AZ EN RU

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə

(1969-1982-ci illər) Şərur rayonunun sosial-iqtisadi inkişafı

    Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il plenumunda görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında sosial-iqtisadi inkişafında dönüş nöqtəsinin təməli qoyuldu. Həmin gündən az sonra – 1969-cu il avqustun 5-də keçirilən Azərbaycan KP MK-nın plenumunda əvvəlki illərdə baş vermiş nöqsanlar tənqid olundu və bu plenum dönüş plenumu kimi yaddaşlarda qaldı. Çox qısa bir müddətdə yeni inkişaf strategiyası üzrə proqramlar işlənib hazırlandı və onların yerinə yetirilməsi yolları müəyyənləşdirildi.

    1970-1985-ci illərdə respublikanın sosial-iqtisadi inkişafını təmin etmək və daha da sürətləndirmək məqsədilə 2 mərhələdə həyata keçiriləcək tədbirlər planı qəbul edildi. İlk növbədə, 1970-1975-ci illəri əhatə edən birinci mərhələdə iqtisadiyyatın bütün sahələrində mövcud potensialı hərəkətə gətirmək və bütövlükdə, sosial-iqtisadi inkişafı sürətləndirmək vəzifəsi qarşıya qoyuldu. 1976-1985-ci illəri əhatə edən 2-ci mərhələdə iqtisadiyyatın bütün sahələrini səmərəli və kompleks inkişaf etdirmək, strukturunda Azərbaycanın ittifaq əmək bölgüsündə geniş iştirakını təmin edəcək sahələrin üstün inkişafı istiqamətində dəyişikliklər edilməsi, neft maşınqayırması və neft emalının yeni texniki baza üzərinə keçirilməsi və istehsal olunan məhsulun keyfiy­yətinin yüksəlməsi strateji vəzifə olaraq gündəmə gətirildi. 
    Həmin illərdə Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı geniş islahatlar proqramı Şərur rayonundan da yan keçməmişdir. O dövrdə bu bölgənin iqtisadiyyatının inkişaf etdirilməsində vacib sahələrdən biri tütünçülük olmuş və burada tütün əkilən sahələr xeyli genişləndirilmişdir. Lakin bir sıra səbəblər üzündən bölgədə tütün istehsalı və dövlətə satışı planını tam yerinə yetirmək mümkün olmamışdır. 
    Doqquzuncu beşillikdə rayonda kənd təsərrüfatının inkişafı öz çoxşaxəliyi ilə diqqəti cəlb edir. Həmin illərdəki mətbuat səhifələrində bu barədə məlumatlar əks olunurdu. “Şərq qapısı” qəzeti 1976-cı il 15 fevral tarixli sayında yazırdı: “1971-1975-ci illərdə Naxçıvan və Şərur rayonlarının kənd əməkçiləri taxıl istehsalında və dövlətə satışında fərqlənmişlər”. Rəqəmləri müqayisə etdikdə taxılçılıqda muxtar respublika üzrə taxılın hər hektarından məhsuldarlığın ən yüksək səviyyəsinin Şərur rayonunda əldə edildiyi məlum olur. Belə ki, 1980-ci ildə taxılın hər hektarından məhsuldarlıq bu bölgə üzrə 30,7 sentner təşkil etmişdir. 
    Qeyd edək ki, Sov.İKP-nin XXIV Qurultayının qərarlarında qarşıya qoyulan mühüm vəzifələrdən biri də heyvandarlığın inkişaf etdirilməsi məsələsi idi. Buna görə rayonun maldarlığın inkişafına dair planlarının artırılması nəzərdə tutulmuşdu. “Şərq qapısı” qəzetinin 1976-cı il 29 aprel tarixli sayındakı məlumatdan aydın olur ki, rayonda hər inəkdən 1,061 kiloqram süd sağılmışdır ki, bu da 1973-cü ilin müvafiq dövrünə nisbətən bölgə üzrə 157 kiloqram çoxdur. Onuncu beşillik illərində rayonda süd istehsalı sahəsində yüksək göstəricilər əldə edən təsərrüfatların və əmək adamlarının sayı bir qədər də artmışdır. 
    Rayonun üzümçüləri də 1974-cü ildə üzümçülük sahəsində daha parlaq qələbələr qazanaraq dövlətə üzüm satışı planlarını artıqlaması ilə yerinə yetirmişlər. Həmin il dövlətə 23624 ton üzüm satılıb. Bu dövrdə rayonda üzümçülüyün ixtisaslaşdırılması və intensivləşdirilməsi sahəsində geniş miqyasda işlər görülüb. 
    Tarixçi-alim X.Hüseynov yazır: “Onuncu beşillikdə muxtar respublikanın əksər bölgələrində, o cümlədən Şərur rayonunda da bağçılıq və meyvəçilik sahəsində məhsuldarlığı artırmaq, intensiv bağçılığı inkişaf etdirmək və ixtisaslaşdırmaq üçün 1979-cu ildə rayonda 3 yeni meyvəçilik sovxozu təşkil olunmuşdu. Həmin sovxozlarda 725 hektar palmet bağları salınmışdı. Rayonda bağların hər hektarından 5,5 sentner məhsul əldə edilmişdir”.
    XX yüzilliyin 70-80-ci illərində ölkəmizin hər yerində olduğu kimi, Şərur rayonunda da mühüm dəyişikliklər baş vermiş, iri sənaye sahələri yaradılmış, bəzi müəssisələr yenidən qurulmuşdur. 1978-ci ildə rayonda istehsal damazlıq birliyi yaradılmışdır. 
    Onuncu beşillikdə Şərur rayonunda müxtəlif irriqasiya-meliorasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Həmin illərdə Arpaçay Su Anbarı tikintisinin, onun sağ və sol sahil kanallarının başa çatdırılması planlaşdırılırdı.
    Ötən əsrin 60-70-ci illərində muxtar respublikanın kolxozlarının torpaqları Şərur rayonu üzrə ümumi ərazinin 55,7 faizini təşkil edirdi. Həmin illərdə muxtar respublikada kənd təsərrüfatına yararlı olan 148149 hektar torpaq sahəsinin 37699 hektarı Şərurda yerləşmişdi. Regionun torpaq sahələri həm də öz münbitliyi və məhsuldarlığı ilə fərqlənirdi.
    Rayonun kənd təsərrüfatının su ilə təchiz olunması məsələsini həll etmək məqsədilə Şərqi Arpaçay üzərində 30 milyon kubmetr həcmində su tutan “Dəvə ölən” Su Anbarını inşa etmək, Fərhad arxı baş kanalını uzatmaq, Arazdəyən kanalını çəkmək, Arxaşan kanalını bərpa etmək və yenidən qurmaq və digər su təsərrüfatı tədbirlərini yaxın gələcəkdə həyata keçirmək nəzərdə tutulmuşdu. Həmin tədbirlərin ən geci 10-12 il müddətində həyata keçirilərək reallaşdırılması planlaşdırılmışdı. Eyni zamanda nəzərdə tutulmuşdu ki, “Qıvraq”, “Qarabağlar”, “Şahtaxtı” və başqa su anbarları tikilsin, 1940-cı ildə tikilən Arazdəyən-Şərur kanalı təmir edilsin, Sədərək kəndində artezian quyusu qazılsın.
    Həmin illərdə rayonda arx və kanalların çəkilişinə, torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılmasına dövlət tərəfindən yönəldilən vəsait yetərincə artırılmışdı. Bunun nəticəsində bölgədə Yuxarı Sovxoz kanalı çəkildi və bu kanalın suyu ilə yüzlərlə hektar xam torpaq suvarıldı. Sədərək kanalının çəkilməsi, ümumilikdə, muxtar respublikanın su ehtiyatının artmasını təmin etdi. Qeyd edək ki, Sədərək həmin illərdə Şərur rayonunun tərkibinə daxil idi.
    1971-1975-ci illərdə Arpaçay su qovşağının tikintisinə 11,4 milyon manatdan çox vəsait xərclənmişdir. Bu tikintinin sürətləndirilməsi və tezliklə başa çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirilmiş, xeyli işçi qüvvəsi səfərbərliyə alınmışdı. 
    1974-cü ilin oktyabrında muxtar respublikaya gələn Ulu Öndər Heydər Əliyev Arpaçay su qovşağının tikintisinə baş çəkmiş, tikintinin tezliklə yekunlaşdırılması üçün tapşırıqlar vermişdi. Araz su qovşağında da olan Ümummilli Liderimiz Naxçıvançay üzərində Vayxır dəryaçasının yaradılması və Əlincəçay suvarma sisteminin qurulması haqqında da planların olduğunu nəzərə çatdırmışdı. 
    1978-ci ilin oktyabrında yenidən muxtar respublikaya gələn Ulu Öndər Azərbaycanın müvafiq qurumları qarşısında 1979-cu ilin mayınadək Arpaçay kompleksinin tikintisində yarımçıq qalmış işlərin başa çatdırılması və kompleksin istifadəyə verilməsi, aşağı su buraxıcı qurğunun və sağ sahil kanalının çəkilişinə başlanması kimi yeni vəzifələr qoydu. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin partiya təsərrüfat fəalları ilə keçirdiyi görüşdən dərhal sonra yenidən Arpaçay dəryaçasına gələrək tikintinin tezliklə istifadəyə verilməsi ilə bağlı öz tapşırıq və tövsiyələrini verməsi bu tikinti kompleksinin Şərur rayonu üçün çox mühüm əhəmiyyət kəsb etdiyini göstərirdi. 1980-ci ilin mayında Ulu Öndər növbəti dəfə Arpaçay dəryaçasının vəziyyəti ilə maraqlanmış, su obyektlərinin tikintisini sürətləndirməyin mühüm vəzifə olduğunu vurğulamışdı.
    O illərdə rayonda sənayedə də əsaslı dönüş baş verdi. Həmin illərdə sənaye sahəsi üzrə ixtisaslı mütəxəssislərin sayı artırılmağa başladı. Bu illərdə Şahtaxtı (Şahtaxtı da o illərdə Şərur rayonunun tərkibinə daxil idi) daş karxanası tikilib istifadəyə verilmiş, Şərur konserv zavodunun, yeni dəmir-beton məmulatı müəssisələrinin tikintisinin başa çatdırılması həyata keçirilmişdi.
    Gümüşlü qurğuşun-sink dağ-mədən sənaye müəssisəsinin ötən əsrin 70-80-ci illərində də nailiyyətləri olmuşdur. 1968-ci ildən başlayaraq 1973-cü ilədək beş il müddətində Gümüşlü dağ mədənində təkmilləşdirilmiş texnologiya tətbiq edilmişdir. Bu texnologiyanın tətbiqindən sonra qurğuşun-sink istehsalı daha da artırılmış və minlərlə ton filiz istehsal edilmişdi. Bu nailiyyətlər sonrakı illərdə də davam etmişdir. 
    Bölgənin çoxsahəli sənaye sahələrindən biri də yeyinti sənayesidir. 1970-1985-ci illərdə rayonda şərab zavodları tikilib istifadəyə verilmişdir. 1973-cü ildə Sədərək (Sədərək həmin illərdə Şərur rayonun tərkibinə daxil idi) İbadulla kəndi Dimitrov adına üzümçülük sovxozlarında hər birinin istehsal gücü 10 min ton olan şərab zavodları tikilib istifadəyə verildi, mövcud müəssisələrdə yenidənqurma işləri aparıldı.
    Rayonun Şahtaxtı kəndində istehsal olunan yüksəkkeyfiyyətli travertin üzlük piltələri metro, kinoteatr, inzibati binaların tikintisində və sair yerlərdə işlədilirdi. Bu keyfiyyətli və qiymətli tikinti sənaye materialı təkcə Azərbaycanın müxtəlif bölgələrinə deyil, həm də keçmiş SSRİ-nin bir sıra respublikalarına və xarici ölkələrə göndərilirdi. Misal üçün təkcə 1983-cü ildə istehsal olunmuş 27,6 min kubmetr travertinin 10 min kubmetri Moskva, Leninqrad, Minsk, Daşkənd və Soçi şəhərlərinə ixrac edilmişdi. 1985-ci ildə 47,7 kubmetr istehsal olunmaqla, həmin şəhərlərə travertin bloku ixracı daha da artmışdı. 80-ci illərin II yarısında bu tikinti materialının istehsalı daha artırılmışdı ki, bu da 70-ci illərdə həyata keçirilən tədbirlərin sayəsində mümkün olmuşdur.

    Ulu Öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün də mövcud iqtidarın xalqla monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Bunu da qeyd edək ki, dövlət başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi dövründə təməlini qoyduğu inkişaf strategiyasının müasir dövrümüzdə daha da geniş vüsət alacağını hədəfləndirir. Təbii ki, Şərur rayonu da bundan xeyli bəhrələnəcək. 

Yaşar RƏHİMOV
tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 13.07.2023 20:25