AZ EN RU

Ulu Öndər Heydər Əliyevin neft strategiyası ilə başlanan uğurlu inkişaf yolu

    Məlumdur ki, neft və təbii qazı  çox vaxt planetimizin qara və mavi qızılı da adlandırırlar. Təsadüfi deyildir ki, bu gün dünyada, eləcə də bizə yaxın bölgələrdə baş verən qaynar hadisələrin arxasında, əsasən, neft amilinin durduğu, hətta siyasətdən uzaq insanlara da bəllidir. Neft amilinin dünya siyasətinə nə qədər güclü təsir göstərdiyini keçən əsrin 70-ci illərinin əvvəllərində baş vermiş məlum hadisələrdən də görmək olar. O vaxtlar Qərb ölkələrinin istəyinin əksinə olaraq  dünyanın əsas neft ixracatçısı olan Yaxın və Orta Şərq ölkələrinin və SSRİ-nin neft hasilatını azaltmaq və onun qiymətini qaldırmaqla bağlı çıxardıqları  qərar həmin Qərb ölkələrində və ABŞ-da uzun müddət davam edən enerji böhranına gətirib çıxarmışdı. Elə son illərdə Rusiya Federasiyasının neft və qaz amilindən istifadə edərək Qərb ölkələrinə göstərdiyi təzyiq, onları özündən enerji asılılığına salması da deyilənlərə bariz misal ola bilər.
    Zəngin karbohidrogen ehtiyatlarına malik respublikamızda müstəqillik əldə edildikdən sonra neft siyasəti həyata keçirilərkən bütün bu amillər nəzərə alınmış, daha rasional yol seçilmişdir. Və bu işdə xalqımızın bəxti onda gətirmişdir ki, ölkəmiz üçün həlledici olan həmin dövrdə dünya şöhrətli siyasi xadim, böyük dövlət adamı, Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmişdi. Həmin dövrlərdə respublikamızda mövcud olan ictimai-siyasi  mənzərə hamımızın gözü önündədir. Müstəqilliyinə yenicə qovuşmuş ölkəmiz saysız-hesabsız problemlərlə üz-üzə qalmışdı. Qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsi təhlükəsinin başımızın üstünü aldığı, total böhranın hökm sürdüyü,  mənfur qonşularımız və onların havadarlarının süni şəkildə yaratdığı Qarabağ münaqişəsi ilə bağlı yaranmış problemlərin üst-üstə yığıldığı bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdı. Ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir tarixi zərurət idi. Məhz belə bir çətin dövrdə dövlətimizin və dövlətçiliyimizin əsasları Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində formalaşdırılırdı.  Hələ o vaxtlar Ulu Öndər söyləyirdi ki, iqtisadiyyatı möhkəm olmayan ölkənin, iqtisadi müstəqilliyi olmayan ölkənin siyasi müstəqilliyindən danışmaq olmaz. Ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmış, çox mühüm iqtisadi və siyasi islahatlar həyata keçirilməyə başlanmışdı. Heç şübhəsiz, onların içərisində ən mühümü və çox böyük tarixi əhəmiyyət kəsb edəni 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Belə ki, Ulu Öndər yaxşı bilirdi ki, neft strategiyasını düzgün qurmadan qarşıya qoyulmuş möhtəşəm siyasi və iqtisadi vəzifələri həyata keçirmək mümkün olmayacaq, bu isə sonda böyük çətinliklər və qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizin itirilməsinə, bizim də mənfur qonşularımız kimi forpost ölkəyə çevrilməyimizə gətirib çıxaracaqdır. Həmin dövrdə Azərbaycana  sərmayə  axınına nail olmaq ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir məsələ idi. Bununla belə yuxarıda göstərilən səbəblərdən, eləcə də şimal və cənub qonşularımızın neft kontraktlarının imzalanmasına cidd-cəhdlə mane olmağa çalışmaları Azərbaycanı dünyada çox riskli bir dövlət kimi tanıtmışdı. Belə bir vəziyyətdə xarici investorların ölkəyə dəvət edilməsi və buna müsbət cavab alınması möcüzə kimi görünürdü. Lakin Ulu Öndərin fövqəladə bacarığı bu möcüzəni reallığa  çevirdi. Sözsüz ki, bu hadisə  Heydər Əliyev siyasətinin çox böyük uğuru idi. Şübhə yoxdur ki, dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət edilməsi onlar üçün lazımi şərait yaradılmadan, qoyulacaq investisiyaların qorunacağına dair etibarlı təminat verilmədən, o cümlədən qanunvericilik sahəsində lazımi addımlar atılmadan mümkün deyildi. Və bütün bu sadalananların öhdəsindən Ulu Öndər Heydər Əliyev layiqincə gələ bildi. Sözsüz ki, onun şəxsi nüfuzu hələ sovet dövründən dünyanın söz sahibi ölkələrində qüdrətli bir dövlət xadimi kimi tanınması bu işdə çox mühüm amillərdən biri olmuşdur. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də yenicə müstəqillik əldə etmiş respublikamız üçün çox böyük tarixi əhəmiyyət kəsb edən bir hadisə – “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın Xəzər sektorunda yerləşən  “Azəri”, “Çıraq”, “ Günəşli” ( AÇG) neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu müqavilə dünyada məşhur olan bir çox neft şirkətləri –“BP” (Böyük Britaniya), “Amoko” (ABŞ),  “Lukoil”  (RF), “Statoil” (Norveç), “Turkish Petrolium”  (Türkiyə), “Unokal” (ABŞ), “İtochuco” (Yaponiya), “Ramco” ( B.Britaniya), “Delta” (S.Ərəbistanı), “Penzoil” (ABŞ) və “Exon” (ABŞ)  şirkətləri ilə Azərbaycan Dövlət Neft  Şirkəti ( ARDNŞ) arasında 30 il  müddətinə imzalanmışdır (2017-ci ilin sentyabr ayında  “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünə düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş  (PSA)  imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı). Bu hadisə, sözün əsl mənasında, Heydər Əliyev neft strategiyasının böyük təntənəsi idi. “Əsrin  müqaviləsi” həm də ona görə tarixi hadisə sayılmalıdır  ki, xarici şirkətlərlə əməkdaşlığımızın ilk təcrübəsi uğurlu olmuşdur. Birinci müqavilədən sonra Azərbaycana maraq artmış, ölkəmiz özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilmişdir ki, bu da sonrakı mərhələlərdə çox vacib idi.
    “Əsrin müqaviləsi” imzalanmaqla Azərbaycanda nəhəng neft siyasətinə başlanmış və bu iş Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
    “Əsrin müqaviləsi” imzalandıqdan cəmi üç il sonra (1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999-cu il) isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri həm də ən mühümü  çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi  (Məlumdur ki, dəmiryol nəqliyyatı vasitəsilə bu işin icrası nisbətən baha başa gəlir və bəzi texniki çətinliklərlə müşayiət olunur). Doğrudur, bu məqsədlə sovet dövründən qalan neft kəmərlərində (Bakı-Novorossiysk, Bakı-Supsa) müəyyən təmir və yenidənqurma işləri aparıldıqdan sonra istifadə edilə bilərdi və edildi də. Lakin Ulu Öndər gözəl bildirdi ki, Azərbaycan neftinin taleyini yalnız həmin kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə böyük problemlər yarada bilərdi. Buna görə də neft kəmərlərinin (sonralar isə həm də qaz kəmərlərinin) şaxələndirilməsinə  (diversifikasiyasına) nail olmaq müstəsna əhəmiyyət kəsb edən bir problem kimi qarşıda dururdu. Bu problemin həlli də Ulu Öndər Heydər Əliyevin neft strategiyasının ən mühüm tərkib hissələrindən biri idi. Şükürlər olsun ki, çoxsaylı, həm də çox ciddi maneələrə baxmayaraq, sonda Ulu Öndərin bu ideyası da reallığa qovuşdu. Təsadüfi deyil ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikintisi və onun istifadəyə verilməsi, elə “Əsrin müqaviləsi” kimi çox möhtəşəm tarixi hadisə sayılır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi BTC-nin tikilib istifadəyə verilməsi təkcə ona görə tarixi hadisə sayılmır ki, o, ilk dəfə olaraq Xəzər dənizinin neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Bölgədəki çox çətin geosiyasi vəziyyətə baxmayaraq, xarici investorlar bu layihəyə də böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları isə öz dəstəyini göstərdilər. Bununla da neft kəmərlərinin şaxələndirilməsi ilə bağlı ideya da reallaşdırıldı. Bu gün artıq üç istiqamətdən nəql edilən neftimiz (BTC əsas istiqamət olmaqla) dünya bazarlarına çox etibarlı şəkildə çatdırılır.
    BTC-nin reallaşması dahi şəxsiyyət Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanın  iqtisadi müstəqilliyinin və bununla həm də siyasi müstəqilliyinin məhək daşına  çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik rol oynamışdır. Sonrakı mərhələlərdə xarici investisiyaların, ən müasir avadanlıq  və texnologiyaların, o cümlədən idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi,  dövlətimizin müəyyən  etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir. Neftdən gələn gəlirlərin sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni iş yerlərinin açılması mümkün olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanların sayı  ilbəil azalmaqda davam edir. Ölkəmizdə ilbəil artan büdcə gəlirləri sosial sahələrin ehtiyaclarının qarşılanmasında əhəmiyyətli  mənbəyə çevrilmişdir. Təhsilə, səhiyyəyə, ordu quruculuğuna, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli  istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli bir  dövlətə çevrilmişdir. Son illər Azərbaycanın təkcə müdafiə sahəsinə ayırdığı büdcə xərcləri təcavüzkar Ermənistanın bütün xərclərindən yüksək olur. Digər tərəfdən, Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi, çatdırılmasında da “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz  möhtəşəm qələbənin təməli də Ulu Öndərin neft  strategiyası ilə qoyulmuşdu. “Əsrin müqaviləsi” həm də Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini bərpa etdi, özünə qaytardı. O, Azərbaycanın bu gününü yaratdı, gələcəyini müəyyən etdi. Həm müasirlərimiz, həm də  gələcək nəsillər üçün Neft Fondunu formalaşdırdı.
    Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq işləri də məhz “Əsrin müqaviləsi”nin imzalanması, Ulu Öndərin neft strategiyasının reallaşması sayəsində mümkün olmuşdu.
    Qeyd etmək lazımdır ki, bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı da sürətlə gedir və buna təkan verən də məhz neft siyasəti, neft strategiyası olmuşdur. Onu da qeyd etmək vacibdir ki, “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu. Belə ki, vaxtilə – 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur  kontraktın sürətlə icra olunmasına xidmət göstərdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə (sovet dövründə) dərin özüllər zavodunu tikdirməsəydi, müqavilənin icrası çox yubana bilərdi. Həmin dövrdə Ulu Öndərin Bakıda neft avadanlıqları zavodunu, neftayırma və neft emalı zavodlarını və digərlərini tikdirməsi, neftlə zəngin yataqların istismarını  ləngidərək gələcək nəsillərə saxlaması da kontraktın imzalanmasına təkan verən amillərdən sayılmalıdır.
     Beləliklə, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qazandığı bütün uğurlarda Ulu Öndər Heydər Əliyev siyasi kursunun və onun tərkib hissəsi olan neft strategiyasının əvəzedilməz rolu olmuşdur. Bu strategiya beynəlxalq birliyin Azərbaycana inamını, etimadını formalaşdıran əsas amildir. Bu həm də iqtisadi amildən siyasi təsir vasitələrinə çevrilərək ölkəmizin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda , eləcə də digər bölgələrdə enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur.
    Bu gün ölkəmizin iqtisadi inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iritutumlu layihələri həyata keçirə bilməsi, büdcə gəlirlərini ildən-ilə əhəmiyyətli dərəcədə artıra bilməsi, müdafiə qüdrətini artırması və İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə çalması  və sair Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində  mümkün olmuşdur. Sonralar respublikamızda qaz əsrinin başlanması, Avropanın enerji  təhlükəsizliyinin təminində oynadığı mühüm rol da Ulu Öndərin neft strategiyası reallaşmadan mümkün olmazdı. Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.

Tofiq Əliyev
 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun direktoru, 
AMEA-nın müxbir üzvü, professor

Nəşr edilib : 20.09.2023 02:06