AZ EN RU

“Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət” mövzusunda tədbir keçirilib

Fevral ayının 28-da Ədliyyə Nazirliyinin Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeydedilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən növbəti tədbir nazirliyin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində keçirilib.

Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  aparatının əməkdaşlarının, cəza çəkən məhkumların iştirakı ilə keçirilən tədbir “Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət” mövzusuna həsr olunub.

Tədbirdə  Xidmətin rəis-müavini vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Əli Rəhimov “Ulu Öndər Heydər Əliyevin cəza-icra siyasəti” barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyevin siyasi kursunun prioritet sahələrindən biri də insan hüquq və azadlıqlarının müdafiəsi idi. Respublikamızda insan, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, eləcə də humanizm siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin keçirilməsi, məhkum olunmuş şəxslərin əfv olunması və ya barələrində amnistya tətbiq olunması, onlara həyatlarını yenidən qurmaları üçün şans verilməsi ənənəyə çevrilmişdir. Ölkəmizdə bu ənənənin təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və onun prezidentliyi dövründə humanizm siyasəti çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər içərisində başlıca yeri onu səyi nəticəsində 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulması, 1998-ci ildə isə bu cəzanın tamamıilə ləğv olunması tutur. Qeyd olunub ki, ulu öndərin prezidentliyi dövründə 32 əfv sərəncamı imzalanmış, 7 dəfə isə amnistya aktı qəbul edilmişdir.

“Cəza siyasətinin humansitləşdirilməsi və insan hüquqları” mövzusunda İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova çıxış edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapması və möhkəmlənməsində gördüyü işlər, bu sahədəki xidmətləri barədə məlumat verib. Vurğulanıb ki, ümummilli lider bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri rəhbər tutmuşdur. Dahi şəxsiyyətin humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan inamını daha da artırmışdır.

Tədbirin sonunda iştirakçılar Ümummilli liderə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı sənədli filmə baxıblar.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2023 17:36