AZ EN RU

Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən bəhs edən konfrans

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, xüsusilə bu fəaliyyətin Naxçıvan dövrünün tariximizə bəxş etdiyi mühüm tarixi günlərdəndanışıb. Vurğulanıb ki, ötən əsrin 90-cı illərində ölkəni düşdüyü çətin vəziyyətdən qeyri-adi idarəetmə bacarığına malik dövlət xadimi xilas edə bilərdi. Belə bir rəhbər Heydər Əliyevdən başqası ola bilməzdi.

 “Heydər Əliyev İli” çərçivəsində AMEA-da, eləcə də Naxçıvan Bölməsində nəşr olunan əsərlərdən söz açan akademik diqqətə çatdırıb ki, il ərzində bölmədə Ulu Öndərə həsr olunmuş 2 monoqrafiya, 1 kitab və ikicildlik konfrans materialları çapdan çıxıb.

Konfrans öz işini elmi məruzələrin təqdimatı ilə davam etdirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Heydər Əliyevin Naxçıvana gəlişi və Ali Məclisin Sədri seçilməsi”, Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi qərarları”, Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Heydər Əliyev və Naxçıvanın müdafiəsi” və böyük laborant Səfər Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” mövzusunda məruzə ediblər.

Məruzələrdə ötən əsrin 90-ci illərində ölkədə hökm sürən ictimai-siyasi vəziyyətdən, Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi ilə ölkənin firəvan gələcəyi naminə gördüyü işlərdən, qəbul olunan tarixi qərarlardan bəhs olunub. Heydər Əliyevin idarəçilik səriştəsi sayəsində rus qoşunlarının Naxçıvan ərazisindən çıxarılması, Naxçıvanın hərbi, iqtisadi və siyasi müdafiəsi ilə bağlı görülən işlər, ordu quruculuğu sahəsində atılan addımlar və muxtar respublikanın Heydər Əliyev siyasi xəttinə əsaslanan bugünkü inkişafı ilə bağlı geniş məlumat verilib, təhlillər aparılıb.

Sonda maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 22.11.2023 15:33