AZ EN RU

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın rayonlarında böyük hörmətlə anılıb

Şərur rayonu

    Ümummilli Liderimiz Heydər Əliyev bütün dünya siyasətçilərinin qibtə etdiyi və öyrənmək istədiyi siyasi lider kimi tanınıb. Dahi şəxsiyyət respublikamıza rəhbərlik etdiyi illər ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxarıb. Dahi rəhbərin müəyyənləşdirdiyi quruculuq siyasəti bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yüksək ehtiramla həyata keçirilir. Muxtar respublikamız bu ideyaların işığında özünün yeniləşən inkişaf mərhələsindədir. Bunu Şərur rayonunun timsalında da görmək olar.

    Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, onlarca məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilib. Respublikamızda savadlı, bacarıqlı kadrların hazırlanması, mədəniyyətin və incəsənətin inkişafı, milli-mənəvi sərvətlərin, tarixi abidələrin qorunması, muzeylərin təşkili sahəsində Ümummilli Liderin həyata keçirdiyi ardıcıl tədbirlərdən də rayona xeyli pay düşüb. Bütün bunlara görədir ki, şərurluların qəlbində Ulu Öndərin xatirəsi həmişə uca tutulur.
    Dekabrın 12-də şərurlular Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək dahi rəhbərin xatirəsini yad edib, Ona hörmət və ehtiramlarını göstəriblər. Rayonun idarə və müəssisələrinin kollektivləri, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri dahi və unudulmaz rəhbərə sonsuz məhəbbət və ehtiramla görkəmli dövlət xadiminin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birliklərini nümayiş etdiriblər.

Babək rayonu

    Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Babək rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Ulu Öndərin Babək şəhərində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra rayon Mədəniyyət Sarayında Ulu Öndərin anım günü ilə əlaqədar filmə baxış olub.

    Ölkəmizdə və muxtar respublikamızda Ulu Öndər Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin bütün sahələrin  inkişafında özünü göstərib. Ümummilli Lider Heydər Əliyevin quruculuq yolunun uğurla davam etdirilməsi nəticəsi kimi dahi şəxsiyyət tərəfindən 1978-ci il oktyabrın 23-də yaradılmış Babək rayonu da bu gün Naxçıvan Muxtar Respublikasının abad yaşayış məntəqələrindən biridir. Bu gün fəxrlə demək olar ki, Babək rayonu inkişafın yeni mərhələsini yaşayır.

Ordubad rayonu

    Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar və gənclər iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, büstün önünə tər çiçəklər düzüblər.
    Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, XX əsrin ən böyük şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olan Ümummilli Liderimiz Heydər Əliyevin adı Azərbaycanın müstəqillik tarixi ilə qoşa çəkilir. Müasir tariximizin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Özünün məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi siyasi fəaliyyəti ilə hələ sovetlər dönəmində Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş, çiçəklənən bir diyara çevirdi. O həm də tarixi bir şəxsiyyət kimi müasir Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusu oldu.
  Vurğulanıb ki, Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun sakinləri bu gün bu qədim diyarda qazanılan hər bir uğur üçün görkəmli dövlət xadimi Heydər Əliyevə minnətdardırlar.

Şahbuz rayonu

    Hər il dekabrın 12-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün kimi bütün azərbaycanlılar tərəfindən ehtiramla anılır. Ulu Öndərin yorulmaz dövlətçilik fəaliyyəti sayəsində ölkəmizin hər bir guşəsində olduğu kimi, Şahbuz rayonunda da hərtərəfli inkişafa nail olunub. Rayon əhalisinin firavan həyatı, yaxşı yaşayışı və torpağa bağlılığı Ulu Öndərin xalqımız qarşısındakı xidmətləri ilə bütünləşdikcə insanların qəlbində Heydər Əliyev ideyalarına sədaqət duyğuları daha da artır. Ulu Öndərin əbədiyyətə qovuşmasından 20 il ötsə də, ölkəmizin artan gücündən bəhrələnib öz firavan həyatını qurmuş şahbuzlular dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini həmişə minnətdarlıqla xatırlayırlar.

    Elə bu hisslərlə də anım günündə rayon ictimaiyyəti görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyəti önündə ucaldılmış büstünü ziyarət edib, al qərənfillər düzüb, dahi şəxsiyyətin əziz xatirəsini yad edib. Sonra Şahbuz Rayon Mədəniyyət Sarayında təşkil edilmiş sərgiyə baxış olub, “Heydər Əliyev – dünyaya pəncərə” adlı film nümayiş etdirilib. 

Culfa rayonu

    Ulu Öndər Heydər Əliyevin Culfa şəhərində əzəmətlə ucalan büstünün önünə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyəti tərəfindən gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi yad edilib. Sonra Culfa Rayon Mədəniyyət Sarayında  keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbirdəki çıxışlarda xalqımızın XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət olan Heydər Əliyevin milli şüurun oyanışında, formalaşmasında və möhürlənməsində misilsiz xidmətlərindən, Onun zəngin və mənalı həyat yolundan, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji xəttinin Azərbaycançılıq ideyası təşkil etdiyindən danışıblar.
    Sonda Ulu Öndərin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Əbədiyyətin ilk əsri” adlı film nümayiş olunub.

Kəngərli rayonu

    Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsində  ucaldılmış abidəsi rayonun idarə, müəssisə, təşkilat rəhbərləri  və rayon ictimaiyyəti tərəfindən ziyarət edilərək önünə gül dəstələri qoyulub. 

    Bu gün Kəngərli rayonunun yaradılması və hərtərəfli inkişafı, idarə, müəssisə və təşkilatlarının fəaliyyətə başlaması, iş yerlərinin açılması, bölgə iqtisadiyyatının güclənməsi və inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uğurlu siyasətinin təcəssümdür. Rayonda kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirləri, yaraşıqlı inzibati binalar, mədəniyyət və istirahət parkı, müasir memarlıq quruluşuna malik mədəniyyət sarayı, Ümummilli Lider Heydər Əliyevin abidəsi və digər quruculuq ünvanları rayona gözəllik bəxş edir. Rayonda son iyirmi ildə inkişaf və yüksəliş davamlı xarakter alıb, rifah halı daha da yaxşılaşdırılıb və onlarda sabaha güclü inam formalaşıb. Bütün bu uğurlara görə rayon əhalisi xalqımızın böyük oğlunun rayon mərkəzində əzəmətlə ucalan abidəsinin önünə gələrək gül dəstələri qoyur və qürurla anırlar.

Sədərək rayonu

    Sədərək rayonunun yaranması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlamış, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunmuşdur. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirmişdir. 

    Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin etmiş, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənmiş, məskunlaşma artmışdır. 
    Dünən muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Sədərək rayonunda da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Sədərək Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və sakinlər iştirak etmişdir. Tədbir iştirakçıları Ulu Öndərin adının əbədiləşdiyi Heydərabad qəsəbəsində əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.12.2023 18:43