AZ EN RU

Ulu Öndər Heydər Əliyevin izi ilə Naxçıvan turu keçirilir

Bu gün Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə dair turizm marşrutunun təqdimatı olub.
Azərbaycan Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, media nümayəndələrinin, turizm sənayesi nümayəndələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirdə qonaqlar öncə Naxçıvan şəhərində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Daha sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib.
Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında (1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə bu binada Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir) Heydər Əliyev irsinə həsr olunmuş marşrutun media və turizm sənayesi nümayəndələrinə rəsmi təqdimat mərasimi keçirilib.
Təbdirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev, Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış ediblər.
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə iştirakçılar muxtar respublika ərazisində Ümummilli lider Heydər Əliyevin irsi ilə bağlılığı olan məkanlarla tanış olacaqlar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 25.12.2023 13:29