AZ EN RU

Ulu Öndərin əbədiləşmiş ideya və əməlləri ölkəmizi işıqlı gələcəyə aparır

         Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. 

    Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalmışdır. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülmüş, sosial-iqtisadi və mədəni potensialı formalaşmışdır. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
    Müstəqil dövlətimizin banisi Heydər Əliyevin tükənməz mənəvi irsi onun çoxəsrlik tariximizin ən mükəmməl və qüdrətli şəxsiyyəti olduğunu sübut etmişdir. Azərbaycanın müstəqilliyini təmin etməklə, suveren dövlətin əsaslarını yaratmaqla Ulu Öndər xalqımızın təminatlı gələcəyinə işıqlı yol açmışdır. Ölkəmiz yarım əsrdən artıqdır ki, qüdrətli liderinin amal və ideyalarına uyğun olaraq irəli gedir, çətinlikləri inamla aradan qaldırır, tarixə yazılan uğurlara imza atır. Dünyanın tərəqqipərvər insanları və bütün Azərbaycan xalqı Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına, yaratdığı dəyərli irsə ehtiramla yanaşırlar. Ölkə­mizin ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və qətiyyətli fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin ölkəmizə hər iki rəhbərliyi dövründə respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Ümummilli Lider var qüvvəsini və bacarığını respublikamızın inkişafına həsr etmişdir. Heydər Əliyev bütün Türk dünyasının sevimlisi, türkdilli xalqların fəxr etdiyi şəxsiyyətlərdəndir. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində məhv olmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndər öz xalqının harayına yetişərək onun xilaskarına çevrildi. 1993-cü ilin yayında – Vətənin dar günündə ölkənin ictimai-siyasi həyatında baş verən çaxnaşma, hakimiyyət uğrunda gedən mübarizə, cəbhədəki acınacaqlı məğlubiyyətlər, vətəndaş qarşıdurması zamanı xalqımız öz xilaskar oğlunu hakimiyyətə dəvət etdi. Ümummilli Lider demişdir: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. 
    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömürboyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – “Milli Qurtuluş Günü” kimi qeyd edir. Xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etdiyi dövr Heydər Əliyev fəaliyyətinin qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Dahi liderimiz nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz Vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu.
    Ümummilli Liderimizin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
    Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin təməlini qoyduğu güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
    Ulu Öndərin inkişaf xəttini yeni ideyalarla zənginləşdirən ölkə Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkə­mizin sosial-iqtisadi inkişafı daha sürətli xarakter almış, Azərbaycan regionun ən güclü dövlətinə çevrilmişdir. Bunun nəticəsi olaraq vətəndaşların rifahı xeyli yaxşılaşmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar nəticəsində qazanılmış hərbi potensial şanlı Ordumuzun düşmən üzərində parlaq qələbəsini şərtləndirmişdir. Ali Baş Komandan cənab İlham Əliyev çoxəsrlik tariximizə Zəfər Gününü yazmaqla xalqımıza Qələbə sevincini yaşatdı. Həmçinin ölkə başçısı Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bir daha müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını ifadə etmişdir.
    Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ulu Öndərin əbədiləşmiş ideya və əməlləri ölkəmizi bundan sonra da işıqlı gələcəyə aparacaqdır.

Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası Ədliyyə 
Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri 

Nəşr edilib : 07.12.2023 17:13