AZ EN RU

“Ulu Öndər Heydər Əliyevin izi ilə” Naxçıvan turu başa çatıb

    Azərbaycan Dövlət Turizm Agentliyinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə keçirilən “Ulu Öndər Heydər Əliyevin izi ilə” Naxçıvan turu başa çatıb.
    Azərbaycan Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, media nümayəndələrinin, turizm sənayesi nümayəndələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən mediaturun son günündə qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. Ardınca mediatur iştirakçıları Ümummilli Liderin təşəbbüsü ilə 1977-ci ildə “qoruq şəhər” elan edilmiş Ordubad şəhərinə səfər ediblər. Burada Qeysəriyyə binası və Ordubad Cümə məscidinə tanışlıq turu təşkil olunub. Daha sonra iştirakçılar şəhərin Sərşəhər meydanında olublar. 
    Qeyd edək ki, ikigünlük səfər çərçivəsində iştirakçıların böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinə, Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasına, tarixən Zaviyə-mədrəsə binası kimi tanınan, Ümummilli Liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər Evinin binasına, o cümlədən “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, Naxçıvan Dövlət Milli Dram Teatrına tanışlıq turu təşkil edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.12.2023 20:13