AZ EN RU

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş fotosərgi keçirilib

    Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu tərəfindən Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi keçirilib.

    Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Türkiyə və Azərbaycan qardaşlıq münasibətlərinin ən yüksək dövrünü yaşayır. Rəssamlar Birliyi bu əlaqələrə öz töhfəsini verməyə çalışır. Bugünkü fotosərgimiz də keçmişdən bu günə keçdiyimiz çətin, lakin qürurlu tarixi yolu, “Ümüd” körpüsünün açılışından olan kadrları özündə əks etdirir.  
    Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya bildirdi ki, 2023-cü il Türkiyə və Azərbaycan üçün böyük mənəvi mahiyyət ifadə edir. Bu il Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Ulu Öndər Heydər Əliyevin 100 illiyi təntənəli şəkildə qeyd olunur. Bu gün təməli möhkəm atılan addımlar sayəsində Azərbaycan özünü daha da inkişaf etdirib.
    Türkiyənin İğdır Vilayətinin Azərbaycan Evinin sədri Ziya Zakir Arac qeyd edib ki, İğdırda keçirdiyimiz sərginin davamı olaraq bu sərgidə iştirak edirik. Türkiyə və Azərbaycan çətin günlərdən keçib, lakin buna baxmayaraq, həmişə birlik olmağı bacarıblar.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Universitetinin rektoru Anar Kazımov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər.
    Sonda Azərbaycanın Əməkdar Rəssamı Fikrət Babayevin hazırladığı şəhid qəhrəman Zülfü Rzayevin portreti ailəsinə təqdim edilib.

Sərgidə 45 foto nümayiş olunub. 

 Bülbül Quliyeva

Nəşr edilib : 27.11.2023 19:51