AZ EN RU

“Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı  Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
    Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov deyib ki, ümummilli lider Heydər Əliyev ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri xalqımızın tarixi yaddaşında daim yaşayacaq, uzaqgörən və müdrik siyasəti və strategiyası uğurlu gələcəyə gedən yollarımızı daim işıqlandıracaq. 
    Dəyirmi masanın moderatoru – Gənclər Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin müəllimi Əziz Qasımov iştirakçıları dəyirmi masanın gündəliyi ilə tanış etdikdən sonra müzakirələr başlanılıb.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Əliyev çıxışında deyib ki, ümummilli lider Heydər Əliyev siyasətinin bəhrələrindən biri də Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik ənənələrinin güclənməsi və real siyasi amilə çevrilməsi olmuşdur. Qüdrətli dövlət xadiminin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün həmişə ən dəyərli mənbədir.
   Sonra Gənclər Birliyinin üzvü, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Ayxan Hüseynli, “Naxçıvan” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Altay Cəfərli çıxış edərək bildiriblər ki, bu gün ölkəmizin tərəqqi meridianlarının mərkəzində məhz ulu öndərimiz Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı məhz ümummilli liderimizin ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olub. Bu dahi insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək hamımızın borcudur.
    Fəal gənclərin fikirləri ilə davam edən dəyirmi masada vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında uğurla davam və inkişaf etdirilir ki, bu da ölkəmizin tərəqqisinə böyük töhfə verir. Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda gənclər üçün geniş imkanlar yaradılmışdır. Azərbaycanda savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması, mühüm dövlət postlarına rəhbər vəzifəyə gətirilməsi kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır. Gənclər dövlət idarəçiliyində irəli çəkilir, mühüm vəzifələr onlara həvalə və etibar olunur.
    Dəyirmi masa gənclərin fikirlərinin dinlənilməsi ilə davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.05.2022 20:09