AZ EN RU

Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlər keçirilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
   Tədbirdə mədəniyyət nazirinin müavini Həsən Seyi­dov çıxış edərək Ulu Öndərin keçdiyi məsuliyyətli və şərəfli yolun, apardığı mübarizənin, qazandığı nailiyyətlərin hər birimiz üçün qürur mənbəyi, məktəb olduğundan bəhs edib, əbədiyaşar liderin mədəniyyətimizin inkişafı sahəsində müstəsna xidmətlərindən danışıb.
    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yoluna, Onun ideyalarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi tarixinin ən qüdrətli dövrünə, xalqımızı ən böyük qələbəyə yetirdi. 
       Tədbir Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Oruc­əliyevin “Ümummilli Lider Heydər Əliyev və qalib Azərbaycan” mövzusunda çıxışı ilə davam edib. Vurğulanıb ki, fenomenal şəxsiyyət harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər zaman milli maraqları üstün tutur, SSRİ dövründə gələcəyin müstəqil dövlətinin təməlini yaradırdı.
       Sonra tədbir iştirakçıları dünya şöhrətli siyasətçinin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərindən bəhs edən “Xalqa bağışlanan ömür” filmini izləyiblər.
       Anım tədbiri muzeyin ekzpozisiyasına baxışla sona çatıb.  

***

    12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Naxçıvan Muxtar  Respublikasının Turizm Departamentinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

    Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. Baxış  zamanı bildirilib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyətinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 12.12.2023 18:47