AZ EN RU

Ulu öndər Heydər Əliyevin həyatının Naxçıvan dövrü – arxiv sənədlərinin dili ilə

Yüz il bundan əvvəl, bir yaz  günü dünyaya göz açan xalqımızın Ümummilli lideri Heydər Əliyev Vətənə və xalqa əvəzolunmaz xidməti ilə, sözün əsl mənasında, doğma Azərbaycanımızı əbədi bahara qovuşdurmuşdur. Tariximizin Heydər Əliyev epoxası müdrik rəhbərin parlaq dühasının, amal və əməllərinin nuruna boyanmış, müstəqil dövlətimizin bu günü də, gələcəyi də ulu öndərin əbədiyaşar siyasi kursunun, şanlı ideyalarının şəfəqlərinə bürünmüşdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə may ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Onun uşaqlıq və gənclik illəri Naxçıvanla bağlıdır. O, Naxçıvan şəhər natamam orta məktəbini bitirdikdən sonra 1936-1937-ci tədris ilində müəllim kadrlarının hazırlanmasında müstəsna xidməti olmuş Naxçıvan İnternasional Pedaqoji Texnikumuna daxil olmuşdur.

Araşdırılan arxiv sənədlərindən aydın olur ki, həmin tədris ilində Naxçıvan Pedaqoji Texnikumuna hazırlıq şöbəsi ilə birlikdə 170 nəfər tələbə qəbul edilmişdir. Bunlardan 30 nəfəri hazırlıq şöbəsinə və 140 nəfər tələbə A, B, C və D qruplarına bölünmüşdür. Ulu öndərimiz “C” qrupunda oxumuşdur. Qrupda Heydər Əliyev ilə birlikdə  Abbas  Əliyev, Həsən Tahirov, Dövlət Məmmədov, Mustafa Əhmədov, Validə  Allahverdiyeva, Hüseyn Məmmədov, Əli Quliyev, Pakizə Abbasova, Kərim Kərimov, Cəmil Rzayev, Abasət İsmayılovun və başqalarının adlarını çəkmək olar . (F.8, s.2, s/v.64)

1936-1939-cu tədris illərində Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu dövrdə dövrünün ən yaxşı müəllimlərindən Tofiq Bektaşi, Murad Tutayuk, Əli Əliyev, Lətif Hüseynzadə, Xədicə Yusifbəyli kimi pedaqoqlardan elmin sirlərini öyrənən Heydər Əliyev məktəbi əla qiymətlərlə bitirmişdir. Bu, Heydər Əliyevə 25 iyun 1939-cu il tarixdə verilmiş 2027 №-li attestatla da öz əksini tapır. Oxuduğu müddətdə tam təqaüd almış, ona verilən xasiyyətnamədə “çalışqan və təmkinli” tələbə olduğu qeyd olunmuşdur. (F.8, s.2, s/v.96)

O dövrdə dərs demiş Lətif Hüseynzadənin sevimli şagirdi ilə bağlı xatirələri çoxdur. O, bu xatirələrindən birini iftixar hissi keçirərək demişdir: “O zaman texnikumda dil və ədəbiyyat dərslərini tədris edirdim. Heydər Əliyev məktəbdə ən savadlı, ən qabiliyyətli tələbələrdən biri idi. Texnikumda tez-tez ekskursiyalar təşkil olunurdu. Qayıdandan sonra o, bu ekskursiyalar zamanı gördüklərini çox gözəl təsvir və nəql edərdi. Maraqlı inşalar yazardı. Bəzi yerlərin çertyojunu, rəsmlərini məharətlə çəkirdi. Düzü, biz müəllimlər onun bu qabiliyyətinə heyran qalırdıq...”

Ulu öndərimiz “İstiqlal” ordenli, “Əməkdar müəllim”  Lətif Hüseynzadəyə həsr olunmuş dövlət tədbirlərinin birində demişdir:

“Pеdаqоji tехnikumdа  bizə Аzərbаycаn dilinin incəliklərini öyrədən, Аzərbаycаn dilinin qrаmmаti­kа­sını, ədəbiyyаtı öyrədən gözəl müəllimlərimiz vаr idi. Аmmа bu müəllimlərin içərisində Lətif Hüsеynzаdə хüsusi yеr tutur… О, sinifdə lövhədə Аzər­bаycаn dilinin qrаmmаtikаsındаn yаzırdı, yəni hər bir sözün düzgün yаzılışını. Bir də Аzərbаycаnın ədəbiyyаtını-şаirləri­mizi, yаzıçılаrımızı öyrədirdi…”

 Heydər Əliyev hələ Naxçıvanda orta məktəbdə oxuduğu illərdə, daha sonrakı təhsil illərində də yalnız “əla” qiymətlərlə oxumuş,  həmişə də öz müəllimlərinə böyük hörmət və ehtiramla yanaşmış, onları daim minnətdarlıqla xatırlamışdır:  “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm…”

Ümummili liderin gənclik dövrü, tələbəlik illəri və həmin dövrdə onun öz müasirləri arasında liderlik xüsusiyyətləri ilə necə seçildiyi ilə bağlı sənədlərə nəzər salarkən 1936-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda Heydər Əliyevlə  birlikdə təhsil almış  Həsən Tahirovun  xatirələrinə rast gəlirik:

“1936-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunun tələbələri kimi keçirdiyimiz günlər, acılı-şirinli duyğular, çətin günlərdə Heydər Əliyevdən gördüyümüz yaxşılıqlar indi bir-bir gözlərim önündə canlanır. Texnikumda təhsil alanların əksəriyyətindən fərqli olaraq o, ətraf rayonlarda deyil, məhz Naxçıvan şəhərində anadan olmuş və burada yaşayırdı. Yoldaşlarımız arasında baş verən hər hansı münaqişəni tezliklə və ədalətlə aradan qaldırırdı. Heydər Əliyev yeniyetmə olmasına baxmayaraq, özünü elə aparırdı ki, hamıya hər sözünün, hər hərəkətinin yerini bilən insan təsiri bağışlayırdı. Buna görə də özünə qarşı hamımızda bir heyranlıq yaratmışdı. Ən yaxşı cəhətlərindən biri o idi ki, bütün qrup yoldaşlarına, texnikumun başqa kurslarında oxuyanların hamısına eyni münasibət bəsləyirdi. Dərs oxumağı ilə nümunə göstərirdi. Güclü yaddaşı və məntiqi ilə onu tanıyanlarda, tələbə və müəllimlərdə təəccüb doğururdu. Sadə geyinirdi, səliqəli görünürdü. Təmkinli, dərrakəli və ağıllı idi. Dərslərinə ciddi hazırlaşırdı. Yoldaşlarına da yaxından kömək edirdi. Sanki dünyaya insanlara kömək etmək  üçün gəlmişdi. Yalana, riyakarlığa nifrət edirdi, ədalətsizliyi bağışlaya bilmirdi. Bu da onun təbiətindən doğurdu.

...1937-ci ilin sentyabrı idi. Qardaşlarım Hüseyn və Əhməd də texnikumda mənimlə birgə təhsil alırdılar. Bir gün direktor bizi yanına çağırıb dedi ki, bu gündən etibarən sizə pulsuz yemək verilməyəcək. Dərhal vəziyyətin nə yerdə olduğunu anladım. Atam Məşədi Əli repressiya qurbanı olduğundan biz də “xalq düşməni”nin oğulları idik. Çox çətin vəziyyətə düşmüşdük. Atamızı repressiyanın qurbanlarından biri kimi damğalayaraq güllələmişdilər (ona yalnız 1956-cı ildə bəraət verildi). Əlimiz hər yerdən üzülmüşdü. Heydər Əliyev vəziyyətin nə yerdə olduğunu bilən kimi işə qarışdı. Ertəsi gün onunla texnikumun qarşısında görüşəndə dedi ki, bu gündən sizə yemək verəcəklər. Heydər Əliyevin müəllimlər arasındakı hörməti bizi çox çətin vəziyyətdən çıxardı. Bu yaxşılığı heç vaxt unutmayacağam. O dövrdə müəllimlərimiz Heydər Əliyevə deyirdilər ki, sən gələcəyin dahi şəxsiyyətlərindən olacaqsan, Naxçıvanın, Azərbaycanın adını ucaldacaqsan. Texnikumda bizə çox savadlı müəllimlər dərs deyirdilər. Hərbi rəhbərimiz Akim Abbasov idi. Lətif Hüseynzadə, Cəlil İsgəndərli ədəbiyyat, Tofiq Bektaşi riyaziyyat, Əsəd Cəfərli anatomiya, Həsən bəy Qazıyev rus dili, Əsgər Əhmədov isə kimyanı tədris edirdi. Bütün müəllimlərimiz Heydər Əliyevin xətrini çox istəyir və onu daim tələbələrə nümunə göstərirdilər. O, istisnasız olaraq bütün fənləri əla oxuyurdu. Ona hələ 13 yaşında müəllimlərimiz “general” deyirdilər. Onun iti məntiqi qarşısında heç kəs dayana bilməzdi. Hərbçilik qabiliyyətinə isə söz ola bilməzdi. Bundan əlavə, həvəskar teatrda da çalışırdı, tamaşalarda adətən baş rolları oynayır, xalq qəhrəmanı obrazlarını canlandırırdı. İdmanla da məşğul olurdu.

Sinəsi şirin xatirələrlə dolu olan Həsən müəllim qazandığımız hər bir uğura görə Ümummilli Liderimizə borclu olduğumuzu dönə-dönə təkrarlayaraq əlavə etmişdir: “Texnikumda birlikdə oxuduğu yoldaşlarının Ulu Öndərimizlə bağlı dedikləri əsasında belə bir fikir formalaşır: “Pedaqoji texnikumu əla qiymətlərlə bitirərkən hamımız bilirdik ki, Heydər Əliyev çox böyük adam olacaq”.

Texnikumu bitirdikdən sonra Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa vurmağa imkan verməmişdir. Arxiv sənədlərindən məlum olur ki, müdrik rəhbərin xalqa, Vətənə misilsiz xidmət nümunəsi olan möhtəșəm əmək fəaliyyətinin də ilk səhifələri Naxçıvanla bağlıdır. 15 oktyabr 1941-ci ildə Naxçıvan MSSR Daxili İşlər Xalq  Komissarlığının Arxiv şöbəsi üzrə 80 nömrəli əmrə əsasən və Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının razılığı ilə (baş leytenant, yoldaş Quliyev) Əliyev Heydər Əlirza oğlu Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının Mərkəzi Dövlət Arxivinə elmi işçi vəzifəsinə qəbul edilmişdir. (F.314, s.2, s/v.1)

 6 iyun 1942-ci ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığının baş leytenantı yoldaş Quliyevin sanksiyasına əsasən elmi işçisi Heydər Əliyev Mərkəzi Dövlət Arxivinin məxfi şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. (F.314, s.2, s/v.4)

3 iyun 1943-cü ildə Naxçıvan MSSR Hərbi Komissarlığının rəsmi məktubuna və Naxçıvan MSSR Daxili İşlər Nazirliyi Xalq Komissarlığının razılığına əsasən 22 nömrəli əmrlə (mayor yoldaş Nağıyev) Dövlət Arxivinin məxfi şöbəsinin müdiri Heydər Əliyev hərbi xidmətə çağırışla əlaqədar tutduğu vəzifədən azad olunur. (F.314, s.2, s/v.3)

Daha sonra 14 iyul 1943-cü ildə Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığı nəzdində 45 nömrəli əmrlə Dövlət Arxivinin keçmiş işçisi Heydər Əliyev müvəqqəti Naxçıvan MSSR Xalq Komissarları Soveti ümumi şöbənin müdiri təyin edilmişdir. (F.2, s.2, s/v.20)

 17 may 1944-cü ildə isə başqa işə keçdiyi üçün 27 nömrəli əmrlə Heydər Əliyev Naxçıvan MSSR Xalq Komissarlar Sovetinin ümumi şöbənin müdiri vəzifəsindən azad edilir. Bundan sonra o, dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. (F.2, s.2, s/v.21)

Ulu öndər Heydər Əliyev hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq, daim Vətən və xalq üçün çalışmış, son dərəcə böyük, taleyüklü məsələlərin öhdəsindən məharətlə gəlmişdir. Xalqımız qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi hər birimiz üçün böyük məktəbdir və Azərbaycan xalqı var olduqca, Ulu Öndər də var olacaqdır.

İstifadə olunmuş ədəbiyyat:

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi,

fond-2, siyahı-2; fond-8, siyahı-2; fond-314, siyahı-2,11;

“Şərq qapısı” qəzeti.

Naxçıvan Muxtar Respublikası

Dövlət Arxiv İdarəsinin əməkdaşları:

    Aygün Həmzəyeva, Günel Hüseynova

Nəşr edilib : 05.04.2023 17:53