AZ EN RU

Ulu öndərin əziz xatirəsi muxtar respublikamızın bütün rayonlarında ehtiramla anılmışdır

Şərur rayonu

    Ümummilli liderimizin həyat amalı, zaman və məkan anlayışına sığmayan gərgin fəaliyyətinin əsas məqsədi respublikamızı azad və müstəqil dövlət kimi görmək olub. O, istər Azərbaycana birinci rəhbərliyi dövründə, istərsə də Moskvada işlədiyi dövrdə və müstəqilliyimizi əldə etdikdən sonra həmişə doğma xalqını, Vətənini düşünərək respublikamızın iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının, elmi və mədəni potensialının inkişafına, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutmasına çalışıb. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb. Bu gün müstəqil Azərbaycanda ulu öndərin müəyyənləşdirdiyi və əsasını qoyduğu hərtərəfli inkişaf proqramı uğurla həyata keçirilir, ölkəmiz günü-gündən qüdrətlənir, dünya birliyində öz yerini daha da möhkəmləndirir. Ulu öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətinin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində Tarixi Qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin etdi, tarixi ədalət bərpa olundu.
    Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilıb, onlarla məktəb, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilib, ümummilli liderin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay su qovşağı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan yaradıb. Respublikamızda savadlı, bacarıqlı kadrların hazırlanması, mədəniyyətin və incəsənətin inkişafı, milli-mənəvi sərvətlərin, tarixi abidələrin qorunması, muzeylərin təşkili sahəsində ümummilli liderin həyata keçirdiyi ardıcıl tədbirlərdən Şərur rayonuna da xeyli pay düşüb. Qarxun kəndində dəmir-beton konstruksiyaları zavodunun və qum-çınqıl karxanasının, Oğlanqala və Xələc kəndlərində mərmər sexlərinin, Sədərək, Maxta, Düdəngə, Xanlıqlar kəndlərində üzümün ilkin emalı ilə məşğul olan 6 şərab zavodunun, Radioquraşdırma Bakı İstehsalat Birliyi Şərur filialının, çörək zavodunun və digər sənaye müəssisələrinin işə salınması, yeni xidmət şəbəkələrinin yaradılması, aqrar sahədə həyata keçirilən uğurlu islahatlar rayonun iqtisadiyyatının və buna müvafiq olaraq əhalinin maddi-rifah halının xeyli yüksəlməsinə imkan yaradıb. Ötən əsrin yetmişinci-səksəninci illərində rayonda yol infrastrukturu da yenilənib, körpülər salınıb, meliorasiya və irriqasiya tədbirləri həyata keçirilib. 
    Sevindirici haldır ki, ümummilli liderin başladığı bu işlər ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycanın bütün bölgələrində olduğu kimi, muxtar respublikamızda, eləcə də Şərurda geniş şəkildə və müasir dövrün tələblərinə uyğun davam etdirilir. 
    Dekabrın 12-də Şərur Rayon İcra Hakimiyyəti əməkdaşlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri ulu öndərin Şərur şəhərinin mərkəzində ucalan əzəmətli abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər qoyaraq ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.  

Babək rayonu

    Babək Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların nümayəndələri ulu öndərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək görkəmli dövlət xadiminə sonsuz məhəbbət və ehtiramlarını bildirib, dahi rəhbərin siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdiriblər.

    Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi dünyada söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”, – deyən dahi şəxsiyyət dövləti və xalqı qarşısındakı xidmətləri, parlaq ideyaları və uzaqgörən siyasəti ilə hələ sağlığında xalqının ümummilli lideri adını qazanıb.
    Ölkəmizdə və muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin nəticəsidir ki, bütün sahələrdə inkişaf təmin edilib. Hələ dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanın ucqar rayonlarının iqtisadiyyatını möhkəmləndirmək siyasətinin nəticəsi kimi, 1978-ci il oktyabrın 23-də təşkil olunmuş Babək rayonu da bu gün Naxçıvan Muxtar Respublikasının abad yaşayış məntəqələrindən biridir. Ötən dövr ərzində ulu öndərin müəyyən etdiyi sabitlik və inkişaf yoluna göstərilən dərin sədaqətin nəticəsində rayonun yaşayış məntəqələri başdan-başa yenidən qurulub, qaz, elektrik, yol, rabitə infrastrukturu yenilənib.
    Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdirilməsi sayəsində Babək rayonunda sənaye məhsulunun həcmində bir neçə dəfə artım olub. Rayon  ərazisində iri daş məhsulları, kərpic, beton məmulatları və mineral su istehsalı müəssisələri ilə yanaşı, kiçik sahibkarlıq subyektləri də fəaliyyət göstərir. Rayonda sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı yeni istehsal sahələrinin yaradılmasına, ailə təsərrüfatlarının genişləndirilməsinə imkan verir.
    Babək rayonunda aparılan abadlıq-quruculuq işləri hər il davamlı xarakter alır. 2022-ci ildə Sirab kəndində kompleks quruculuq işləri aparılıb  və yeni sosial obyektlər istifadəyə verilib. Hazırda Vayxır kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisi davam etdirilir. Bundan başqa, Cəhri qəsəbəsində yol infrastrukuturu yenilənir, yeni içməli su xətti çəkilir. Babək şəhərində məktəbdənkənar təhsil müəssisələri, Nehrəm qəsəbəsində isə 3 nömrəli tam orta məktəb üçün yeni binalar inşa edilir. İndi fəxrlə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə təşkil edilən Babək rayonu inkişafın yeni mərhələsini yaşayır.

Ordubad rayonu

    Dekabrın 12-də Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Ordubad şəhərindəki büstünün önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. 

    1969-cu il iyulun 14-də ulu öndərimizin ölkə­mizə rəhbər seçilməsi ilə Azərbaycanın müstəqillik tarixinin və uğurlu inkişafının əsası qoyulub. 1969-1982-ci illərdə görkəmli dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi tədbirlər reallaşdırılıb, istehsal müəssisələri, zavodlar, fabriklər tikilib, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlayıb, xalqımızın tarixi yaddaşı bərpa edilib. İkinci dəfə qazandığımız dövlət müstəqilliyinin əsasında da ulu öndərin ötən əsrin 70-80-ci illərində yaratdığı möhkəm təməl, güclü intellektual və iqtisadi potensial, milli ruh dayanırdı. Ümummilli lider Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışıb, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, milli ordu quruculuğuna başlanıb, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunub. Ulu öndərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoyub. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbərin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizdəki böhrana son qoydu, xalqımız Azərbaycançılıq ideyaları ətrafında birləşdi, əmin-amanlıq  yarandı. Hazırda ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, 30 ilədək işğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər Ordumuz tərəfindən düşmən tapdağından azad edildi. 
    Bu gün Naxçıvan Muxtar Respublikası əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub.

Culfa rayonu

    Həmin gün Culfa Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların nümayəndələri ulu öndərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək görkəmli dövlət xadiminə sonsuz məhəbbət və ehtiramlarını bildirmiş, dahi rəhbərin siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirmişlər.

    Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin müstəqilliyini əbədi və dönməz etdiyi Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır, Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfələrini verir. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin uğurla davam etdirdiyi inkişaf proqramının əməli nəticələridir. Bu gün qədim tarixə, mühüm siyasi və iqtisadi strateji əhəmiyyətə malik Naxçıvan misligörünməmiş şəkildə tərəqqi etməkdədir. 
    Culfa rayonu da aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl məkana çevrilmişdir. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilmişdir. Bu illər ərzində Culfa rayonunda aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, əhalinin məşğulluğu təmin olunmuş, maddi rifah halı daha da yaxşılaşmışdır. 
    İndi fəxrlə demək olar ki, Culfa bu gün muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Burada inkişaf və yüksəliş davamlı xarakter alıb və sakinlərin yaşayış səviyyəsi daha da yüksəlib, onların sabaha olan inamı artıb. Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilir.
    Ölkə başçısının müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunmasını culfalılar da böyük sevinc hissi ilə qarşılayıblar.  

Kəngərli rayonu

    Dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi Kəngərli rayonunda da böyük ehtiramla yad olunub. Həmin gün Rayon İcra Hakimiyyəti əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri ulu öndərimizin rayon mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyaraq müstəqil Azərbaycanın qurucusunun xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

    Müasir Azərbaycanın müstəqil dövlət kimi dünyada öz layiqli yerini tutması görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. 
    Hazırda Heydər Əliyev siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, Azərbaycanın yeniləşməsi, modernləşməsi doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə geniş imkanlar açıb. Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimiz və dövlətçiliyimiz möhkəmlənib, respublikamızın iqtisadi gücü artıb, qüdrətli və sarsılmaz ordu yaradılıb. Aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan və ən müasir tariximizin şanlı səhifəsinə çevrilən Vətən müharibəsi böyük Tarixi Qələbə ilə başa çatdı. 
    Ulu öndər Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla həyata keçirilməsi bütün bölgələrimiz kimi Kəngərli rayonunu da gözəlliklər diyarına çevirib. Yaranması qısa bir dövrü əhatə etsə də, ötən illər ərzində burada rayon üçün mühüm infrastruktur layihələri həyata keçirilib. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər obyektlər tikilərək istifadəyə verilib. Yeni istehsal müəssisələrinin işə salınması ilə geniş iqtisadi potensialın əsası qoyulub, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsizliyin aradan qaldırılması, rayon sakinlərinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, rayon mərkəzi və kənd­ləri birləşdirən yollar yenidən qurulub. 
    Bəli, günü-gündən gözəlləşən və müasirliyə qovuşan Kəngərli rayonu hazırda özünün yüksəliş və intibah dövrünü yaşayır. Bu inkişaf, müasirlik və yeniləşmə ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsinin nəticələridir.

Şahbuz rayonu

    Dekabrın 12-də Şahbuz rayonunun sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyətinin binası qarşısında ucalan abidəsinin önünə gələrək ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

    Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövrü ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr,  sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında, sözün əsl mənasında, yeni bir intibah mərhələsinin başlanğıcı idi. Dahi rəhbər keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min bir zillət çəkən ölkəsini təhvil alaraq cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi. 
    Qədim Naxçıvan da ulu öndərin müəyyənləşdirdiyi siyasətdən öz bəhrəsini alıb. Belə ki, bu gün Şahbuz rayonu da daxil olmaqla diyarımızın hər bir bölgəsi müasirlik donundadır. Hər il bölgənin ayrı-ayrı ünvanlarda müxtəlif istiqamətli tikinti-quruculuq tədbirləri həyata keçirilir, ərzaq təhlükəsizliyinin təmin olunması üçün məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılır. Digər rayonlarımızda olduğu kimi, Şahbuzda da idarə, müəssisə və təşkilatlar üçün yeni binalar inşa edilib, maddi-texniki bazaları gücləndirilib, müasir iş şəraiti yaradılıb.
    Rayоn iqtisadiyyatının əsasını təşkil еdən aqrar sahənin inkişafı məqsədilə göstərilən dövlət qayğısından hərtərəfli istifadə edən torpaq mülkiyyətçiləri torpaqların hər qarışını əkib-becərməyə çalışırlar. Rayonda meliorasiya və irriqasiya tədbirlərinin aparılmasına ehtiyacı olan və istifadə edilməyən əkinəyararlı torpaq sahələrinin də müəyyənləşdirilməsi, xəritələşdirilməsi işlərinin uğurla icrası bu sahənin inkişafında mühüm rol oynayır. Rayonun bir sıra kənd yaşayış məntəqələrində bu məqsədlə xeyli işlər görülüb, nəticədə, uzunmüddətli əkilməyən əkinəyararlı torpaq sahələri əkin dövriyyəsinə qatılıb. 
    Görülən bütün işləri şahbuzlular unutmur, ulu öndərin xatirəsini daim uca tuturlar.

Sədərək rayonu

    2023-cü il may ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olacaq. Ölkə başçısının müvafiq Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

    Sərhəd bölgəsi olan Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilib. Rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulub. Ötən əsrin 90-cı illərində Sədərək mənfur ermənilər tərəfindən mütəmadi hücumlara məruz qalıb. 1990-1993-cü illərdə buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu hücumların qarşısının alınması üçün misilsiz xidmətlər göstərib, dünya ölkələrinin diqqətini burada baş verən hadisələrə yönəldib. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb, rayonun müdafiəsi üçün mühüm addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
    Bu gün ulu öndərin siyasi xəttinin muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsində Sədərək rayonu da inkişafın yeni mərhələsinə qədəm qoyub. Rayonda 5 ümumtəhsil, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağçası, 4 səhiyyə müəssisəsi, 5 mədəniyyət, 2 kənd,  1 rayon mərkəzi stadionu, Heydərabad qəsəbəsində 7 mərtəbəli, 48 mənzilli yaşayış binası, Bayraq Meydanı, Radio-Televiziya Ötürücü Stansiyası tikilib istifadəyə verilib. 
    Dekabrın 12-də Sədərək rayonunda da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları,  idarə, müəssisə və təşkilatlarının kollektivləri dahi şəxsiyyətin Heydərabad qəsəbəsindəki büstünü ziyarət edib, önünə tər güllər düzüblər. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.12.2022 19:46