AZ EN RU

Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

    Naxçıvan Dövlət Universitetində 12 dekabr –  ümummillli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru Elbrus İsayev dahi şəxsiyyətin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. Qeyd edilib ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Görkəmli dövlət xadiminin hakimiyyətinin hər iki dövründə Azərbaycan xalqına qazandırdığı uğurlar diqqətə çatdırılıb. Bildirilib ki, bu gün qələbə sevincimizin əsası məhz ümummilli liderimizin apardığı böyük islahatların, iqtisadi dirçəlişin, aparılan xarici siyasətin nəticəsində qoyulub. Rektor vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 2002-ci il 12 iyun tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif vaxtlarda, ümumilikdə, 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, muxtar respublikada ali təhsilin inkişafı naminə böyük xidmətlər göstərib. 
    Bildirilib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Zəfər Yolu ilə möhtəşəm uğurlara doğru inamla addımlayır.
    Rektor Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyi, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyəti barədə danışıb. “Zamanı qabaqlayan dahi – ümummilli lider Heydər Əliyev” mövzusunda çıxışında Hüquq fənləri kafedrasının dosenti, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli ümummilli lider Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi haqqında danışaraq respublikanın bugünkü inkişafının dahi şəxsiyyətin adı ilə bağlı olduğunu qeyd edib.Vurğulanıb ki, Azərbaycanı qalibiyyətə qovuşduran gələcəyə doğru inamla addımlamasını təmin edən Heydər Əliyev ideyalarının təbliğatçısı olmaq hər birimiz üçün qürur mənbəyidir. 
    Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ələkbər Cabbarlı “Ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinin Naxçıvan dövrü” adlı çıxışında bildirib ki, bəhs olunan dövrdə qəbul edilmiş tarixi qərarları müstəqilliyə gedən yolun başlanğıcı kimi qiymətləndirmək olar. Diqqətə çatdırılıb ki, ulu öndərin xilaskarlıq missiyası Naxçıvandan başlayıb, Azərbaycanının bütün bölgələrini əhatə edib. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. 

Səadət ƏLİYEVA

Nəşr edilib : 09.12.2022 19:03