AZ EN RU

Ulu Öndərimizin irsi biz gənc nəslin milli-mənəvi dəyəridir

Bu il Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

10 may 1923-cü ildə Naxçıvanda dünyaya göz açan bu böyük şəxsiyyət sadə, zəhmətkeş bir azərbaycanlı ailəsinin övladı olub, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Müstəsna xidmətləri ilə əbədilik qazanan bu dahi rəhbərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi biz gənclərin ibrət məktəbidir.

Tarixdə mühüm hadisələrin baş verdiyi zaman kəsiyi era adlanır. Bu mənada, Azərbaycanın tarixinin 1969-cu ildən bəri olan dövrünü “Heydər Əliyev erası” adlandırmaq olar. Çünki xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Ümummilli Liderimiz Heydər Əliyev xalqın, millətin tarixində dönüş yaratmış görkəmli dövlət xadimidir. Ulu Öndərin hakimiyyətə gəlişi ilə başlamış müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Görkəmli dövlət xadiminin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda hərb sənətinin təməli atıldı, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə olundu, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri tikildi, yollar salındı, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərlərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, Azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Ümummilli Lider Heydər Əliyev “Ədaləti ədalətsizliklə bərpa etmək olmaz”, – deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi. Dahi öndər vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Liderin  dövlətimiz və xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.

Məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan bu böyük şəxsiyyət ikinci dəfə ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram…”, – deyərək O, sözün əsl mənasında, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığını nümayiş etdirdi.

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmləndirdi. Xalqımızın böyük oğlu demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi.

Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi on il ərzində “Siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” qənaətini öz fəaliyyəti ilə təsdiq etdi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi. Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciətindəəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Zaman görkəmli dövlət xadiminin bu inamını təsdiq etdi. Bu gün Prezidentimiz cənab İlham Əliyev öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.

Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni, müasir inkişaf dövrünü yaşayır. Hər birimiz xalqımızın böyük oğlunun dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq üçün  Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.

          Şübhəsiz ki, Ümummili Liderimizin dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Dahi rəhbərin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı və əməlləri Azərbaycan xalqının yolunu işıqlandırır.

Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur sima­larının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq prezidenti Corc Buşun “Şəksiz lider”, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk dünyasının tanınan və sevilən lideri”, Rusiya prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları dahi şəxsiyyətin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş görkəmli dövlət xadiminin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və onun dahi oğlu Heydər Əliyevin adı əsrlərboyu bütün dünyada qoşa səslənəcəkdir.

          Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir. Bu zəngin sərvətin öyrənilməsi üçün konfranslar təşkil olunur, Azərbaycan tarixinin Heydər Əliyev erasında qazanılmış nailiyyətlər, demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndərin irsi barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

 

Adəm İBRAHİMOV

Naxçıvan Dövlət Texniki Kollecinin Telekommunikasiya və kompüter sistemlərinin  informasiya təhlükəsizliyi ixtisası üzrə I kurs tələbəsi

Məqalə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə

keçirilən “Dahilik zirvəsi” esse müsabiqəsinə

təqdim etmək üçündür

Nəşr edilib : 08.05.2023 16:05