AZ EN RU

Ulu öndər təliminin yolumuza saldığı işıq

    Bu gün hər bir azərbaycanlı qəlbən sevinir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda oxuyuruq: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidi”.
    ...İctimai-siyasi baxışları ilə məşhur olan filosof, ictimai xadim A.Bovinin belə bir sözü var: “Hər hansı bir lider konkret ölkədə üzə çıxır, onu başqa cəmiyyətlərdə oxşar situasiyalarda axtarmaq yersizdir. Çünki situasiyadan savayı milli faktor da var”. Bu prizmadan yanaşsaq, qürurlanmağa, fəxr etməyə hər cür mənəvi haqqımız çatır ki, dünya millətləri içərisində doğma Odlar yurdu həm kəmiyyət, həm də keyfiyyət etibarilə ön sırada getmək hüququnun sahibidir. Bunun üçün isə tarixin uzaq qatlarına səfər etmək də lazım deyil. Elə təzadlarla dolu olan dünyamızın şəksiz qəbul etdiyi, misilsiz xidmətləri ilə tariximizə parlaq səhifələr yazmış dahi öndər Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin fövqündə dayanır. Bunu dünyanın bir çox aparıcı dövlətlərinin başçıları da etiraf edir.
    Tarixdə böyük işləri, əməlləri ilə dərin izlər qoymuş şəxsiyyətlərin fövqündə dayanmaq kimi böyük və fövqəlbəşər reytinq qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu böyük reytinqə nail olmaq heç də asanlıqla başa gəlməmişdi. Bu gün haqqında keçmiş zamanda danışmaq çətin olsa da, təskinliyimiz ondadır ki, bu dahi şəxsiyyət ürəklərimizdə əbədi yaşamaq hüququ qazanıb. 
    ...Vətəninin daha da gözəl günlərdə yaşamasını təmin etmək üçün gecəli-gündüzlü fəaliyyət göstərən bu böyük insanda olan enerjiyə dünyanın siyasi xadimləri də həsəd aparırdılar. Bu enerji ömrünü bütünlüklə öz xalqına həsr edən insana verilmiş İlahi vergidir. Xalqımız belə şəxsiyyətlə haqlı olaraq qürur hissi keçirir. Öz şəxsi keyfiyyətləri ilə əsl millilik, vətənpərvərlik, böyüklük, dahilik rəmzi olan Heydər Əliyev xarakteri, ilk növbədə, Azərbaycançılıq xüsusiyyəti ilə açılırdı. Digər insani keyfiyyətlər də məhz bu mənbədən qaynaqlanırdı. Rəhbərlik təcrübəsinin kökü də bunun üzərində qurulmuşdu. Rəhbər üçün ən böyük keyfiyyətlərdən biri, sözün əsl mənasında, milli mentalitetə malik olmaq, zamanı qabaqlamaq bacarığıdır. Ulu öndər Heydər Əliyev hadisələrin gedişini geniş zaman çərçivəsində izləyir və bundan çox uzaqlara gedən nəticələr çıxarırdı. Daha doğrusu, lap uzaq gələcəyi görmək qabiliyyəti var idi bu böyük dühada.
    Hələ sovet quruluşunda tutduğu vəzifələr, qazandığı zəngin təcrübə bu böyük şəxsiyyətdə insanları yaxından tanımaq, onlara harada hansı vəzifəni tapşırmaq qabiliyyəti formalaşdırmışdı. Bu da dahi insanda olan qabiliyyətin nəzərəçarpacaq amilidir. SSRİ adlı nəhəng imperiyanın rəhbərlərindən biri olması, görkəmli siyasi xadimi kimi idarəçilikdə uzun­illik düzgün rəhbərlik metodunun hamı tərəfindən qəbul edilməsi bir daha təsdiqləyir ki, bütün dünyada böyük nüfuz qazanmışdı. SSRİ-nin keçmiş birinci şəxsi olan M.Qorbaçovun qısqanc münasibəti də məhz bundan irəli gəlirdi. Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdan bu böyük şəxsiyyətin Ordubad rayonunun əhalisi ilə görüşündə “Mixail Qorbaçovun yenidənqurma siyasətinə necə baxırsınız?” sualına verdiyi cavab indi də qulaqlarımda səslənir: “Qorbaçovun yenidənqurması? Siz belə düşünürsünüz? Səhvdir. Bu, Qorbaçovun yenidənqurması deyil, onda heç vaxt belə qabiliyyət olmayıb və ola da bilməz. Bu, zamanın yenidənqurmasıdır...” Bu sözlər o vaxt deyilmişdi ki, Qorbaçov hələ hakimiyyət sükanı arxasındaydı. Məhz belə bir vaxtda ulu öndər Heydər Əliyev min bir problem içində boğulan, düşmən hücumlarına hər an tuş gəlmək vəziyyətində qalan doğma torpağa gəlişi ilə muxtar respublika əhalisinin həyata inamını özünə qaytardı.
    “Fəlakətə düçar olan millətin belə anlarda güclü bir şəxsiyyətə ehtiyacı olur. Elə bir şəxsiyyətə ki dağınıq düşmüş, paralanmış ümidləri, ürəklərdə ölmüş mərhəməti, vicdanı, namusu yenidən dirildərək onu şər qüvvələrə qarşı yönəldə bilsin”. Bu müdrik kəlam sanki xalqımız və milli liderimiz Heydər Əliyev haqqında deyilib...
    Dahi rəhbərin böyüklüyünü şərtləndirən amillərdən biri də o idi ki, ulu öndər bütün zamanlar üçün yenidir. Buna görə də dünən də qəbul edilib, bu gün də qəbul edilir, sabah da qəbul edilmək hüququnu qazanıb. Bu böyük insanın fəaliyyətinin mərkəzində həmişə bir məqsəd, bir amal dayanmışdı: Vətən, xalq və onlar qarşısında olan ən müqəddəs borcu, vətəndaşlıq borcunu fədakarcasına yerinə yetirmək.
    “Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən qarşısında övladlıq borcunu hiss etməli, respublikanın qayğıları, problemləri ilə yaşamalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında yalnız güclü, nüfuzlu və müstəqil Azərbaycan dövləti dayana bilər”. Vətən qarşısında övladlıq borcu... Xalqımızın böyük oğlunun hamımız üçün tövsiyə proqram xarakteri daşıyan bu sözləri həyat idealımızdır, bütün fəaliyyətimiz bu istiqamətdə qurulub.
    Övladlıq borcunu yerinə yetirməyi öyrənmək üçün ən böyük qaynaq elə bu böyük insandır – özü bu borcu can-başla yerinə yetirirdi, Müstəqil Azərbaycançılıq ideologiyasının müəllifi dahi Heydər Əliyevin bu istiqamətdəki fəaliyyəti hamımıza nümunədir, ölçüyəgəlməz bu işləri sadalamağa ehtiyac yoxdur, çünki hər addımda rastlaşırıq belə işlərlə.
    Dahi rəhbər təkcə bu günümüzü düşünmür, həm də gələcək nəsillər üçün güclü, müstəqil Azərbaycanın olması dahi şəxsiyyətin ən ümdə amalı idi. Bu isə bizdən sonra gələnlərin taleyinə əsl vətəndaşlıq münasibəti, öz vətəndaşlıq borcuna sadiqlik nümunəsidir. Artıq bütün dünyanın qəbul etdiyi cənab İlham Əliyev ulu öndər siyasi məktəbinin ən layiqli davamçısı kimi görkəmli dövlət xadiminin həyatımızın bütün sahələri üçün müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Canı qədər sevdiyi doğma Azərbaycanı özünün qibləgahı sayan bu böyük şəxsiyyətin hüdudsuz xalq məhəbbəti qazanmasını şərtləndirən cəhətlərdən biri də məhz cənab İlham Əliyev kimi bir siyasətçini yetişdirməsi idi.
    Təkcə bir faktı xatırlamaqla ulu öndərin ideyalarına sadiqliyi göstərən ölkə başçısının 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsi görkəmli dövlət xadiminin ən böyük arzusunun reallaşması, nəticə etibarilə, ərazi bütövlüyümüzün təmin olunması idi. Və postmüharibə dövründə bu torpaqlarda kompleks quruculuq tədbirlərinin həyata keçirilməsi məhz dahi öndərin qurduğu Yeni Azərbaycanın iqtisadi qüdrətinin günü-gündən güclənməsinin bariz ifadəsidir. 
    Adıçəkilən Sərəncamda deyilir: “Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
    Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”.
    Memarı dahi Heydər Əliyevdir müstəqil Azərbaycanımızın. İstiqlalımız yaşadıqca bu müdrik siyasətçinin amalları da yaşayır və yaşayacaqdır. Atatürkün siyasəti Türkiyədə yaşadığı tək. Bu əminlik ona görədir ki, dövlət adlı maşınımızın, titanik gəmimizin sükanı etibarlı əllərdədir. Bu gün onun sükanını məharətlə idarə edən cənab İlham Əliyevin fəaliyyətinin hər detalında bu böyük şəxsiyyətin yaratdığı siyasi məktəbin təlimi dayanır dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına, inkişafına, tərəqqisinə, xalqın yüksək həyat səviyyəsinin təmin olunmasına yönəldilmiş təlim. 

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 06.12.2022 19:05