AZ EN RU

“Ulu öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şərur şəhərində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şərur Rayon İcra Hakimiyyəti ilə birlikdə “Ulu öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda tədbir keçirib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın, şəhidlərin, əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, eləcə də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Şərur Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov tədbirin mahiyyətindən və Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli və nəsillərə örnək həyat yolundan geniş şəkildə bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu tarixə nəzər salarkən ömrünü şərəf və ləyaqətlə yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş dahi rəhbəri görürük. Ulu öndər Heydər Əliyevin ictimai və siyasi fəaliyyətini araşdıran hər kəs, onun necə qüdrətli, hərtərəfli şəxsiyyət olduğunun şahidinə çevrilir. Müxtəlif peşəli, geniş dünyagörüşlü insanların, həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün də gənclərə nümunədir. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. K.Babayeva bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında formalaşan ailəsi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və qoruyucusu olmuşdur. Bu ailə milli mentalitetimizə uyğun şəkildə tərbiyə almış, təhsili, davranışı, elmlərə maraq göstərməsi, Vətənə bağlılığı ilə Azərbaycan xalqının mənəvi və əxlaqi dəyərlərinə söykənmişdir. Bu gün böyük iftixarla söyləyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, örnək ailə modelini ulu öndər Heydər Əliyevin ailəsindən nümunə götürür.
Sonra Yeni Azərbaycan Partiyası Şərur Rayon təşkilatının gənc üzvü Ülkər Məmmədova mövzu ətrafında çıxış edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə  hazırlanan  “Azərbaycana həsr edilən ömür” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 06.11.2023 17:49