəxri xiyabanda dəfn olunsun. Ancaq sonra müzakirələrin nəticəsində dahi şəxsiyyət Heydər Əliyevin qərarı ilə məqbərə Naxçıvanda ucaldıldı. Sizə bir xatirəmi söyləyim. Cavidin cənazəsi Bakıya gətiriləndə sovet dövrü idi, o zamanlar mən ideoloji məsələlər üzrə Ulu Öndər Heydər Əliyevin müavini kimi fəaliyyət göstərirdim. Ermənistanın ideoloji məsələlər üzrə bir katibi var idi. Görüşlərin birində dedi ki, siz bizim başımıza iş açdınız, söylədim “niyə?”, dedi ki, bəs siz Hüseyn Cavidin cənazəsini Azərbaycana gətirdikdən sonra ermənilər israrla deyirlər ki, bizim də Yeğişe Çarensimiz olub, o da sovet hakimiyyəti tərəfindən həbs olunub, ölüb. Biz bilmirik əhaliyə nə cavab verək. Dedim ki, mən sizə bir məsləhət verə bilərəm. Dedi “Necə bir məsləhət?”, dedim, “sizə müraciət edənlərə deyin ki, onların Heydər Əliyevi var, bizimsə Heydər Əliyevimiz yoxdur”.
    Cavidin məqbərəsi tikiləndə mən xarici işlər naziri idim. İrana getməli idim. Ulu Öndər məni çağırdı, xüsusi tapşırdı ki, İrandan qayıdanda Naxçıvanda ayaq saxla, məqbərənin vəziyyətinə bax, şəkillərini çək və mənə gətir. Mən də 40-a yaxın şəkil çəkdirdim. Hər şəkli ayrı-ayrı ölçdü-biçdi ki, məqbərə onun arzuladığı qaydada tikilir, yoxsa yox? Bu məqbərənin tikintisini O, yaxından müşahidə edirdi.
    Dahi şəxsiyyət Heydər Əliyev ikinci ulduz alanda mən təsadüfən Moskvada idim. 10 may 1983-cü ildə... 9 may axşam eşitdim ki, Heydər Əliyev artıq ikinci “Qızıl ulduz” ilə təltif olunub. Səhər gəldim ki, onu təbrik edəm. İnanın ki, mən gələndə artıq qəbul otağı təbrik etmək istəyənlərlə dolu idi. Bu izdiham axşam saatlarına qədər müşahidə olundu. Rusiyanın saysız-hesabsız ictimai-siyasi xadimləri, xarici səfirlər, bütün respublikaların Moskvadakı nümayəndəlikləri, Moskvanın ziyalıları, görkəmli şəxsiyyətlər hər biri dahi siyasi xadim Heydər Əliyevi təbrik edirdi. Yəni bu böyük şəxsiyyət təkcə Azərbaycanda deyil, bütün dünyada sevilirdi.

    Vilayət Quliyev – Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri: – Naxçıvan, şübhəsiz, bizim diaspor fəaliyyətimizdə mühüm yer tutmalıdır. Ona görə ki, Naxçıvan Azərbaycanın qədim tarixə malik bir diyarı, ayrılmaz tərkib hissəsidir. Bu diyar Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edən bir diyardır. Naxçıvan, həmçinin Ulu Öndər Heydər Əliyevin vətənidir. Bütün bu amillər Naxçıvana diqqətin ön sırada olmasını şərtləndirir. Bildiyiniz kimi, hələ də Naxçıvana qarşı erməni iddiaları davam edir. Bu iddiaların qarşısını almaq məqsədilə müxtəlif ölkələrdə yaşayan diaspor nümayəndələrimiz Naxçıvanı mümkün qədər təbliğ etməlidirlər. Bu nöqteyi-nəzərdən Diaspor təşkilatları qarşısında ciddi vəzifə dayanır. Düşünürəm ki, “Heydər Əliyev İli”ndə onlar bu vəzifələrin öhdəsindən daha parlaq şəkildə gəlməyi qarşılarına məqsəd qoymalıdırlar, Naxçıvan geniş təbliğ olunmalı, Ulu Öndərin doğulduğu qədim torpaq haqqında çoxlu kitablar çap olunmalıdır.
    Bir misal çəkmək istəyirəm. Mən Macarıstanda fəaliyyət göstərdiyim dövrdə Naxçıvan haqqında “Naxçıvan təqvimi” adlı kitab hazırlayıb, çap etdirmişdik. Həmin kitab o dövrdə böyük maraq doğurdu. Naxçıvan, həqiqətən də, Azərbaycanın dünya miqyasına çıxarılası bir tərkib hissəsi, parçasıdır. Bu işin də öhdəsindən Diasporla İş üzrə Dövlət Komitəsi və diasporun nümayəndələri gələ bilərlər. Şübhəsiz, diaspor gənclərinin builki – “Heydər Əliyev İli”nə həsr olunmuş IV Yay Düşərgəsinin yay toplantısı Naxçıvanda keçirilməsi bu məsələyə inanıram ki, stimul verəcək. Xarici ölkələrdən buraya gələn yüzlərlə gənc Naxçıvanı görür, insanlarla ünsiyyət qururlar. Naxçıvanın tarix və mədəniyyət abidələri ilə tanış olurlar. Bütün bunlar imkan yaradacaq ki, onlar Naxçıvan haqqında daha obyektiv, daha geniş, faktlara və sənədlərə əsaslanıb danışacaqlar.

    Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru: – Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Diaspor Gənclərinin IV Yay Düşərgəsinin keçirilməsi çox mühüm bir tarixi hadisədir. Məhz Naxçıvana dünyanın müxtəlif ölkələrindən 117 diaspor gəncinin gəlməsi, burada 1 həftə müxtəlif müzakirələrdə iştirak etməsi, Naxçıvanın görməli yerləri, tarixi abidələri ilə tanış olması, Ümummilli Liderin doğulub, böyüdüyü bu məkana daha yaxından bələd olması çox böyük məna kəsb edir.
    İlk panellərin birində Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolu ilə bağlı Azərbaycanın dövlət xadimləri, ziyalıları çıxış etdilər. Azərbaycanın keçmiş naziri Həsən Həsənovun diaspor gənclərinin bugünkü düşüncə ilə başa düşəcəyi şəkildə dahi şəxsiyyət Heydər Əliyevin sovet dövrü fəaliyyətinə nəzər salması tədbirdə iştirak edən bütün gəncləri həyəcanlandırmaqla yanaşı, onlar üçün böyük bir məktəb rolu oynadı. Eyni zamanda səfir Vilayət Quliyevin və akademik Rəfael Hüseynovun çıxışları da liderin fəaliyyətinin müxtəlif yönlərini göstərmək baxımından çox əhəmiyyətli oldu.
    Azərbaycan mediasının rəhbərlərinin gənclərlə debata çıxması, indi Azərbaycan diasporunun qarşısında duran məsələlər barədə xaricdə necə təbliğat aparmalı olduqlarını, medianın qarşısında duran vəzifələr barədə edilən müzakirələr çox prioritet məsələlərdən biridir. Sosial medianın geniş yayıldığı indiki şəraitdə rəhbərlərin diaspor gəncləri ilə həmin bu debatı aparmaları mühüm; hansı ki “peşəkar media nə etməlidir, qarşıda hansı vəzifələr durur, xaricdə yaşayan həmvətənlərimiz bu məsələdə Azərbaycanın siyasətinə, haqlı mövqeyinə necə dəstək durmalıdır?” və sair bu kimi məsələlərin həlli yolunu tapmaq üçün çox əhəmiyyətli oldu. 117 gənc uzun illər boyunca burada söylənən fikirləri həyata keçirəcək.

Gülcamal TAHİROVA

 

Nəşr edilib : 13.08.2023 17:51