AZ EN RU

Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

   Əvvəlcə dahi şəxsiyyətin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub,  Heydər Əliyev Muzeyi ziyarət olunub.
    Naxçıvan Baş Gömrük İdarəsində davam etdirilən tədbirdə idarənin rəisi Vüqar Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətindəki böyük xilaskarlıq missiyasından danışıb.
      Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli Azərbaycanın hərtərəfli tərəqqisi yolunda xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, misilsiz tarixi xidmətlərindən, Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb.
    Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilib.

***

    AMEA Naxçıvan Bölməsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşar lider” mövzusunda elmi konfrans keçirilib.

    Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Natiq çıxışı zamanı Ümummilli Liderin zəngin siyasi irsindən söz açıb, dahi liderin ölkəyə rəhbərliyinin hər iki dövründə Azərbaycanın gələcək inkişafına yönəlik həyata keçirdiyi işlərdən danışıb. Ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb.
    “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan tarixi üçün dəyərli mənbədir. Bu zəngin irs bu gün də, gələcəkdə də ölkəmizin inkişafına töhfələr verəcəkdir”, – deyən akademik AMEA Naxçıvan Bölməsində Ulu Öndərin siyasi irsinin tədqiqi və təbliği ilə bağlı görülmüş və icrası nəzərdə tutulan işlərdən bəhs edib.
    Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, həmin institutun Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov müxtəlif mövzularda məruzələr ediblər.
    Məruzəçilər Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına qayğısından, bütöv Azərbaycan ideyasına xidmət edən söz adamlarına hamiliyindən bəhs edib, milli-tarixi yaddaşın yaşadılması istiqamətində gördüyü işləri və həmin fəaliyyətin bugünkü nəticələrini təhlil ediblər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.12.2023 18:39